Avropa İttifaqının xarici işlər nazirləri bu gün Ermənistanda yeni mülki missiyanın başlanmasına “yaşıl işıq” yandırdılar. Missiya İrəvana hibrid təhdidlər – seçki proseslərinə xarici müdaxilələr, kiberhücumlar və qanunsuz siyasi maliyyələşmə ilə mübarizədə kömək etməlidir. Missiya yaxın aylarda fəaliyyətə başlayacaq, iki illik mandatı olacaq və “Ermənistan Respublikasında Avropa İttifaqının Tərəfdaşlıq Missiyası” (EUPM Armenia) adlanacaq.
Onun göndərilməsi üçün Ermənistan hələ ötən ilin dekabrında Avropa İttifaqına müraciət etmişdi. Brüsseldə və Ermənistanda aparılan müzakirələrdən sonra ittifaqın səfirləri keçən həftə yekdilliklə missiyanın yaradılması təklifinə səs verdilər.
Qeyd edək ki, “EUPM Armenia” əsasən 2023-cü ildə yaradılmış EUMA adlı başqa bir missiyanı əvəz edəcək. Həmin missiya “Ermənistan–Azərbaycan sərhədini müşahidə etmək və etimadın gücləndirilməsinə” töhfə vermək üçün yaradılmışdı. Onun dörd illik mandatı 2027-ci ilin əvvəlində başa çatır. Missiyada 200-dən çox əməkdaş var.
Yeni missiyanın isə cəmi 20–30 nümayəndədən ibarət olacağı gözlənilir. Onlar əsasən İrəvanda Ermənistan hökuməti ilə sıx əməkdaşlıq edəcəklər.
“EUPM Armenia”nın Azərbaycanla birbaşa əlaqəsi olmayacaq. Bununla belə, əvvəlki Aİ sənədlərində qeyd olunurdu ki, Brüssel Azərbaycanla təmasları davam etdirəcək.
Yerli medianın əldə etdiyi sənədlərə görə, yeni missiyanın əsas narahatlıqlarından biri Rusiyanın müdaxiləsidir, xüsusilə də Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri fonunda.
Bəzi Aİ diplomatlar bildiriblər ki, Brüssel “Moldova uğur modelini” təkrarlamağa ümid edir. Orada Avropayönlü qüvvələr seçkilərdə hakimiyyətdə qalıb. O vaxt Moldova paytaxtına tam missiya göndərilməsə də, Aİ seçkilərdə Rusiya dezinformasiyasını aşkar etmək üçün dəstək vermişdi.
Missiya həmçinin Ermənistanın gələcək yerli seçkilərinə və parlament seçkilərindən sonra mümkün konstitusiya referendumuna dəstək verəcək.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər