Yeni Klinikaya, Mərkəzi Neftçilər Xəstəxanasına, Abşeron Rayon Mərkəzi Xəstəxanasına, Kliniki Tibbi Mərkəzə yeni direktorlar təyin olunub.
"Azpolitika" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova Zəhra Şamil qızı Yeni Klinikaya direktor təyin edilib.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov Əmr imzalayıb.
Zəhra Vəzirova eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.

O, 1991-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almışdır. 1997–1998-ci illərdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Anesteziologiya və Reanimasiya ixtisası üzrə internatura keçmişdir.
Z.Vəzirova 1998–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-reanimotoloq kimi, 2005–2012-ci illərdə həmin tibb müəssisəsinin İntensiv terapiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012–2018-ci illərdə Milli Onkologiya Mərkəzində Reanimasiya, həmçinin Anesteziologiya və reanimasiya şöbəsinə rəhbərlik edib. 2019–2024-cü illərdə isə İ.M.Seçenov Universitetinin Tədris-Simulyasiya Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib.
2006-cı ildən Azəri Toksikoloq Cəmiyyətinin Sədr müavinidir. 40-dan çox elmi məqalənin müəllifidir. 2012-ci ildən IACMAC-ın üzvüdür. 40-dan çox elmi işi çap olunub.
Xatırladaq ki, Yeni Klinikanın direktoru Barat Yusubov aprelin 22-si vəzifəsindən azad olunub.

Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edilib
Bununla bağlı da TƏBİB-in İdarə Heyətinin sədri Anar Bayramov Əmr imzalayıb..
Zaur Xəlilov 1991–1997-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali tibb təhsili alıb.
1997–1998-ci illərdə akademik M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə üzrə internatura keçib. 1999–2002-ci illərdə həmin mərkəzdə ümumi cərrahiyyə üzrə aspirantura təhsili alıb. 2009–2010-cu illərdə ixtisasını Avstriyanın Vyana Tibb Universitetində ümumi, laparoskopik və orqan nəqli üzrə Fellowship diplomuna yiyələnib.
2015-ci ildə Rusiyada Moskva Kliniki Elmi Mərkəzində “Onkologiya” ixtisası üzrə hazırlıq keçib, həmçinin həmin il akademik M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində cərrahiyyə üzrə doktorantura təhsili alıb.
1999–2002-ci illərdə akademik M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərib. 2002-ci ildən etibarən Mərkəzi Klinikada ümumi cərrah kimi çalışır.
Zaur Xəlilov Azərbaycan Cərrahlar Cəmiyyətinin üzvüdür. Hazırda Mərkəzi Klinikada şöbə müdiri və cərrah kimi fəaliyyətini davam etdirir.

Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Abbasov Musa Qara oğlu Kliniki Tibbi Mərkəzə direktor təyin edilib.
Bununla bağlı da TƏBİB-in İdarə Heyətinin sədri Anar Bayramov Əmr imzalayıb
M.Abbasov 1996-2003-cü illərdə Azərbaycan və Ukraynada bir sıra xəstəxanalarda həkim olaraq fəaliyyət göstərib. 2003-2014-cü illərdə Mərkəzi Klinik Xəstəxanada fəaliyyət göstərərək baş həkim, baş direktor və direktorlar şurasının üzvü kimi müxtəlif rəhbər vəzifələrdə çalışıb. Eyni zamanda Mərkəzi Klinikanın Gəncə diaqnostika və klinik xəstəxanalarında baş həkim, baş direktor vəzifələrində fəaliyyət göstərib.
2014–2020-ci illərdə Bona Dea Beynəlxalq Hospitalında baş direktorun müavini və baş həkim vəzifələrini icra edib.2020-ci ildən hazırkı təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb. ABŞ, Almaniya, Belçika, Türkiyə kimi ölkələrdə xəstəxana idarəetmə sistemi (HIS) konfranslarının iştirakçısı olub.
Musa Abbasov 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Əməkdar həkim" adı ilə təltif edilib. O, I Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır. 2020-ci ildə Vətən müharibəsi zamanı rəhbərlik etdiyi tibbi heyətlə birlikdə yüzlərlə yaralı hərbçinin əməliyyat və müalicəsinin təşkilində mühüm rol oynayıb.

Lətifov Hacı Məhəmmədoviç Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Bununla bağlı da TƏBİB-in İdarə Heyətinin sədri Anar Bayramov Əmr imzalayıb
Təcrübəli cərrah Hacı Lətifov 1997-1998-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasında Ümumi cərrahiyyə şöbəsində internaturanı tamamladıqdan sonra, 1998-2019-cu illərdə həmin xəstəxanasının Cərrahiyyə şöbəsində ümumi cərrah kimi fəaliyyət göstərib.
2019-2023-cü illərdə Medistyle Hospitalda ümumi cərrah, 2023-2025-ci illərdə isə Yeni Klinikada ümumi cərrah olaraq fəaliyyət göstərib. 13.01.2025-ci il tarixindən hazırkı təyinatınadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi xidmətlər üzrə müavini vəzifəsində çalışıb.
H.Lətifov 2007-ci ildə Rusiyada "Diaqnostika laparoskopiya, Operativ laparoskopiya" üzrə ixtisasartırma akademiyasını, 2008 və 2009-cu illərdə Almaniyanın Humbolt Kliniki Mərkəzində keçirilən kursları, 2014-cü ildə Hindistanın "Galaxy Care" Laparoskopiya İnstitunda "Laparoskopiya və Laparoskopik Ginekoloji Onkologiya" kursunu tamamlayıb.





Şərhlər
Məzmun necə?dəyiṣəcəkmi?