Ermənistanda növbəti parlament seçkisi yaxınlaşdıqca, Cənubi Qafqaz regionuna diqqət də çoxalır. Xüsusilə də bu seçkinin nəticəsinin TRİP (Zəngəzur dəhlizi) layihəsinin reallaşmasına təsiri baxımdan ciddi əhəmiyyəti qeyd edilməlidir. 

Belə ki, Ermənistanda Rusiyanın marionetkası olan və Kremlin maraqlarından çıxış edən məlum qüvvələr artıq indidən həmin layihəni şübhə altına almağa başlayıblar. Bu isə təkcə region ölkələrində deyil, sözügedən layihədə maraqları olan ABŞ-də də narahatlıq yaradır.

“AzPolitika” xəbər verir ki, ABŞ senatorları Cin Şahin (Jeanne Shaheen) və Tom Tillis “Meta” və “Alphabet” şirkətlərinə müraciət ünvanlayıblar. Senatorlar bu qlobal əhəmiyyətli şirkətlərə göndərdikləri məktubda onları “2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl Rusiya dezinformasiyasının yayılmasının qarşısını almaq üçün kifayət qədər resurs ayırmağa” çağırıblar.

Məktubda xəbərdarlıq edilir ki, Rusiya bu seçkidə öz namizədlərini qalib elan etmək, Ermənistanın demokratik inkişafını və Zəngəzur dəhlizi də daxil olmaqla, vacib layihələri bloklamaq üçün çalışacaq: "Müstəqil ekspertlər hesab edirlər ki, Rusiya Ermənistandakı demokratik prosesin nəticəsinə təsir göstərmək üçün “Meta” platformalarından yararlanmaq da daxil olmaqla, Moldova strategiyasından istifadə edir.

“Meta” və “Alphabet”-in diqqətinə Rusiya Federasiyasının demokratik seçkilərə müdaxilə etmək üçün daha bir cəhdini çatdırırıq - bu dəfə Ermənistanda 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində. Bu seçkilər Ermənistanın gələcəyini müəyyən etmək üçün çox vacibdir, çünki onlar, çox güman ki, sülh danışıqlarının əsas komponenti olan Trampın Beynəlxalq Sülh və Rifaha Yolu layihəsi də daxil olmaqla, regional sülh təşəbbüslərinin və nəqliyyat infrastrukturu layihələrinin nəticəsini müəyyən edəcək. Heç bir xarici qüvvənin Ermənistanın suveren qərarlarının nəticəsinə təsir etməsinə icazə verilməməlidir.

Amerika Birləşmiş Ştatları Ermənistandakı demokratik prosesin nəticəsi ilə bağlı fikirlərində qərəzsiz qalmalı olsa da, xarici bir qüvvənin öz iradəsini erməni xalqına qəbul etdirmək cəhdlərinə göz yuma bilmərik. Bu cəhdlərdə ABŞ yurisdiksiyası altındakı platformalardan istifadə edilərsə, bu cür hərəkətlərin qarşısını almaq məsuliyyətimiz daha da vacib olur. “Meta”-nı Ermənistanda azad və ədalətli seçkilərin təmin edilməsinə kömək etməyə, “Alphabet”-i Ermənistan seçkiləri ərəfəsində Rusiyanın dezinformasiyasına qarşı mübarizə aparmaq üçün kifayət qədər resurs ayırmağa çağırırıq".

Məlum olduğu kimi, Ermənistanda iyunda keçiriləcək seçkidə Baş nazir Nikol Paşinyanın əsas rəqibləri Kremlin göndərdiyi milyarder Samvel Karapetyan və ölkənin sabiq prezidenti, açıq-aşkar Rusiya canişini kimi çıxış edən Robert Koçaryan olacaq. Onların hər ikisi revanşist və qatı millətçi bəyanatlarla, eləcə də Qarabağ və Zəngəzur layihəsi mövzularında aqressiv ritorika ilə çıxış edirlər.

C.Məmmədli

“AzPolitika.info”