Rusiyada sosial bərabərsizlik səviyyəsi 2025-ci ilin yekunlarına görə 2007-ci ilin rekord göstəricisini təkrarladıqdan sonra "Rosstat" gəlirlərin bölgüsünü ölçən əsas indikator – Cini əmsalının hesablanma qaydasını dəyişib.
"AzPolitika" Rusiya mediasına istinadla xəbər verir ki, bu dəyişiklik rəsmi statistikada gəlir fərqlərinin daha “yumşaq” görünməsinə və hakimiyyətin qarşıya qoyduğu 2030-cu il hədəflərinə yaxınlaşmağa şərait yaradır.
Yeni metodologiyaya əsasən, gəlirlər artıq vergilər çıxıldıqdan sonra hesablanır və regionlararası fərqlər də nəzərə alınır. Halbuki əvvəlki yanaşmada bu amillər ya məhdud şəkildə, ya da ümumiyyətlə nəzərə alınmırdı.
Mütəxəssislər bildirirlər ki, metodikanın dəyişdirilməsi texniki baxımdan əsaslandırıla bilsə də, onun tətbiqi vaxtı diqqət çəkir. Belə ki, bərabərsizliyin maksimum həddə çatdığı bir dövrdə bu cür dəyişiklik rəsmi rəqəmlərin “kosmetik düzəlişi” kimi də qiymətləndirilir.
Digər mühüm məqam isə müqayisə imkanlarının məhdudlaşmasıdır. Normal praktikaya görə, metodologiya dəyişdirildikdə əvvəlki illərin məlumatları da yeni qaydaya uyğun yenidən hesablanmalıdır ki, tendensiyalar aydın görünsün. Lakin "Rosstat" bunu etməyib. Nəticədə son 5-10 ilin göstəricilərini obyektiv müqayisə etmək çətinləşir ki, bu da statistikaya inamı zədələyən əsas amillərdən biri kimi qiymətləndirilir.
Mövzu fonunda Rusiyanın iqtisadi vəziyyəti ilə bağlı ziddiyyətli siqnallar da diqqət çəkir. Mərkəzi Bankın sədri Elvira Nabiullina 2025-ci ilin ikinci yarısında mümkün resessiya ehtimallarını qəti şəkildə rədd edir, real gəlirlərin artdığını və işsizliyin yüksəlmədiyini əsas arqument kimi göstərirdi. O, xüsusilə sentyabr ayında keçirilən maliyyə forumunda iqtisadi geriləmədən danışmağın tez olduğunu vurğulamışdı.

Lakin artıq 2026-cı ildə vəziyyət dəyişib. Rəsmi statistikaya görə, ilin ilk rübündə ÜDM azalıb və iqtisadi geriləmə faktı təsdiqlənib. Bundan sonra Nabiullina əmək bazarında “misli görünməmiş kadr çatışmazlığı” olduğunu açıqlayıb və bu amilin Mərkəzi Bankın qərarlarına birbaşa təsir etdiyini bildirib. Diqqət çəkən məqam isə odur ki, o, əhalinin real gəlirlərinin dinamikası ilə bağlı əvvəlki kimi açıq mövqe sərgiləmir.
Analitiklər qeyd edirlər ki, hazırda Rusiyada qeyri-adi iqtisadi vəziyyət formalaşıb: rəsmi rəqəmlərə görə, əhalinin gəlirləri artır və işsizlik aşağı səviyyədə qalır, lakin eyni zamanda iqtisadi aktivlik zəifləyir və tələbat daralır. Bu paradoksun əsas izahlarından biri kimi məhz gəlir bərabərsizliyinin artması göstərilir. Yəni gəlirlərin artımı cəmiyyətin dar bir hissəsində cəmləndiyi üçün geniş əhali kütləsinin alıcılıq qabiliyyəti yüksəlmir.
Ekspertlərə görə, bu vəziyyət yarım il əvvəl mümkünsüz sayılan ssenarini reallığa çevirib: iqtisadiyyatın geriləməsi fonunda tam məşğulluq və rəsmi gəlir artımı eyni anda müşahidə olunur.
Bununla yanaşı, metodologiyanın dəyişdirilməsi, əvvəlki məlumatların yenidən hesablanmaması və ümumilikdə statistik şəffaflıqla bağlı suallar dövlət qurumlarına olan etimadı daha da zəiflədir. Müşahidəçilər hesab edir ki, rəsmi statistikanın etibarlılığına xələl gəlməsi iqtisadi siyasətin düzgün qiymətləndirilməsi və qərarların qəbulunu da çətinləşdirə bilər.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər