ABŞ və İsrail ordusu həftəsonu İran ərazisində bir sıra yanacaq obyektlərinə, o cümlədən neft anbarlarına zərbələr endirib. Bu hücumlar ABŞ–İsrailin İrana qarşı başladığı müharibə çərçivəsində ölkənin enerji infrastrukturuna edilən ilk zərbələr kimi qiymətləndirilir.

"The New York Times" qəzeti yazır ki, İranın enerji sektoru ölkə iqtisadiyyatının əsas sütunlarından biridir. İran böyük neft və təbii qaz ehtiyatlarına malikdir və enerji ixracı həm dövlət büdcəsi, həm də daxili enerji təminatı üçün həyati əhəmiyyət daşıyır.

Analitiklərin fikrincə, bu sahəyə davamlı zərbələr Tehran hakimiyyətini və bütövlükdə ölkəni daha həssas vəziyyətə sala bilər.Enerji məsələləri üzrə ekspert Dalga Xatinoglu bildirib ki, enerji infrastrukturuna hücumlar ölkəni ciddi böhranla üz-üzə qoya bilər.

“Enerji infrastrukturuna zərbələrin İranı ciddi böhrana sürükləyəcəyinə şübhə yoxdur”, – deyə o qeyd edib.

Məlumata görə, 2024-cü ildə İran enerji ixracından – neft məhsulları və elektrik də daxil olmaqla – təxminən 78 milyard dollar gəlir əldə edib. Bu hesablamalar enerji konsaltinq şirkəti FGE tərəfindən təqdim olunub. 

İran neftinin əsas alıcısı isə Tehranla yaxın münasibətləri olan Çin hesab olunur.Analitiklər bildirirlər ki, bu gəlirin hətta bir hissəsinin itirilməsi belə İran iqtisadiyyatı üçün ciddi zərbə olacaq. 

Müharibədən əvvəl də ölkədə iqtisadi vəziyyət ağır idi: milli valyutanın kəskin ucuzlaşması geniş etirazlara səbəb olmuş, bu aksiyalar isə hakimiyyət tərəfindən sərt şəkildə yatırılmışdı.İranın Neft Nazirliyi bildirib ki, həftəsonu Tehran və Əlborz vilayətlərində yerləşən bir neçə neft anbarı hədəfə alınıb.

Xatırladaq ki, İsrail daha əvvəl də İranın enerji sisteminə qarşı əməliyyatlar həyata keçirib. 2024-cü ildə İsrail iki iri qaz kəmərini partlatmışdı ki, bu da ölkənin enerji təminatının böyük hissəsinə təsir göstərmişdi. 

Həmçinin ötən il baş vermiş 12 günlük müharibə zamanı neft anbarları, neft emalı zavodları və elektrik stansiyaları zədələnmişdi.

Həmin müharibədən sonra İran uzun müddət elektrik və su qıtlığı ilə üzləşmiş, enerji və su istehlakını azaltmaq üçün məktəblər, universitetlər və dövlət idarələri həftənin əlavə günlərində bağlanmışdı. İndi də bunu təkrarlamağa çalışırlar. 

"AzPolitika.info"