Xəbər verdiyimiz kimi, Ukrayna ordusu Rusiyanın dərin arxa cəbhəsində yerləşən hərbi obyektə zərbə endirib. Hücum nəticəsində Rusiyaya məxsus bir “Su-57” qırıcı təyyarəsi və bir ədəd “Su-34” bombardmançı məhv edilib

“AzPolitika” Ukrayna teleqram kanallarına istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər bölmələri Rusiyanın Çelyabinsk vilayətində yerləşən Şaqol aerodromu istiqamətində keşrdiyi əməliyyatın görüntüləri yayılıb.

Qeyd edək ki, əməliyyatın ən diqqətçəkən tərəfi zərbənin Ukrayna sərhədindən təxminən 1700 kilometr məsafədə yerləşən hədəfə endirilməsi olub. Bu, Ukraynanın uzaqmənzilli dron imkanlarının əhəmiyyətli dərəcədə genişləndiyini göstərir.

Rəsmi açıqlamalarda bildirilir ki, bu zərbə Rusiyanın Ukrayna ərazisində mülki hədəflərə hücum imkanlarını zəiflətmək məqsədi daşıyıb.

Xüsusilə “Su-57” kimi 5-ci nəsil döyüş təyyarələrinin itirilməsi Rusiya üçün ciddi hərbi və texnoloji zərbə hesab olunur. Bu tip təyyarələr həm say baxımından məhduddur, həm də yüksək dəyərə malikdir.

Eyni zamanda “Su-34” təyyarələri Ukraynaya qarşı bombardman əməliyyatlarında aktiv istifadə olunur və onların sıradan çıxarılması birbaşa cəbhə xəttində təsir yarada bilər.

Son aylarda Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsi daha intensiv xarakter alıb. Analitiklər hesab edir ki, bu, müharibənin “uzaq məsafəli müharibə” mərhələsinə keçdiyini göstərir.

Bu cür əməliyyatlar bir tərəfdən Rusiyanın arxa cəbhədəki təhlükəsizlik sistemlərinin zəifliyini ortaya qoyur, digər tərəfdən isə Ukraynanın texnoloji və taktiki imkanlarının artdığını nümayiş etdirir.

Hələlik Rusiya tərəfi hadisə ilə bağlı geniş açıqlama verməyib. Lakin bu hücumun Kreml üçün həm hərbi, həm də reputasiya baxımından ciddi nəticələr doğura biləcəyi ehtimal olunur.


Rasim Əliyev

“AzPolitika.info”