Pakistanın paytaxtı İslamabadda İran ilə ABŞ arasında keçirilən atəşkəs danışıqları razılaşma əldə olunmadan başa çatıb. Buna baxmayaraq region ölkələrinin diplomatik fəalliyyəti davam edir.
"The Wall Street Journal" nəşrinin məlumatına görə, Türkiyənin başçılıq etdiyi regional aktorlar ABŞ və İran arasında dialoqu bərpa etmək məqsədilə intensiv məsləhətləşmələrə başlayıb.
Qeyd olunur ki, Pakistan və Misir də bu prosesə qoşularaq iki həftəlik atəşkəsin uzadılması üçün təşəbbüslər irəli sürür.
Mənbələrə görə, tərəflər arasında əsas fikir ayrılıqları Hörmüz boğazının ödənişsiz açılması, İranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcəyi və xaricdə dondurulmuş milyardlarla dollar vəsaitin taleyi ilə bağlıdır. Tehran bu məsələlər üzrə müəyyən güzəştlər təklif etsə də, ortaq məxrəcə gəlinməyib.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İranın danışıqlara qayıdıb-qayıtmamasının onun üçün prioritet olmadığını vurğulayıb.
“Geri dönməzlərsə, bu mənim üçün problem deyil”, -deyə o qeyd edib.
Ekspertlər hesab edir ki, Hörmüz boğazı ətrafına yaranan bu problem regionda gərginliyi daha da artıraraq enerji bazarlarına ciddi təsir göstərə bilər.
"AzPolitika.info"

Şərhlər