Son illərdə aliment işlərinin sayı sürətlə artıb və təkcə 2025-ci ildə 141 min iş icraata verilib. Aliment ödəməkdən yayınan şəxslərə qarşı inzibati cəzalar və həbs hallarının artması bu məsələnin ciddi hüquqi nəticələr doğurduğunu göstərir. Maraqlıdır ki, yalnız kişilər deyil, aliment ödəyən qadınların da sayı artmaqdadır, bu isə boşanma sonrası məsuliyyət bölgüsündə dəyişikliklərə işarə edir.
Bu fonada əsas sual yaranır: sərt cəzalar problemin həllinə yetərincə təsir edir, yoxsa alimentin ödənməsini təmin etmək üçün daha effektiv və avtomatlaşdırılmış mexanizmlər tətbiq olunmalıdır?

Hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Ruslan Mustafazadə mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında bildirib ki, nikahın ləğvi ilə bağlı proseslərin sayı davamlı olaraq artır. Lakin nikahın ləğvi təkcə nikahın pozulması məsələsini həll etmir. Həmçinin, nikah ləğv edildikdən sonra uşaqların kimdə qalacağı, aliment öhdəlikləri və nikahda əldə edilmiş birgə əmlakın bölgüsü məsələləri də həll olunmalıdır.
“Vətəndaşlar əsasən aliment öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı problemlərlə qarşılaşırlar. Yəni, məhkəmə yalnız alimenti təyin etməklə proses bitmir; onun ödənilməsi də vacibdir. Statistikaya görə, demək olar ki, hər bir şəhər və rayon məhkəmələrinin icraatında aliment öhdəliyini yerinə yetirməyən şəxslər barəsində inzibati xəta protokolları tərtib olunur və müxtəlif cəzalar – cərimə və ya inzibati həbs tətbiq edilir”.
Hüquqşünas vurğulayıb ki, alimentin ödənilməməsi ilə bağlı problemlər kifayət qədər genişdir və onların müzakirəsi gələcəkdə həll yollarının tapılmasına imkan yaradır: “Cəzaların sərtləşdirilməsi isə problemin tam həlli demək deyil. Çünki aliment öhdəliyinin icrasına dair icraatlarda əksər hallarda vətəndaşlar qəsdən yayınmırlar. Qəsdən yayınma halları mövcud olsa da, əksər hallarda şəxs bunu ödəyə bilmir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, şəxsin aliment öhdəliyi var, amma o öhdəliyi icra eləməkdən qəsdən yayınır. Məsələn, şəxsin kifayət qədər gəliri olsa da, alimenti ödəməkdən yayınması halında məhkəmə cəza tətbiq edir. Lakin bir çox hallarda şəxsin gəliri alimenti tam və vaxtında ödəməyə imkan vermir və bu halda qəsdən yayınma sübut edilə bilmir. Buna baxmayaraq, bəzi hallarda məhkəmələr bu şəxslərə də cəza tətbiq edir ki, bu da maddi vəziyyəti zəif olan şəxslərin durumunu daha da çətinləşdirir”.
Sonda vəkil qeyd edib ki, bu problemi həll etmək üçün yalnız hüquqi tədbirlər yetərli deyil: “Maddi imkanları məhdud olan şəxslər üçün dövlət tərəfindən sosial tədbirlərin görülməsi, onların əmək bazarına cəlb olunması və digər dəstək mexanizmlərinin yaradılması vacibdir. Düşünürəm ki, bu məsələ artıq hüquqi çərçivəni aşaraq sosial problemlər sahəsinə daxil olub. Mövzu kifayət qədər müzakirəyə açıqdır və hesab edirəm ki, onun həll imkanları mövcuddur”.
Oğuz Ayvaz

Şərhlər
Elə bu problmi yaradan hökumətin antixaıq siyasətidir.
Bunun bir həll yolu var.Bu insanların yaşam şəraitini hakimittətin düşünməsidir.
Esas sebeb sosial problemler ve nezaretsiz , biyabirçi tv ve sosial şebekelerdir. Bunlari da ki dövlet, hökumet etmelidir. Teesüf ki istemirler,ya da ki bacarmirlar.
Qoy mən tox olum, özgələr ilə nədir karım?
Dünyavü cahan ac olur olsun, nə işim var?
Dünyavü cahan ac olur olsun, nə işim var?
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın
Maddi çətinlik həmişə olub, amma boşanmalar belə hal almayıb. Səbəb qadiinların azadliq sevdası, 2-3 uşağa görə alacağı 500—700 manat aliment var ki, bu da bir nəfərin alacağı maaş qədərdir. Məqsəd adinları ailələri dağıtmağa sövq etməyə, bütün dəyərləri məhv etməyə yönəlib. Məgər əvvəlki nəsillər kasıb yaşamayıb? Qadiinların imtiyazlarını ləğv edin. Boşananda uşağın biri ataya verilsin və ya bir uşağın xərci atanın, digərinin xərci ananın üzərinə qoyulsun. Ananın qapazı altında böyüyən uşaqdan sabah nə vətəndaş, nə əsgər olacaq?
Boşanmanın səbəbi maddi çətinlikdir. Bunu fırlatmağın mənasə yoxdur. Kişilər iş tapa bilmir ailə qarşısında sınır. Bəzi ldeputatlar deyir başanmanın səbə alimentdir. Nə qədər vicdansız olasan ki öz millətinə qarşı bu kəlməni işlədəsən. Hansı qadın 200-300 manatdan ötəri boşanar. Pulumuzu bizdən başqa hamı yeyir. İnşallah bir gün burunlarından irin qan olub töküləcək