ABŞ ilə İran arasında davam edən hərbi qarşıdurmanın genişlənərək III dünya müharibəsinə çevrilməsi ehtimalı beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Ekspertlər bildirirlər ki, belə bir ssenari baş verərsə, region ölkələri, o cümlədən Azərbaycan üçün yeni siyasi, iqtisadi və ən əsası, təhlükəsizlik çağırışları yarana bilər.
Belə bir qlobal qarşıdurma şəraitində Azərbaycan öz təhlükəsizliyini və milli maraqlarını necə təmin edə bilər? III dünya müharibəsi baş verəcəyi təqdirdə, Azərbaycanın bu qlobal qarşıdurma şəraitində rəsmi mövqeyi və siyasi davranış xətti necə formalaşa bilər?
Mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq İlyas Hüseynov “AzPolitika”ya açıqlamasında bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi müdaxiləsi, eləcə də İranın cavab tədbirləri regional və geosiyasi məkanda ciddi problemlərə yol aça bilər.

Onun sözlərinə görə, bir sıra mütəxəssislər artıq hərbi-siyasi blokların, koalisiyaların formalaşdığını qeyd edirlər: “Xüsusilə İranın körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarına raket hücumları bir neçə məqsədə yönəlmişdir. Belə ki, İrana qarşı hərbi müdaxilənin həmin ölkələr tərəfindən dayandırılması və ABŞ ilə İsrailə təzyiqlərin artırılması hədəflənir. Digər tərəfdən, İran bununla öz gücünü, hərbi qüdrətini və müqavimət qabiliyyətini nümayiş etdirməyə çalışır.
Ali dini liderin qətlə yetirilməsindən sonra İran bu siyasi xətti daha da genişləndirir. SEPAH mənsublarının mövqeyi də ondan ibarətdir ki, İran hakimiyyətini qorumaq və adekvat cavablar vermək zəruridir. Hərbi müdaxilədən əvvəl də İran tərəfi bildirmişdi ki, cavab addımları gecikməyəcək və regiondakı ABŞ hərbi bazaları hədəf alınacaq”.
İ.Hüseynov qeyd edir ki, bununla yanaşı, Azərbaycana yönəlik müxtəlif fikirlər də səsləndirilir. Əgər hərbi blokların və koalisiyaların genişlənməsi baş verərsə, Azərbaycanın hansı addımı atacağı məsələsi gündəmə gəlir: “Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olması və hərbi-siyasi bloklara qoşulmamaqla bağlı məsuliyyətli mövqeyi ölkənin xarici siyasət addımlarını proqnozlaşdırmağa imkan verir. Eyni zamanda Prezident İlham Əliyevin İranın Azərbaycandakı səfirliyini ziyarət etməsi və Ali dini liderin həlak olmasından sonra xatirə kitabına ürək sözlərini yazması dostluq və mehriban qonşuluq siyasətindən irəli gələn addım kimi qiymətləndirilir. Azərbaycan regional sülhü, təhlükəsizliyi və sabitliyi prioritet hesab edir və bu istiqamətdə təşəbbüsləri dəstəkləyir”.
Politoloq vurğulayıb ki, Azərbaycanın xarici siyasəti beynəlxalq sülhün və əmin-amanlığın qorunmasına yönəlib: “Bu baxımdan Azərbaycan bütün beynəlxalq münaqişələrin və ziddiyyətli vəziyyətlərin danışıqlar və sülh yolu ilə həllini dəstəkləyir. Ölkənin indiyədək nümayiş etdirdiyi davranışlar və atdığı praktiki addımlar bunu açıq şəkildə göstərir. Eyni zamanda Azərbaycanın quru sərhədlərinin bağlanması ilə bağlı səsləndirilən bəzi tənqidi və skeptik fikirlər də mövcud idi. Lakin hazırda dünya və regional siyasətdə yaranmış vəziyyət göstərir ki, Azərbaycan uzaqgörən və düşünülmüş qabaqlayıcı addımlarla mümkün ssenariləri əvvəlcədən nəzərə almışdır”.
Oğuz Ayvaz

Şərhlər
Azərbaycan yevreylərin və Tranpın tırkasına getməməli və sakit durmalıdır
İsrail faktiki olaraq dünya jandarması ABŞ isə bu jandarmanın karaabiniyeri rolunu oynayırlar. Onların diktəsi ilə hərəkət etməyən suveren dövlətlərin xalqının seçdiyi liderlərini oğurlayır, qətl edir, ölkələri darmadağın edir. Beynəlxalq hüququ özlərinə sərf edəndə önə çıxarır, sərf etməyəndə tüpürürlər