Qlobal trendlər, azərbaycan reallığı və islahat gündəliyi
II məqalə
Müəmmalı “rebrendinq”
Deməli, 1993-98-ci illərdə Rusiya hökumətinin başçısı vardı – Viktor Çernomırdin. Bir ifadəsi indiyədək məşhur mem kimi işlənir: “İstədik yaxşı olsun, amma yenə həmişəki kimi alındı.” Bu gün həmin vəziyyəti yüzdə-yüz dəqiqliyi ilə ölkənin elm və təhsil infrastrukturuna aid etmək olar. 2013-cü ildən bəri təhsil, 2019-2022-ci illərdə isə elm, yəni iki strateji sahə “hərşeyşünaslar”ın at oynatdığı və nəticə etibarilə “anasını ağlar qoyduqları” uğursuz təcrübə laboratoriyasına çevrildi. Hər gələn gedənə “rəhmət oxutdurdu”.
Əvvəlki hissədə biz fundamental və tətbiqi elmin vəziyyətindən bəhs etdik. Əslində, elmin sənaye ilə, iqtisadiyyatla təması və dəyər yaratma funksiyası bu nöqtədə kəsişir. Məlum olduğu kimi, 2022-ci il 28 iyul tarixində Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda olan 66 elmi müəssisədən 37-si Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Təhsil sferasında düz-əməlli uğuru olmayan bir quruma ölkənin ciddi elm potensialının da etibar edilməsi elmi dairələrdə günəşli havada qəfil şimşək effekti yaratdı.
Dəqiq, fundamental, təbiət elmlərinin, yəni real sektora töhfə verəcək, dəyər yarada, ÜDM-in formalaşmasında iştirak edə biləcək bir sektorun məsuliyyətinin bu sahədə hər hansı bir təcrübəsi olmayan bir quruma və adamlara həvalə edilməsi heç bir perspektiv vəd etmədiyi kimi, indiyədək ortaya bu qənaəti alt-üst edə biləcək arqument qoymaqda da çətinlik çəkir. Çünki elm statik bir sahə deyil, dinamkanı sevir. Bu seqmentə ideya basqını olmalıdır, həmin “təcavüz” hökmən öz maliyyə qarşılığını tapmalıdır, ideyaların generasiyası ilə məşğul olan alim ləyaqətli məvacib almalıdır.

Günümüzdə, təbiri caizsə, klassik Akademiyanın nəzdində yalnız 26 elmi müəssisə qalmışdır. Əksəriyyəti ictimai-humanitar profilli tədqiqat institutlarıdır. Müasir qloballaşma, yüksək texnologiyalar dövründə xalqın etnik identikliyini şərtləndirən mənəvi-mədəni dəyərlərin qorunub-saxlanmasıda, milli humanitariyanın ideya əsaslarının, ictimai şüura təsir edən effektiv humanitar texnologiyaların işlənib hazırlanmasında, milli mədəni-mənəvi oriyentasiya məsələlərinin müəyyənləşdirilməsində ictimai və humanitar elmlərin geniş imkanlarının səfərbər edilməsi vacibdir. Həmin elmlər hər zaman cəmiyyətdə milli birliyi və milli özünüdərki təmin etməklə dövlətin suverenliyinin və milli təhlükəsizliyin qarantı olan mənəvi immuniteti, həmçinin, ölkənin dayanıqlı inkişaf konsepsiyasının əsasını təşkil etmişlər. Və bu gün Elmlər Akademiyasının çox dəyərli, tanınmış alim kollektivlərinin təmsil olunduğu həmin elmi-tədqiqat institutlarının cəmiyyətdəki ictimai fikrin təşəkkül və inkişafında, mənəvi-estetik dəyərlərin formalaşmasında, ədəbi-fəlsəfi görüşlərin ölkənin müasir inkişafında yerinin və rolunun təsbit olunmasında müstəsna rolu vardır. Yəni Akademiyanın tabeçiliyində qalan elmi-tədqiqat institutlarında iş gedir. Təhsil Nazirliyinin tabeliyinə verilmiş institutların isə, tək bir İnformasiya Texnologiyaları İnstitutu istisna olmaqla, “öldü-qaldısından”, nə işlə məşğul olduqlarından xəbər-ətər yoxdur.
Azərbaycan Milli Elmlər Akademiyasının bölünməsi məsələsinin zərurəti, fəlsəfəsi, bu ideyanın müəllifinin kimliyi, məntiqi yaxud məntiqsizliyi, vəd etdiyi perspektivlərin reallığı yaxud irreallığı və s. barədə hər hansı bir mühakimə yürütmək fikrindən uzağıq. Zira, olan-olub, qapılar bağlanıb, qatar da fit çala-çala gedib. Təsəvvürünü etmək belə adamı vahimələndirir ki, tanınmış, ölkə ilə, dünya ilə bir ad-şanı olan titullu professor və akademiklərə ən yaxşı halda magistr təhsilli adamlar rəhbərlik edirlər. Təbii, elmimizin gələcəyi ilə bağlı hər nə qədər pozitiv dalğalara yüklənmək istəsək belə, yenə də respublikanın bu ali elm məbədinin, intellektual qərargahının taleyi vətəndaşı əndişələndirməyə bilmir.
