Politoloq Elxan Şahinoğlu Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri ilə bağlı Rusiya mediasında yayılan reaksiyaları şərh edib. 

O bildirib ki, Rusiya mediası Zelenskinin xarici səfərlərini diqqətlə izləyir və onların nəticələrini fərqli şəkildə təqdim edir: “Rusiya mediasının bir qismi sadəcə səfər və imzalanan razılaşmalar barədə məlumat verir. Digər qismi isə Ukrayna–Azərbaycan əməkdaşlığını Rusiya əleyhinə yönəlmiş addım kimi təqdim etməyə çalışır”.

Şahinoğlu qeyd edib ki, bəzi Rusiya resurslarında “Azərbaycan Rusiyaya arxadan zərbə vurdu” kimi ifadələr yer alıb. Onun sözlərinə görə, bu cür yanaşmalar reallığı əks etdirmir/

 “2024-cü ildə Azərbaycanın mülki təyyarəsinin Rusiya hava məkanında vurulması və vətəndaşlarımızın həlak olması faktı hər şeyi açıq göstərdi”? -deyə, o, bildirib.

Politoloq Zelenskinin Bakı ilə bağlı təklifinə də toxunub. Ukrayna Prezidenti Bakıda Rusiya və Ukrayna nümayəndələrinin növbəti görüşünün keçirilməsini təklif edib.

Bu təklifə Rusiya daxilində müxtəlif reaksiyalar verilib. Vladimir Cabarov görüşün Azərbaycanda keçirilməsini mümkün sayıb, Konstantin Zatulin isə buna qarşı çıxıb. Viktor Vodolatskiy də Zatulinlə eyni mövqeni bölüşüb.

E.Şahinoğlu bu fərqli yanaşmaları şərh edərək bildirib ki, Azərbaycan heç vaxt danışıqlar prosesini öz xarici siyasət prioritetinə çevirməyib: “Bu, Ukrayna Prezidentinin təklifidir. Azərbaycan isə balanslı siyasətinə uyğun olaraq vasitəçilik təcrübəsinə malikdir”.

Politoloq xatırladıb ki, əvvəllər də Türkiyə–İsrail danışıqları Bakıda aparılıb, eləcə də müxtəlif hərbi görüşlər Azərbaycanda təşkil olunub.

Elxan Şahinoğlu sonda Rusiyada səslənən “Azərbaycan Ukrayna ilə hərbi-texniki əməkdaşlığı genişləndirir” iddialarına da münasibət bildirib: “Azərbaycanın hərbi-texniki əməkdaşlığı heç bir ölkəyə qarşı yönəlməyib. Bu, sırf müdafiə qabiliyyətimizin gücləndirilməsinə xidmət edir. Bu, bizim daxili işimizdir”.

"AzPolitika.info"