“Nida”çı məhbus İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə dekabrın 30-da “Media forum” saytına danışıb. Bakir Rüstəmzadə dekabrın 29-da imzalanan əfv sərəncamına toxunaraq deyib: “Gözləyirdik ki, İlkini də buraxarlar, sevinərik, amma olmadı. Yəqin növbəti bayramlarda onu və qalan “Nida”çıları da azad edərlər. Buna ümidim var. Çünki həbsdən buraxılan uşaqlarla eyni maddə ilə həbs olunublar”.
Bakir Rüstəmzadə İlkinlə dekabrın 25-də görüşdüyünü bildirib: “Səhhəti normaldır. Bakı Apellyasiya Məhkəməsindəki sərt çıxışına görə bir həftə karserdə saxlayıblar”.
Ötən ilin martında tutulan, Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı gənclər kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. O vaxt 8 “Nida”çı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadə 8 il, Məmməd Əzizov, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsi “Nida”çı gənclər haqda hökmü qüvvədə saxlayıb.
Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı əfv sərəncamı ilə Zaur Qurbanlı və Üzeyir Məmmədi azadlığa çıxıb.
Bəxtiyar Quliyev (o, həbsdə olarkən “Nida”dan çıxıb) və Şahin Novruzlu prezidentin əfv sərəncamı ilə 2014-cü il oktyabrın 18-də azad olunublar.


Şərhlər