Qərb modeli. Çoxmu əlçatmazdır?
Ölkəmizdə uzun müddət elmdən gözləntilər aydın formullaşdırılmayıb. Nəticədə, elm özünü, təbiri caizsə, necə “satmalı” olduğunu bilmir, biznes seqmenti elmi etibarlı tərəfdaş kimi görmür, dövlət elmi daha çox “ənənəvi institut” kimi qəbul edir.
Prezidentin son çıxışları bu baxımdan dönüş nöqtəsi kimi dəyərləndirilə bilər: elmə texnoloji, tətbiqi və strateji funksiya yüklənir. Lakin bu siyasi ismarışların idarəetmə mexanizminə çevrilməsi hələ başa çatmayıb. Və bir qədər də səmimi olsaq, bu işi həmişə və hər bir az-çox əhəmiyyətli başlanğıcda olduğu kimi kampaniyaya çevirmək, hansı ki, bütün səylər hələlik bu istiqamətdə gedir, yaxşı heç nə vəd etmir.
Evimizin kandarından kənara boylanmağa cəhd edək; bəs hökumət – elm – biznes – sifarişçi modeli xaricdə necə işləyir?
İnkişaf etmiş ölkələrdə bu əlaqə zəncir deyil, ekosistem kimi qurulub. Belə ki:
-Hökumətmilli prioritetləri müəyyən edir (enerji, müdafiə, səhiyyə, iqlim); həmin bu prioritetlər üzrə elmi sifariş verir; riskin bir hissəsini öz üzərinə götürür.
-Elm (universitetlər və institutlar) – fundamental və tətbiqi bilik istehsal edir; prototiplər yaradır; insan kapitalı yetişdirir.
-Biznes elmi nəticəni bazara çıxarır; kommersiya riskini daşıyır; əlavə dəyər yaradır.
-Sifarişçi qismində isə artıq dövlətin özü (institutları) yaxud da bazar (istehlakçı tələbi) çıxış edir.

Bu modeldə elm yalnız bilik istehsalçısı deyil, həm də iqtisadi prosesin iştirakçısıdır. Əsas fərq budur: elm tənha, başlı-başına buraxılmır.
Belə bir liberal nəticədə dayanmaq olar ki, elmin məzlum vəziyyəti onun strateji rolunun vaxtında dəyərləndirilməməsi, gözləntilərin uzun müddət qeyri-müəyyən qalması və tətbiqi mexanizmlərin zəif qurulması ilə əlaqədardır. Elmə ayrılan cüzi vəsait isə bu struktur problemi daha da dərinləşdirmişdir.
Biz xammal əsaslı iqtisadi ukladdan ayrılmaq yolunda “iməkləyən” Azərbaycanla inkişaf etmiş ölkələri müqayisə etmək fikrindən uzağıq, fərq məyus edəcək qədər dərindir, lakin institusional münasibət, etika deyilən bir şey var ki, o, ölkənin iqtisadiyyatının çəkisi ilə deyil, məsələlərə yanaşma, düşüncə fəlsəfəsi ilə ölçülür.
ABŞ-də elmi inkişafın əsas hərəkətverici qüvvəsi ənənəvi olaraq dövlət sifarişidir. İnternet, GPS, yarımkeçiricilər, hətta süni intellektin ilkin alqoritmləri belə bazar tələbi ilə yox, dövlətin ehtiyacları ilə ortaya çıxmışdır.
Bəs bu model necə işləyir?
-Hökumət (Pentaqon, NASA, NIH) masaya konkret problemlər portfeli qoyur: prioritetlər sırasında məsələn, “təhlükəsiz rabitə”, “kosmosda naviqasiya”, “xəstəliklərin erkən diaqnostikası” və s. ola bilər. Universitetlər və tədqiqat mərkəzləri bu problemlər üzrə fundamental və tətbiqi tədqiqat aparırlar.
-Biznes (startaplar və böyük şirkətlər) də yaxasını kənara çəkmir, texnologiyanı kommersiyalaşdırır.

Beləliklə, ABŞ-da elm əvvəlcə bazara deyil, dövlət sifarişinə işləyir, bazar isə növbəti mərhələdir, səni özü axtarıb tapır. Bu ölkədə alim “maaş azdır, bazar bahaçılıqdır” dilemması ilə baş-başa qalmaq qayğısından uzaqdır, çünki onun arxasında institusional sifariş dayanır.
Almaniya elmin iqtisadiyyata inteqrasiyasını institusional dizayn vasitəsilə həll edib. Əsas prinsip nədir? - Fundamental elm universitetlərdə, tətbiqi elm isə xüsusi institut şəbəkələrində təmərküzləşib. Biznes də kənarda qalmayıb, o prosesə erkən mərhələdə daxil olur.
Alman modelində elm “ritorikaya” deyil, istehsala hədəflənib. Tətbiqi tədqiqat institutları birbaşa sənaye problemlərini araşdırır,prototiplər yaradır,şirkətlərlə birgə laboratoriyalar qurur.
Nəticə etibarilə, elm təsərrüfatı ya dövlət proqramına,ya da konkret şirkət sifarişinə ünvanlı layihələrlə işləyir. Bu səbəbdən Almaniyada “elmin cəmiyyətdən qopması” ilə bağlı əndişələrin əsası yoxdur.

Cənubi Koreya elmi inkişaf “göydələnini” sənaye strategiyasının tərkib hissəsi kimi inşa etmişdir. Bu infrastrukturun əsas xüsusiyyəti nədən ibarətdir?
Dövlət prioritet sahələri özü müəyyənləşdirir (elektronika, materialşünaslıq, Sİ, biotexnologiya).
Universitetlər və institutlar bu sahələr üzrə kadr və texnologiya hazırlayır.
Böyük şirkətlər (chaebol-lar) elmin əsas “sifarişçisi” rolunu oynayırlar.
Cənubi Koreya modelində elm nə bütövlükdə dövlətin, nə də tam bazarın ixtiyarındadır,amma onların hər ikisi ilə sistemli əlaqədədir. Beləliklə, alimin fəaliyyəti sənaye perspektivi ilə sinxronlaşır; elmi nəticə “rəfdə qalmır”.
İsrail modeli xüsusilə maraqlıdır, çünki bu ölkə resurs baxımından Azərbaycana daha yaxındır. Modelin mahiyyəti bundan ibarətdir ki, dövlət riskin ilk mərhələsini öz üzərinə götürür, universitetlərdə elmi nəticələrin kommersiyalaşması üçün mexanizmlər vardır. Alim eyni zamanda həm tədqiqatçı, startap qurucusu, həm də texnologiya müəllifi ola bilir.
Burada əsas sual belə qoyulur: - “Bu elmi nəticə hansı problemi həll edir və bunu kim maliyyələşdirəcək?” Nəticə etibarilə, elm biznesin rəqibi kimi deyil, davamı kimi çıxış edir.
Xarici təcrübə göstərir ki, elmin zəifliyi alimlərin istedadı ilə deyil, hökumətin elmdən nə istədiyini bilməməsi ilə daha çox bağlıdır. Elm sifarişsiz qalanda, o ya formal fəaliyyətə, ya da fərdi fədakarlığa əsaslanan peşəyə çevrilir… təxminən bizdəki kimi.
Bəs Azərbaycan bu həlqədə harada durur? Ölkə“elm - hökmət - biznes” modelinə inteqrə ola bilibmi?
Bu sualı cavablandırmaq üçün ilk əvvəl yanlış istiqaməti istisna etmək lazımdır: problem alimlərin zəifliyində və ya istedadsızlığında deyil.
Əgər məsələ yalnız alimlərlə bağlı olsaydı, azərbaycanlı alimlər xaricdə uğur qazana bilməzdilər. Halbuki onlar bu və digər ölkələrdə uğurla çalışırlar. Deməli, problem fərdi keyfiyyətdə deyil, sistemdədir.
Bu sistem problemini beş əsas səbəb üzrə təfsir etməyə çalışaq.
Əvvəla, hökumət elmdən nə istədiyini uzun müddət müəyyənləşdirə bilməyib.
Yuxarıda qeyd etdik; inkişaf etmiş ölkələrdə hökumət elmlə dialoq qurarkən konkret suallar qoyur: bizə hansı texnologiya lazımdır, hansı sahədə risklərimiz var, yaxın 5–10 ilə hansı problemi həll etməliyik?

Bizdə isə uzun müddət elmlə bağlı yanaşma daha çox simvolik və mədəni xarakter daşıyıb: elm “ənənə”, bir növ “raritet” kimi qorunub, institutlar “tarixi rol” prizmasından qiymətləndirilib, nəticə etibarilə konkret texnoloji sifariş formalaşdırılmayıb. Başqa sözlə desək, elm özü üçün işləməyə başlayıb, hökumət isə elmdən yalnız “ümumi inkişaf” gözləyib. Bu isə funksional ziddiyyətdir: ümumi inkişaf konkret mexanizm olmadan mümkün deyil.
İkincisi, dövlət sifarişi mexanizmi yoxdur, varsa da çox zəifdir.
Yenə də müqayisəyə müraciət edək; xarici modellərdə dövlət konkret elm sahəsinin qarşısında problem qoyur, vəsait ayırır və nəticə tələb edir.
