Qriqoriy Rasputin haqqında o qədər yazılıb ki, sanki onun barəsində praktik olaraq hər şey məlumdur. Ancaq bütün bu yazılanlara baxmayaraq, hətta onun dəqiq doğum tarixi barəsində tarixçilər arasında yekdil bir fikir yoxdur. Əlbəttə, belə olan halda müəmmalı “Sibir rahibinin” həyatının digər faktları barəsində birbaşa və konkret nə isə söyləmək xeyli dərəcədə çətinləşir. Bir çox araşdırmalarda onun anadan olması tarixi 1865-1872-ci illər arasınadək uzanır. Lakin tarixçilər çar ailəsinin “müqəddəs ruhanisi”nin harada doğulması məsələsində müəyyən mənada həmfikirdilər. Bəs, Qriqoriy Rasputin harada doğulub?

Rasputin Tobolsk quberniyasının, Tümen uyezdinin Pokrovski kəndində dünyaya gəlib. Onun həyatının ilk illəri ilə bağlı məlumatlar bir-birini təkzib edir. Rasputinin gəncliyi haqqında tam dolğun məlumat yoxdur. Rasputinin obrazı zamanla mistik və hətta şeytani bir xarakter almağa başladı. Bir versiyaya görə Rasputin rahib, digər versiyaya görə isə o, özünün İlahi ilə xüsusi əlaqəsi olduğunu məharətlə təlqin etməyi bacaran dahi bir aktyor olub. Üçüncü bir versiyaya görə isə otuz yaşlarına qədər Rasputin sərsəri həyatı sürən və vaxtının böyük bir hissəsini ancaq araq içməklə keçirən avaranın biri imiş. Hətta onu almanların casusu hesab edənlər də var.

Çox sonralar özü etiraf edib: "Bəli, mən əyyaşlıq etmişəm, amma sonradan peşiman olmuşam və görürsünüz ki, mən indi necəyəm”.

Bu haqda Rasputinin qızının dedikləri də maraq doğurur. Matryonanın söylədiyinə görə, 1900-cu ildən sonra onun atasında hansısa ruhi dəyişikliklər baş verib.

Belə bir fikir də var ki, Rasputinin heç zaman ruhani titulu olmayıb. Başqa məlumatlara görə isə o hələ XVII əsrdə Rusiyada yaranmış “xlıstlar” adlanan dini sektaya da qoşulubmuş. Həmin sektanın tərəfdarları hesab edirdilər ki, insan günah işlətməlidir ki, sonradan peşimançılıq keçirib, günahlardan təmizlənmənin sevincini hiss edə bilsin. Amma Rasputin xlıstlara qoşulmasını etiraf etməyib. Belə bir versiya da dolaşır ki, Rasputində doğuluşdan indiki dövrdə “ekstrasens” adladırılan və insanlara hipnotik təsir göstərmək imkanına malik xüsusiyyətlər olub.

Artıq 1902-ci ildə Rasputin ”Sibir peyğəmbəri” və ”müqəddəs rahib” kimi məhşurlaşmıdı. 1904-1905-ci illərdə o, Peterburqun yüksək zadəğan ailələrinə, 1907-ci ildə isə çar sarayına daxil ola bilmişdi. Rasputinin Peterburqdakı həyatı çar IINikolayın oğlu, şahzadə Alekseyin hemofiliyadan(qan xəstəiyi) müalicə olması ilə qırılmaz şəkildə bağlıydı. Rasputin çar ailəsini onların oğullarının həyatının məhz ona bağlı olmasına inandıra bilmişdi. Bunula bağlı Rasputin çar ailəsinə bildirirdi: "Nə qədər ki, mən sağam, şahzadə yaşayacaq”.

Daha sonra Rasputin dediyi bu sözləri yüngülcə dəyişərək, mənasını xeyli genişləndirmişdi. O belə deyirdi: "Mənim ölümüm, Sizin ölümünüz olacaq”. Həmin dövrdə Fransanın Rusiyada səfiri olmuş Moris Poleolaq Rasputinin çar sarayında özünü necə aparması haqqında yazırdı: ”Sarayda peyda olmasının elə ilk günündən Rasputin çar Nikolaya və onun həyat yoldaşına qeyri-adi səviyyədə təsir göstərməyi bacarmışdı. O, çar ailəsini fəth etmişdi. Bundan ötrü Rasputin onlara təriflər yağdırmamışdı. Əksinə, elə birinci görüşdən Rasputin onlarla sərt, cəsarətli və sərbəst davranmağa başlamışdı. Özlərinə qarşı daima tərif eşitmiş və təzim görmüş çar ailəsinə elə gəlirdi ki, onlar rus torpağının əsl səsini eşidirlər”.

