ABŞ ilə İran arasında son bir ayda artan gərginlik klassik hərbi qarşıdurmadan daha çox “strateji təsir rıçaqları” mübarizəsinə çevrilib. 

"AzpPlitika" xəbər verir ki, CNN-in təhlilinə görə, ABŞ hərbi baxımdan üstün olsa da, bu üstünlük müharibənin nəticəsini müəyyənləşdirmək üçün kifayət etmir.

İlkin mərhələdə ABŞ-ın böyük hərbi gücü və İsrailin kəşfiyyat imkanları səbəbilə balansın tezliklə Vaşinqtonun xeyrinə dəyişəcəyi gözlənilirdi. Lakin proses fərqli istiqamətdə inkişaf edib.

İranın əsas strateji üstünlüyü

İran birbaşa hərbi qələbə qazana bilməyəcəyini nəzərə alaraq, məhdud imkanlarını kritik təzyiq alətlərinə çevirib. Bu strategiyanın əsas elementi isə Hürmüz boğazı üzərində nəzarətdir.

Boğazın bağlanması qlobal enerji tədarükünə ciddi zərbə vuraraq dünya bazarlarında qeyri-sabitlik yaradıb. Nəticədə, İran hərbi zəifliyinə baxmayaraq, qlobal iqtisadi təsir vasitəsilə güclü mövqe qazanıb.

ABŞ niyə hərbi gücünü tam istifadə etmir?

Təhlilə görə, ABŞ-ın hərbi variantları olsa da, hər biri ciddi risklər daşıyır:

-Boğazın zorla açılması – ABŞ donanmasının müdaxiləsi İranın cavab zərbəsi riskini artırır və hətta kiçik itki belə böyük siyasi nəticələr doğura bilər

-Quru əməliyyatı – bu, ciddi insan itkisi və daxili siyasi təzyiq deməkdir.

-Enerji obyektlərinə zərbə – İranın cavab olaraq regiondakı müttəfiqləri hədəfə alması ehtimalı var.

Bu səbəbdən Vaşinqton hərbi gücünü sərbəst şəkildə tətbiq edə bilmir və hər addım iqtisadi-siyasi risklərlə ölçülür.

İranın əsas üstünlüyü müharibəni uzatmaq və onun dəyərini artırmaqdır. Enerji axınını pozmaqla Tehra :qlobal bazarlarda dalğalanma yaradır, Asiya və Afrikada enerji böhranını dərinləşdirir və dolayısı ilə ABŞ iqtisadiyyatına təzyiq göstərir.

Beləliklə, hərbi zəiflik iqtisadi rıçaqlarla kompensasiya olunur.

Diplomatiya niyə dalana dirənib?

ABŞ bir tərəfdən diplomatik kanalları açıq saxladığını bildirsə də, irəli sürdüyü şərtlər İran üçün qəbuledilməz sayılır. Bu şərtlərə:

-raket proqramının məhdudlaşdırılması,

-Hürmüz üzərində nəzarətin zəiflədilməsi,

-regiondakı təsirin azaldılması daxildir.

Bu səbəbdən danışıqlar faktiki olaraq nəticəsiz qalıb.

"AzPolitika.info"