Bizdə isə elmi tədqiqatlar çox vaxt sifarişsiz aparılır, qrantlar məhdud və epizodikdir, hamı “pullu dayday”ı evin içində axtarır, yaxud tədqiqata cəlb edilən problem perspektiv sarıdan ümidsiz olduğuna görə əcnəbi sərmayəçilər üçün elə bir maraq kəsb etmir və bütün bunlardan sonra ortaya qoyulan “elmi məhsulun” bazar perspektivi kifayət qədər dumanlı görünür.
Naqolay bir sual çıxır ortaya: əgər dövlət elmdən konkret nəticə tələb etmirsə, alim hansı istiqamətdə işləməlidir?
Bu şəraitdə fundamental elm real strategiya olmadan “akademik ad” naminə aparılır, tətbiqi elm isə sifariş olmadığı üçün, müqayisəsi nə qədər kobud olsa da, “axura bağlanır”.
Üçüncüsü, məlum məsələdir ki, biznes sonunda real faydasını görmədiyi işə bir abbası belə sərmayə yatırmaz. Ölkədə bizneslə elmin konstruktiv əməkdaşlığı zəif olduğuna görədir ki, oelmi tərəfdaş kimi görə bilmir(və buna bir düjün səbəbi da var).
Ağıllı biznes rasional davranır. O sual verir ki, əcəba, bu tədqiqat mənə nə verəcək, risk kimindir, nəticəyə cavabdeh kimdir?
Azərbaycanda ağıllı biznes, etiraf edək ki, az qala “arxeoloji tədqiqat” predmeti olduğu üçün elmlə əməkdaşlığa can atan da barmaqla sayılacaq qədər azdır. Biznes üçün elmlə əməkdaşlıq bahalı və riskli görünür, hökumət bu riskin ilkin mərhələsini öz üzərinə götürmür, vergi və institusional təşviqlər zəifdir.
Xaricdə bu sahədə praktika daha çox təşviqedici səciyyə daşıyır. Dövlət biznesmenə deyir ki, sən qorxma, riskin bir hissəsini mən üzərimə götürürəm, sən isə nəticəni bazara çıxar.
Bizdə belə bir səmimi, qarşılıqlı etimad və etibara söykənən əməkdaşlıq körpüsü qurulmadığı üçün biznes elmin “konvulsiv çırpıntılarını” kənar müşahidəçi kimi izləyir.
Dördüncüsü, etiraf edək ki, bizdə elm uzun müddət formal statistika ilə qiymətləndirilib; hesabatlarda əsas göstərici nəşrin sayı, konfranslarda iştirak, boş-bekar jurnallarda məqalə nəşri və s. sayılıb.
Sual verən olmayıb ki, bu tədqiqat hansı problemi həll edir, hansı sahədə tətbiq oluna bilər, hansı qurum bundan istifadə edə bilər?
Nəticə etibarilə, elm problemi həll edən mexanizmə deyil, hesabat üçün fəaliyyətə çevrilir. Bu isə alimlə dövlət arasında etimad vakuumu yaradır: dövlət deyir “nəticə yoxdur”, alim deyir “şərait yoxdur”. Bu qədər sadə!
Nəhayət, beşinci səbəb maliyyə azlığıdır. Və bu, sıradan bir səbəb deyil, sistemyaradıcı amildir. Düstur belə işləyir: az pul → zəif infrastrukturdur; zəif infrastruktur → aşağı nəticədir; aşağı nəticə → dövlətin inamsızlığına gətirib çıxarır; inamsızlıq → yenə də maliyyə qıtlığı deməkdir.

Bu qapalı dövrə qırılmadıqca, maliyyə payının artırılması belə problemi tam həll etməyəcəkdir.
Bütün söylədiklərimizdən sonra yenə də hərlənib-fırlanıb gəlirik ən ağrılı sualın üzərinə: məsuliyyət kimdədir?
Səmimi olsaq, alim – elmi keyfiyyətə cavabdehdir; hökumət – elmin sistem kimi işləməsinə məsuldur; biznes – tətbiq və bazar mərhələsinə cavabdehdir. Bizdə isə elmdən nəticə gözləyirlər, amma və lakin ki, nəticə verən ekosistem qurulmayıb.
Bu şəraitdə bütün məsuliyyəti alimlərin üzərinə yükləmək ədalətli və rasional deyil.
Azərbaycan elmi üçün real çıxış yolu. Varmı?
Bəli, biz toplum olaraq müşahidə etməyi, irad tutmağı, tövsiyə verməyi xoşlayan millətik: “lopatkanı” belə tut, külüngü belə vur ...
Ən böyük qüsurlarımızdan biri budur ki, çox vaxt deyirik ki, “ABŞ-da belədir”, “Almaniyada elədir”, “İsraildə sistem belə işləyir”, amma öz institusional, siyasi və iqtisadi reallığımızı nəzərə almırıq. Azərbaycan üçün optimal yol hazır modellərin kopyalanmasından deyil, onların lokal uyğunlaşdırılmasından keçir. Bu uyğunlaşdırmanın prinsipləri nədən ibarət ola bilər: elmlə bağlı yeni “ictimai müqavilə” hazırlanmalıdır: kim nə edir, kim nə gözləyir?
