Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid daha qısa müddətdə reallaşa bilər.
"AzPolitika" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq əmək haqqı ilə bağlı qanun layihələrinin hazırlanması istiqamətində işlər aparılır. Onun sözlərinə görə, bu, əmək bazarında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Vüqar Bayramov vurğulayıb ki, inkişaf etmiş ölkələrin təcrübəsi saatlıq əmək haqqı sisteminin bir sıra üstünlüklərə malik olduğunu göstərir. Belə ki, bu model vətəndaşların əsas iş saatlarından artıq – “overtime” rejimində işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bu sistem bir neçə iş yerində çalışmaq imkanlarını genişləndirir ki, bu da əmək bazarı üçün mühüm amillərdən hesab olunur.
Millət vəkili izah edib ki, yeni mexanizmin tətbiqi əmək haqqının aylıq deyil, saatlıq əsasda hesablanmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, saatlıq əmək haqqı sisteminin tətbiqi vətəndaşların işlədikləri vaxtın daha dəqiq – saatlar üzrə hesablanmasına imkan yaradacaq və bu da əməkhaqqında artımlara səbəb ola bilər.
Deputat əlavə edib ki, bu model çərçivəsində vətəndaşlar saatlar üzrə differensial şəkildə bir deyil, bir neçə iş yerində fəaliyyət göstərə biləcəklər. Bu isə onların ümumi gəlirlərinin artmasına təsir edən əsas amillərdən biri olacaq.
Vüqar Bayramov beynəlxalq təcrübəyə istinad edərək bildirib ki, qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlara xüsusi əmsalların tətbiqi nəzərdə tutula bilər. Bu da əlavə əmək haqqı əldə edilməsinə imkan yaradır.
Deputat vurğulayıb ki, saatlıq əmək haqqı sistemi inkişaf etmiş ölkələrdə geniş tətbiq olunan mexanizmdir və əsas məqsəd vətəndaşların əməyinin daha yüksək qiymətləndirilməsidir.
Eyni zamanda o qeyd edib ki, yeni sistem tətbiq olunarkən müvafiq meyarlar müəyyənləşdiriləcək. Saatlıq əmək haqqı üçün minimum məbləğlər müəyyən ediləcək və bu göstəricilər aylıq minimum əmək haqqına uyğunlaşdırılmaqla daha yüksək səviyyədə formalaşdırılacaq.
Vüqar Bayramov bildirib ki, hazırda mexanizmin hazırlanması prosesi davam edir və son razılaşdırmalardan sonra tətbiq müddəti ilə bağlı qərar veriləcək. Bu sistemin tətbiqi bütövlükdə əmək haqqı mexanizmində mühüm yenilik kimi çıxış edəcək.
"AzPoıitika.info"

Şərhlər
Bu və b deputatlar doğrudanmı bu şəhərdə yaşayır.Onlarin marketlərdə ki qiymətlərdən internet qiymətlərindən xəbərləri varmi?Nəyi gözləyirlər Minumum əmək haqqı niyə artmır Deputatlar ilin 3ayini minumum əmək haqqı ilə dolandsinar.Onlarin maaşı minumum əmək haqqının 5 mislindən çox olmamalıdır onda artırırlar minumum əmək haqqını.vergi məcəlləsində gəlir vergisinə baxilmalidir
Bunlar utanıb yerə girmirlər.... iş yeri varki ,hələ bu deyir bir neçə işdə işləmək olacaq......