Yaxın Şərqi gərginliyə sürükləyən müharibə yeddinci günündə də davam edərkən, ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kupr müzakirələrə səbəb olan açıqlama verib. 

O bildirib ki, ABŞ İranın istifadə etdiyi pilotsuz uçuş aparatlarının (PUA) texnologiyasını ələ keçirərək onları tərsinə mühəndislik yolu ilə təhlil edib və daha təkmil formada yenidən istehsal etməyə başlayıb.

Məlumata görə, ötən həftə sonu İsrail və ABŞ tərəfindən İran əleyhinə başladılan hücumlar artıq yeddinci günündə də davam edir. ABŞ tərəfi İranın raket arsenalının təxminən 60 faizinin, raket buraxılış qurğularının isə 64 faizinin zərərsizləşdirildiyini iddia edir. İran isə buna cavab olaraq İsrail və Körfəz regionundakı hədəflərə hücumlarını davam etdirir.

Bildirilir ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının gündəlik xərci təxminən 900 milyon dollara yüksəlib. Ekspertlərə görə, İranın döyüş meydanındakı əsas üstünlüklərindən biri isə nisbətən ucuz qiymətə istehsal olunan pilotsuz uçuş aparatlarıdır.

Admiral Bred açıqlamasında qeyd edib ki, İranın kamikadze tipli PUA-larının dizaynı ələ keçirilib və hərtərəfli şəkildə araşdırılıb. Onun sözlərinə görə, bu texnologiya artıq ABŞ tərəfindən də istehsal edilir.

“PUA-ları sökərək ətraflı şəkildə araşdırdıq və dizaynlarını tam öyrəndik. Daha sonra onların üzərinə Amerika etiketi qoyaraq yenidən istehsal etdik və döyüş meydanında istifadə etməyə başladıq”, – deyə Kupr bildirib.

ABŞ komandanı əlavə edib ki, hazırda İrana qarşı əməliyyatlarda İran dizaynı əsasında hazırlanmış kamikadze dronlardan da istifadə olunur.

"AzPolitika.info"