Ölkədə elmlə bağlı əsas boşluq hüquqi deyil, konseptual boşluqdur. Belə bir konkret suala cavab verən yoxdur ki, dövlət elmdən nə gözləyir, elm dövlətə nə verməlidir, biznes bu zəncirdə hansı rolu oynayır?
Təklif olunan “ictimai müqavilə” modelində dövlət elmi prioritetləri açıq şəkildə elan etməli, həmin prioritetlər üzrə sabit və çoxillik maliyyə ayırmalı və yuxarıda da qeyd etdiyimiz kimi, mümkün ilkin risklərin bir hissəsini öz üzərinə götürməklə biznesə “ürək-dirək” verməli, “həyan” durmalıdır.
Elm (alim və elmi müəssisələrin timsalında) dövlətin müəyyən etdiyi prioritetlər istiqamətində işləməyi, formal hesabatlara “quş qoymaq” xatirinə deyil, həll və tətbiq məntiqi ilə düşünüb çalışmağı, elmi keyfiyyət, məhsuldarlıq və metodoloji səviyyə indikatorlarına məsul olmağı etik normaya çevirməlidir.
Real sektor (biznes) da elmi tədqiqatların tətbiqi mərhələsində dövrəyə girməli, ideyanı məhsula çevirmək və kommersiya riskini daşımaq missiyasını (ortaqlığını - !) üzərinə götürməlidir.
Sadaladığımız prinsiplər az-çox nailiyyətlərimizin olduğu fundamental və tətbiqi elmlər üçün xüsusilə keçərlidir.
Elmin “itirilmiş imkanlar” ssenarisi
Bütün bu söylədiklərimizin məxrəcində duran ritorik və taleyüklü bir sual var: mövcud vəziyyət davam edərsə, nə baş verəcək?
Bu sual hər nə qədər əndişələndirsə, düşündürsə də, rasional risk qiymətləndirməsi baxımından səsləndirilməlidir. Elmdə futurizm dəstəklənməsə də, bəzi ehtimalları ifadə etməkdə fayda vardır. Elm yetərincə maliyyələşdirilmədikdə və tətbiq imkanları daraldıqda gənclər elmi karyeranı seçmir, seçənlər isə ya akademiyadan uzaqlaşır, ya da ölkədən gedir. Beləliklə, müasir dövrdə fövqəladə qiymətləndirilən insan kapitalının səssizcə aşınması prosesi baş verir. Bu mərhələdə bəzən pul da problemi həll etmir, çünki insan kapitalı itirilmiş olur.
Daha sonra nə baş verir? Bəli, bir düjün şey – elm zəif olan yerdə dövlət qərarları statistik deyil, intuitiv olur, uzunmüddətli planlama zəifləyir, fəaliyyətin ən prioritet sahələrində geriyə dönüşü çətin proseslər baş verir, iqtisadiyyatın texnoloji asılılığı dərinləşir, dayanıqlılıq əmsalı düşür, iqtisadi artım daha da kövrəkləşir və s. və i. a.
Əlbəttə, həzmi beyin və düşüncə üçün çox müşkül “fikir rebuslarından” sonra elmin vəziyyətini “Pompeyin son günü” rəsmi ilə müqayisə çox koloritli olardı, haradasa bədii-ekspressiv təsir gücünü artırardı ümumi narahatçılığın. Lakin məqsəd imperativ qərar, qəti hökm vermək deyil. Əksinə, dialoqa çağırışdır, masa ətrafında problemin kökündən, ağrısız, residivsiz həllinə dəvətdir.

Azərbaycanın qarşısında iki yol var: birincisi, elmi “ənənəvi institut” kimi qorumaq; ikincisi, elmi inkişaf və təhlükəsizliyin, ümumi rifahın mühərrikinə çevirmək.
Bəli, birinci yol daha rahatdır, canqurtarandır, “dəymə mənə, dəyməyim sənə”, “məndən ötdü, qonşuya dəydi” davranışına uyum saxlayandır.
İkinci yol isə, etiraf edək ki, çətindir, risklidir, amma yeganə dayanıqlı yoldur.
Ölkə elminin durumunu təsəvvür etmək üçün müqayisəli təhlilə müraciət edək.
Aşağıda üç kateqoriya üzrə – dünya səviyyəli yüksək texnologiyalı ölkələr; Azərbaycan kimi neft-qaz ölkələri və Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə elmə büdcədən nə qədər vəsait ayrıldığı barədə ən son (2023–2025) statistik məlumatları təqdim edirik. Burada əsasən R&D (Araşdırma və İnkişaf) xərclərinin ÜDM-ə nisbəti göstəricisindən istifadə edilir, çünki bu göstərici dövlət, biznes və universitet sektorlarının ümumi elmi fəaliyyəti üçün real resurs ayırmasını ölçməyə xidmət edir.
Aparıcı, yüksək texnologiyalı ölkələr (dünya liderləri)
Bu ölkələr elmi iqtisadiyyatın strateji hissəsi kimi dəyərləndirir və büdcə sərmayəsini ÜDM-ə nisbətdə yüksək səviyyədə saxlayırlar:
İsrail – R&D xərcləri ÜDM-in təxminən 6.3%-i səviyyəsindədir (2023).
Cənubi Koreya– təxminən 5.0%.
ABŞ– təxminən 3.4% (federal + özəl sektorla birlikdə).
Almaniya, Yaponiya, İsveç və digər inkişaf etmiş ölkələr adətən təqribən 3% və daha yüksək səviyyədə R&D sərmayəsi qoyurlar.
Bu səviyyə dünyada innovasiya üzrə lider ölkələrin ümumi göstəricisidir və OECD ölkələrinin ortalama R&D sərmayəsi təxminən 2.7% ÜDM-ə bərabərdir.
Beləliklə, görünəni budur ki, bu ölkələrdə dövlət, biznes və elmi institutlar arasında qloballaşmış “triple helix” (hökmət–elm–biznes) modeli sistemli şəkildə işləyir və R&D-nin ÜDM-də böyük payı bunun bariz göstəricisidir.
Azərbaycan kimi neft-qaz ölkələri
Bu qrup üçün göstəricilər çox aşağı səviyyədədir; xüsusilə inkişaf etmiş texnoloji sabit ölkələrlə müqayisədə. Yuxarıda da göstərdiyimiz kimi, ölkəmizdəR&D xərcləri ÜDM-in təxminən 0.2 faizi səviyyəsindədir (2023 göstəricilərinə görə). Həmin göstərici uzun müddətdir sabit olaraq Aİ/OECD ortalamalarının çox aşağı səviyyəsində qərar tutmuşdur.
Bu rəqəm həmçinin neft-qaz gəlirlərinə baxmayaraq, elmin və innovasiyanın iqtisadiyyatdakı payının hələ də çox aşağı olduğunu göstərir. Çünki neft-qaz sektoru daxilində R&D xərcləri daha çox enerji texnologiyaları ilə məhdudlaşa bilir və ölkənin ümumi iqtisadi diversifikasiyasını tam əks etdirmir.
Bariz müqayisə: Yüksək texnologiyalı ölkələrlə müqayisədə, məsələn, İsrailin 6.3% və ya OECD ortalamasının təxminən 2.7 faizlik səviyyəsi ilə Azərbaycanın ortaya qoyduğu 0.2 faizlik fərq mahiyyəti etibarilə aradakı uçurumun dərinliyini göstərir.
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri
Bu regionda elmə ayrılan xərclərin səviyyəsi də ümumilikdə aşağıdır, lakin müəyyən fərqlər var:
Qazaxıstanda 2023-cü ildə R&D xərcləri ÜDM-in 0.14% səviyyəsində idi ki, bu da məcmu elmi xərclərin çox aşağı göstəricisi sayıla bilər.
Türkmənistan, Tacikistan və Özbəkistanla bağlı rəsmi məlumat mənbələri əlçatan olamasa da, region statistikasına görə R&D-nin ÜDM-ə nisbəti 0.2–0.5% arasında dəyişir.
Cənubi Qafqaz bölgəsindən Gürcüstan və Ermənistan üçün də statistik qiymətlər əhali və resurs baxımından fərqli olsa da, ÜDM-ə nisbət 1%-dən aşağı olaraq verilir.
Başqalarında işimiz yoxdur, lakinAzərbaycan kimi neft-qaz ölkələrində müqayisəyə cəlb edilmiş göstərici vahidinin aşağı səviyyəsi elmin iqtisadiyyatla nəticə mərkəzli inteqrasiyasının zəifliyini, diversifikasiyanın elm və texnologiya sahəsində hələ yetərincə formalaşmadığını, dövlət-biznes-elm üçbucağı modelinin hələ tam qurulmadığını göstərir.
Beləliklə, Azərbaycanın problemi elmi maliyyələşdirməyə imkanının olmaması deyil. Problem ondan ibarətdir ki, elm hələ də iqtisadiyyatın məcburi elementi kimi qəbul edilmir. Halbuki dünya təcrübəsi göstərir: elm məcburi olmayanda, inkişaf da təsadüfi olur.
