Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

"AzPolitika" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

O hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

Qeyd edək ki, Anar Bayramov 1975-ci ildə anadan olub.

Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitirib. 

Anar Bayramov Azərbaycan Tibb Universitetində təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla başa vurub. , Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini də fərqlənmə diplomu ilə bitirib. 

2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim, 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti, baş direktorun müavini, baş direktoru, Şirkətin İdarə Heyətinin sədri,vəzifələrində çalışıb.

Eyni zamanda, 2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti kimi çalışıb. 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin Sədri, 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.

2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.