Müvəqqəti hökumət dövründəki fövqəladə istintaq komissiyasında “Rasputin fenomeni”ni araşdıran V.M.Rudnev bidirirdi ki, Rasputinin şəxsiyyəti ruhi baxımdan onun haqqında danışılan və yazılanlar kimi sadə deyildi. ”Sibir rahibinin” müasiri və hətta bir ara onunla dostluq etmiş ieromonax İliodor (S.M.Turufanov) Qriqoriy haqqında belə deyirdi: "Heç şübhə yoxdur ki, Qriqoriy Rasputinə peyğəmbərlik xüsusiyyətləri verilib. O, müqəddəs kitablardakı peyğəmbərlər kimi hadisələri öncədən görə bilirdi”.

Bütün bu fikirlərə baxmayaraq, çar II Nikolay Rasputinin tez-tez sarayda peyda olmasını xoşlamırdı və həmdə ki, Peterburqda “rahibin” özünü çox ədəbsiz aparması barəsində sözlər gəzirdi. Belə bir versiya da mövcuddur ki, Rasputin şox vaxt hökumətdəki nazirlər barəsində çarla mübahisə edirmiş. O, II Nikolaya nazirlərin onu aldatdıqlarını söyləyirmiş. Lakin 1914-cü ilin yayında Rasputin Birinci Dünya Müharibəsi ərəfəsində baş verən hadisələrin gedişinə müdaxilə imkanını itirmişdi. Çünki “rahib”ə qarşı sui-qəsd təşkil edilmişdi və onu öldürmək istəyən qadın Xioniya Qusevanın vurduğu bıçaq zərbələrindən sonra Rasputin qarın nahiyyəsindən aldığı ağır yaralardan müalicə olunurdu. Çara göndərdiyi məktubunda Rasputin yazırdı: "Rusiyanın başı üzərindən qara buludlar asılıb, bədbəxtliklər və acılar lap çoxdur, işiq yeri isə yoxdur, göz yaşları dəryalar qədərdir, bəs tökülən qanlar? Sözsüz ki, dəhşətdir. Bilirəm ki, hamı səndən müharibə istəyir. İlahinin cəzası yaman ağır olur. Sən çarsan, xalqın atasısan, ağılsızların təntənəsinə imkan vermək olmaz. Çünki onların istəyi səni də, xalqı da məhv edəcək. Hamı böyük qan içərisində boğulacaq”.

Rusiyanın gələcək taleyinə acımasına baxmayaraq, Rasputin öz şəxsi mənfəətini də unutmurdu. Onun müasirlərinin çoxsaylı xatirələrinə görə, Qriqoriy kimlərinsə vəzifə postunda irəliləməsi üçün yaxşıca rüşvət də alırdı. Onun keçirdiyi eyş-işrət məclisləri və sərxoş vəziyyətdəki dava-dalaşları Peterburqluları dəhşətə və təngə gətirmişdi. Tanınmış zadəgan ailələrinin nümayəndələri belə hesab edirdilər ki, Rasputin II Nikolaya və onun ailəsinin nüfuzuna ciddi şəkildə xələl gətirir. Digər tərəfdən isə onun imperatriça Aleksandra Fyodrovna ilə hədsiz yaxın əlaqədə olmasından şübhələnirdilər. Bütün bunların hamısı haqlı olaraq, hakim zümrəni bərk qəzəbləndirirdi və elə ona görə də imperatorın yaxın ətrafı tərəfindən Rasputinə qarşı fitnə-fəsadın təməli qoyulmağa başlanmışdı. Rasputini sui-qəsdlə aradan götürməyin təşəbbükarları imperatorun yaxın qohumu İrina Aleksandrovnanın əri Feliks Yusupov və IV Dövlət Dumasının deputatı, özünün mühafizəkar baxışları ilə tanınan Vladimir Purişkeviç, imperatorun əmisi oğlu böyük knyaz Dmitriy Pavloviç idi. Bundan əlavə, digər bir versiyaya görə isə Rasputinin ölümünü təşkil edənlər arasında hərbi həkim Stanislav Lazovert və porutçik Sergey Suxotin də olub.

1916-cı ilin 29 dekabr günü onlar Rasputini knyaz Yusupovun sarayına Peterburqun tanınmış gözəl qadınlarından və imperatorun ən yaxın qohumlarından olan knyaginya İrina Aleksandrova (Yusupovun arvadı) ilə görüşmək bəhanəsi ilə dəvət edirlər. Amma həmin gün İrina Aleksandrova heç evdə deyilmiş. Çox geniş yayılmış versiyaya görə, Yusupov və Puruşkeviç “boz kardinalı” ”Madeyra” şərabı və içərisinə kalium sianid zəhəri qatılmış piroqa qonaq ediblər (Versiyadan birinə görə isə 1936-cı ildə Lazovert bidirib ki, piroqun içərisinə kalium sianid deyil, aspirin qatılıbmış). Ümumiyyətlə isə Qriqoriy Rasputini həmin gün tapançadan açılan bir neçə atəş nəticəsində qətlə yetirirlər. Sui-qəsdçilər Qriqoriy Rasputinin cəsədini Kiçik Neva çayına tullayırlar. Bir gündən sonra onun cəsədi sudan çıxarılaraq məhkəmə-tibbi ekspertizasında araşdırıldıqdan sonra Çarskoye Seloda dəfn edilir. Müvəqqəti Hökumət hakimiyyətə gəldikdən sonra isə Rasputinin cəsədinin eksqumasiya olunmasına (qəbirdən çıxarılmasına) və Peterburq Politexnik institutunun qazanxanasında yandırılmasına əmr verilmişdi.