Neft gəlirləri paradoksu
Bir vacib məqama toxunmadan nöqtə qoymağa tələsməyək. Elmin kəşməkeşli yolu təhsildən keçir. Alimlər tək elmi-tədqiqat institutlarında cəmləşməyiblər, universitetlərdə də böyük alim potensialı mövcuddur. Uzağa getmədən deyək ki, onların maaşı akademiya sistemindəki elmi işçilərin maaşından bir qədər artıq olsa da, yenə də zəifdir. Təsəvvür edin ki, müəllimin “tramvay altında qalmış üç” yazdığı tələbə sabah gömrükdə, hüquq- mühafizə orqanlarında, agentliklərdə işə başlayanda müəllimindən iki-üç-dörd dəfə artıq maaş alır. İndi gəl, necə deyərlər, “ölünü qoy, dirini ağla”. Bundan sonra elmin, təhsilin, alimin, müəllimin, professorun hər şeyin pulnan ölçüldüyü bu cəmiyyətdə nə hörməti, hansı qədir-qiyməti, nüfuzu olacaq?! Lap məşhur “Qaynana” filminin personajının dediyi kimi – “baş dolu, cib boş”!

Azərbaycanda ali məktəb müəllimləri və professorlarının aylıq maaş aralığı 716-1984 manat civarında tərəddüd edir (rəqəmlər ali məktəblərin statusuna və əmək müqaviləsinin növünə görə dəyişir. Özəl universitetlərdə ödənişlər dövlət sektorundan yüksək ola bilər).
Bəzi televiziyaların “dağılmaqda, çürüməkdə olan Avropa” kimi təqdim etdiyi ölkələrdə akademik maaşlar işlərin tam da tərsinə getdiyini göstərir.OECD üzrə ali təhsil işçilərinin ortalama illik əmək haqqı təxminən 77 300 USD civarındadır (bütün ölkələr üzrə orta). Həm də bu rəqəm təcrübəyə görə dəyişir. Məsələn, gənc tədqiqatçılar illik 62.000; orta səviyyəlilər 74.000; təcrübəlilər (senior) isə 108.000 ABŞ dolları məvacib alırlar. Yəni ayda doqquz min dollar yaxud milli valyutamızla ifadə etsək, 15.300 manat. Bu hələ son deyil, bu rəqəmin üzərinə müxtəlif nəşrlərdən, qrantlardan qonararlar da əlavə olunduqda “bazburutlu” bir rəqəm alınır. Adam belə bir “dağılmaqda, çürüməkdə” olan ölkənin “qadasını” almazmı?!
ABŞ və Kanada kimi ölkələrdə ali akademik əmək haqqı “full professor” üçün 2025–2026-cı ildə təxminən $155 000, “ass. prof.” (dosent) üçün təxminən $106 000 təşkil edir.
İndi isə alimlərdən aldıqları qəpik-quruş müqabilində yüksək elmi nəticələr tələb edən “ağzıgöyçəklər”in menyüsünə: Azərbaycanda tam professor illik 15-20 min; Almaniyada 90-140 min (üstəgəl güclü sosial paket); Fransada 85-120 min (dövlət sektorunda stabil yüksək); Norveçdə 110-160 min; İsveçrədə 160-280 min; ABŞ-da 140-200 min (üstəgəl qrantlar və əlavələr); Kanadada 130-180 min; Yaponiyada 110-160 min (güclü sənaye – universitet əlaqəsi) ABŞ doll. həcmində maaş alır.
Gəlin, bizim kimi neft ölkələrinə də bir nəzər salaq. Hazırsınızmı?
Deməli, bapbalaca Qətərdə professorun aylıq ortalama maaşı 6.400 ABŞ dolları təşkil edir. Yüksək təcrübəli professorun illik maaşı təxminən 185 min ABŞ dollarınadək yüksələ bilir (üstəgəl vergisiz gəlir, ev, məktəb, tibbi sığorta).
Səudiyyə Ərəbistanında professorun əlavələrsiz aylıq maaşı təxminən 110-170 min (üstəgəl vergisiz ailə paketi), Birləşmiş Ərəb Əmirliklərində 120-180 min (üstəgəl vergisiz yaşayış paketi), Küveytdə 120-180 min ABŞ dolları təşkil edir. Üstəlik, neft ölkələrində, göründüyü kimi, vergi üstünlükləri, yaşayış paketi, təhsil və sağlamlıq sığortası kimi əlavə imtiyazlar da mövcuddur.

Elmə (əslində elmdən sorumlulara) sonadək nifrət etməmək üçün bu biabırçı müqayisəni buradaca saxlayaq.
Azərbaycan kimi neft gəlirləri olan ölkələrdə (Qətər, BƏƏ ilə müqayisədə) akademik maaşların kəskin aşağı olması göstərir ki, problem resurs çatışmazlığında deyil, elmi siyasətin prioritetləşdirilməməsindədir.
OECD, milli statistika qurumları və universitet reytinqləri əsasında əldə edilən məlumatlar göstərir ki, Azərbaycanda akademik maaşlar Qərb ölkələrindən 10-12 dəfə, bir sıra neft ölkələrindən isə 10-18 dəfə aşağıdır. Bu fərq yalnız iqtisadi deyil, institusional xarakter daşıyır və beyin axını, elmi məhsuldarlığın azalması, innovasiya zəifləməsi kimi struktur nəticələr doğurur.
Azərbaycan elmi hara gedir?
Müasir dünyada elm artıq yalnız mədəni-nüfuz institutu deyil, milli iqtisadiyyatın əsas məhsuldarlıq və rəqabət mexanizmlərindən biridir. Bilik əsaslı iqtisadiyyat şəraitində elmi potensialın səviyyəsi ölkənin texnoloji ixrac imkanlarını, startap ekosisteminin inkişafını və uzunmüddətli dayanıqlı artım perspektivlərini müəyyənləşdirir. Bu kontekstdə alimlərin və ali məktəb müəllimlərinin maddi təminatı sırf sosial məsələ yox, strateji inkişaf indikatoru kimi çıxış edir.
Beynəlxalq təcrübə göstərir ki, elmi əmək bazarında maaş səviyyəsi ilə ölkənin innovasiya gücü, patent fəaliyyəti və R&D intensivliyi arasında birbaşa əlaqə mövcuddur. Azərbaycan isə bu qlobal trendlər fonunda struktur disbalansla üz-üzədir: elmi potensialın mövcudluğuna baxmayaraq, akademik kadrların maddi stimullaşdırılması beynəlxalq standartlardan kəskin şəkildə geri qalır.
Prezident İlham Əliyevin son çıxışlarında dönə-dönə elmi inkişafın üzərində vurğu etməsi, rəqəmsallaşma ilə bağlı Dövlət proqramlarının və digər normativ sənədlərin qəbulu elmin reanimasiyası ilə bağlı ciddi islahatların həyata keçiriləcəyinin müjdəsini verir. Əgər Azərbaycan çox da uzaqda olmayan postneft dövründə elmi-texnoloji iqtisadiyyata keçidi hədəfləyirsə, alimlərin sosial reabilitasiyasının radikal şəkildə yaxşılaşdırılması və elmi əmək bazarının qlobal standartlara yaxınlaşdırılması milli təhlükəsizlik məsələsi kimi qəbul edilməlidir.
Əks təqdirdə, ölkənin “elm qatarı” təmir üçün “Depo”ya da gedə bilər, “İnkişaf” adlı növbəti stansiyaya da.

Şərhlər
Çox lazımlı tədqiqatdır. Təəssüf ki, nə NK, nə ETN, nə də AMEA bundan nəticə çıxarmayacaqdır. Hər halda 35 il belə olub.
Çox yaxşı yazıdır.
Azərbaycan elmini birdəfəlik məhv etmək üçün elmdən uzaq olan İsa Həbibbəylini AMEA-ya prezident təyin ediblər. Nefti, qazı xammal kimi satan, bütün iqtisadiyyatı 95% idxaldan asılı olan ölkədə elmin inkişafının vacibliyini hələ də anlamırlar. Milli ideologiyanı formalaşdırmaqda, təbliğatında müstəsna rola malik alimlər, ziyalılar maddi ehtiyac içərisində çapalayırlar. Hakim-məmur-deputat zümrəsi 10-15 min m maaş alır, AMEA-nın alimləri isə 600-700 m maaş alırlar. Hansı elm, hansı ideologiyadan söhbət gedə bilər. Məgər bunu yuxarılar bilmir?
Bir məqamla razı deyiləm. Müəllif ölkələri müqayisə edərkən yazır ki, Azərbaycanda tam professorun illik maaşı 15-20 mindir. Valyutanı göstərmir. Xarici ölkələrlə müqayisə edildiyindən çox ehtimal ki, dollar nəzərdə tutulur. Amma AMEA-nın professorunun illik maaşı heç 10 min manata da çatmır.
Azərbaycanda təhsil.elm qalıb?Elmlər Akademiyası bəlli regionun pensiyaçıları tərəfindən icarədədir.Son 60 ildə Azərbaycanda və o cümlədən elmlər Akademiyası deyilən quyuda bir dənə də olsa dünya çapında diqətə alınan.tətbiq olunan elmi,mükəmməl fakt varmı?Boş söz yığınından hamı bezib.
Təşəkkür edirəm. Heyif istedadlı insanlarımıza.
Ürək ağrısı və boşuna keçən ömrümə görə təəssüflə oxudum. Müəllifə vicdanlı mövqeyinə, problemə sağlam yanaşmasına gvörə DƏRİN MİNNƏTDARLIĞIMI bildirir, ümumən səviyyəsini yüksək qiymətləndirirəm. Vay-şüvənçi, mərsiyəxan lay-lay NADANA bu yazını oxumağı məsləhət görərdim. Əgər bu yazıdakıları dərk etmək gücündə isə. Bir daha dərin hörmətimi ifadə edirəm.
Çox sanballı bir yazı. Bu yazını yazan müəllifə cox dərin təşəkkürumü bildirirəm. Sıravi vətəndaş kimi yuksək qiymətləndirirəm.