Menu

“Hər kəs azadlıqda deyil, ona görə tam sevinə bilmərik”

30.12.2014, 13:25
“Hər kəs azadlıqda deyil, ona görə tam sevinə bilmərik”

Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı əvf sərəncamı ilə azadlığa çıxan “Nida”çı gənc Üzeyir Məmmədli “Media forum” saytına açıqlama verib. O, əhvalının yaxşı olduğunu və əfv veriləcəyini gözlədiyini deyib: “Sadəcə bilmirdik kimlər çıxacaq, kimlər həbsdə qalacaq. Təəssüf ki, hər kəs azadlıqda deyil, ona görə olaya tam sevinə bilmərik.

İndi əhvalım yaxşıdır, çünki azadlıq həmişə şirindir. Əfv normal, sıradan bir standart addım idi. Mənə də növbə çatacağını gözləyirdim. Səhhətimlə bağlı problemim yoxdur, olsa belə bu haqda danışmağı xoşlamıram, necə ki bir il doqquz ay bu mövzuda danışmamışam, bundan sonra da danışası deyiləm. Gələcək planlar barədə yalnız içəridəki uşaqlar azadlığa çıxandan sonra danışmaq olar.

Nə qədər ki, onlar həbsdədir, mənim heç bir planım yoxdur. Həbsimizin səbəblərindən danışmaq isə qısa vaxtda mümkün deyil, çünki bu, geniş mövzudur. Bütün bunlar gözlənilən hadisələr idi, səbəbləri var. Həbslər indi də davam edir. Bu, bizim həbsimizlə başlanmış bir prosesdir, hazırda davam edir”. Üzeyir Məmmədli həbs olunana qədərki fəaliyyətinə təəssüflənmədiyini vurğulayıb: “Mən həyatımda heç vaxt heç nəyə peşman olmuram. Əvvələ qayıtsaydım, yeni eyni addımı atardım”. 29 dekabr sərəncamı ilə digər “Nida”çı Zaur Qurbanlı da azadlığa çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol