ABŞ/İsrail – İran müharibəsi yeni günündə qarşılıqlı hücum və addımlarla davam edir. ABŞ Prezidenti Donald Tramp İranın hədəflərinə edilən hücumlar nəticəsində bir çox obyektin məhv edildiyini bildirərkən, gecə saatlarında Tehrandan İsrailə raketlərlə cavab zərbəsi endirilib. 

"AzPolitika" xəbər verir ki, İsrail mediasının məlumatına görə, İranın raket hücumlarının hədəfi olan Hayfa şəhərində neft-kimya müəssisələri, neft emalı zavodları və elektrik stansiyalarının yerləşdiyi ərazidən qara tüstü qalxıb.

“Yedioth Ahronot” qəzetinin xəbərində qeyd olunur ki, cavab zərbəsindən sonra başda Hayfa olmaqla İsrailin şimalındakı Celilə və Tiberya bölgələrində hava həyəcan siqnalları səslənib.

Kanal 12 televiziya kanalı isə İran və Livandan atılan raket və mərmi qalıqlarının Hayfa ilə yanaşı şimaldakı Kiryat Şimona və Binyamina yaşayış məntəqələrində ən azı 10 nöqtəyə düşdüyünü bildirib.

Bu arada İran Xarici İşlər Nazirliyi bildirib ki, “ABŞ tərəfindən göndərilən təklif əsasən ‘həddindən artıq iddialı, real olmayan və məntiqsiz’ tələblərdən ibarətdir.”