Rasputinin şəxsiyyətinə və taleyinə olan maraq bu gün də səngiməyib.

Hazırda belə bir versiya irəli sürülür ki, Yusupov və digər rus sui-qəsdçiləri sadəcə olaraq Britaniya kəşfiyyatının düşündüyü planı həyata keçiriblər. Belə bir sensasiyanın müəllifi Skotland-Yardın (London polisi) yüksək vəzifəli əməkdaşı olmuş Riçard Kollendir. Həmin versiya xüsusi xidmət orqanları üzrə tarixçı general-leytenant Aleksandr Zdavoviç tərəfindən də müdafiə edilir. FSB (Федеральная Служба Безопасности)-nin bu məsələ ilə əlaqədar yaxın zamanlarda açılmış arxiv materialları da həmin versiyanın doğruluğunu təsdiqləyir. O dövrdə bəlli idi ki, Rasputin II Nikolayı Almaniya ilə separat sülh bağlanmasına tərəf yönəltmək istəyirdi. Bu isə İngiltərəyə qətiyyən sərf etmirdi və elə ona görə də ingilis kəşfiyyatı öz məqsədi üçün Yusupov-Purişkeviç sui-qəsd planından məharətlə istifadə etməyi bacarmışdı...

Zdanoviç hesab edir ki, Yusupov və Purişkeviçdən başqa daha bir adam da Rasputinə atəş açıb. Həmin bu şəxs ingilis zabiti olub və o, baş verən hadisələri gizləndiyi yerdən izləyirmiş. Yuspovun açdığı atəşdən yaralanan Rasputin otaqdan çıxıb və səndələyərək qaçmağa başlayıb. Məhz elə bu anda həmin ingilis zabiti sərrast atəşlə Rasputini öldürüb. Belə güman edilir ki, ”Sibir rahibini” öldürən şəxs Yusupovun “Oksford Universitet kolleci”ndən olan tələbə yoldaşı və həmiçinin də ingilis zabiti Osvald Rayner olub.

Britaniya kəşfiyyat arxivlərində saxlanılan fotoqrafda ölmüş Rasputinin alnındakı güllənin yeri aydın görünür. Rasputinin ölümünə səbəb olmuş atəş çox yaxın məsafədən açılıb. Purüşkeviç uzaqdan, Yusupov isə Rasputinin kürəyinə atəç açıb. Digər tərəfdən isə tibbi ekspertlərin verdikləri rəyə əsasən güllə deşiklərinin ölçüləri fərqli olub. Ona görə də ekspertlər müəyyən ediblər ki, Rasputinə müxtəlif tapançalardan atəş açılıbmış.

Deyirlər ki, Rasputin öz ölümünü öncədən görürmüş. Ölümündən bir həftə əvvəl Rasputin çara öz vəsiyyətini göndərib.”Sibir rahibi” orada yazırdı: "Pokrovskiy kəndindən olan Qriqoriy Yefimoviç Rasputinin ruhu. Mən bu məktubu yazıb, Peterburqa qoyuram. Mən hiss edirəm ki, yanvar ayının birinə kimi (1917-ci il) həyatdan gedəcəm. Əgər məni müzdlu qatil, rus kəndlisi, qardaşlarımdan biri öldürərsə, onda ey rus çarı, sənin üçün təhlükə olmayacaq. Taxtında qal və çarlığına davam et! Sən öz uşaqlarından da narahat olma. Onlar hələ yüz illərlə Rusiyaya hökmranlıq edəcəklər. Əgər məni boyarlar və zadəganlar öldürərsə, onda mənim qanım onların üzərində qalacaq. Onlar bu qanı iyirmi beş il yuya bilməyəcəklər və Rusiyanı tərk edəcəklər. Qardaş-qardaşa qarşı çıxacaq, bir-birlərini qıracaqlar və iyirmi beş il Rusiyada zadəganlıq olmayacaq. Rusiya torpağının çarı, bil və agah ol ki, əgər Qriqorini sənin qohumların qətlə yetirərsə, bax onda, sənin ailəndəkilər, uşaqlar və yaxınların iki ildən artıq yaşamayacaq. Onları rus xalqı öldürəcək”.

Hazırladı: Vaqif Nəsibov