Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün istehsal lisenziyası istəyib, lakin bu müraciət nəticəsiz qalıb. Zelenskinin sözlərinə görə, ABŞ hazırda ayda təxminən 60 ədəd “Patriot” raketi istehsal edir. 

O qeyd edib ki, əvvəlki ABŞ administrasiyasına -Prezident Co Bayden dövründə də bu təkliflə müraciət edib. 

“Onlara dedim ki, mənə lisenziya verin, istehsalı ikiqat artırmağı sizə təmin edəcəyəm”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti həmçinin ölkənin öz antiballistik müdafiə sisteminə ehtiyacı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparılır və yerli şirkətlərə də tapşırıqlar verilib.

Zelenski qeyd edib ki, məqsəd bir il ərzində belə bir sistemin yaradılmasıdır, lakin bu, “çox çətin, amma mümkün” hədəfdir.

Ukrayna lideri Avropa İttifaqı ölkələri ilə də bu mövzunu müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, artıq bir sıra “əsas ölkələrlə” təmaslar qurulub, lakin bütün tərəflərlə hələ danışıqlar tamamlanmayıb.

Zelenski daha əvvəl də Ukraynanın hava hücumundan müdafiə üçün raket çatışmazlığı yaşadığını bildirib. O, Yaxın Şərqdəki müharibə fonunda ABŞ resurslarının bölünməsinin Ukraynaya tədarükləri azalda biləcəyini də istisna etməyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndələri də “Patriot” sistemləri üçün sursatlara qənaət edildiyini təsdiqləyiblər, çünki Rusiya hücumlarının intensivliyi yüksək olaraq qalır.

“AzPolitika.info”