Menu

Nazirlər Kabinetinin şöbə müdiri istintaqa cəlb olunub?

26.11.2013, 10:40
Nazirlər Kabinetinin şöbə müdiri istintaqa cəlb olunub?

Qurban Sadıqovun məcburi köçkünlər üçün evlərin bölgüsündə yol verilən qanunsuzluqlara görə prokurorluğa çağırıldığı bildirilir

Məcburi köçkünlər üçün tikilən evlərin bölgüsü zamanı qanunsuzluqlara yol verilməsi aşkarlanıb. “Azadlıq”a daxil olan məlumata görə, bu, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin apardığı araşdırmalar nəticəsində üzə çıxıb. Dərhal faktla bağlı cinayət işi başlanıb.

Bu işlə bağlı icra hakimiyyətlərində işləyən xeyli şəxs Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə çağırılaraq ifadələri alınıb. Məlumata görə, bu işlə bağlı Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov da istintaqa cəlb olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə məlumatla bağlı “Azadlıq”ın sorğusuna cavabında bildirib: “Qeyd olunanlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə hər hansı müraciət daxil olmayıb”.

Qurban Sadıqovla bağlı redaksiyamıza daxil olan başqa məlumatda isə bildirilir ki, onun Bilgəh, Şamaxı, Göygöl, Ramanı və Bakı şəhərinin özündə çoxsaylı mənzilləri və malikanələri var. Həmçinin onun Abşeronda ferması, 7-ci mikrorayonda şirniyyat sexinin olduğu iddia edilir. Qurban Sadıqovun bir neçə bankda payçı olması da vurğulanır. “Avanqard” avtomobil satışı mərkəzinin ona məxsus olduğu bildirilir.

Bu məlumatlarla bağlı “Azadlıq” Qurban Sadıqovla da əlaqə saxlamağa cəhd edib. Lakin onun mobil nömrəsinə dəfələrlə zəng vurmağımıza, hətta mesaj yazmağımıza baxmayaraq şöbə müdiri telefonu açmayıb. Bununla belə onun da mövqeyini dinləməyə hazırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol