ABŞ Prezidenti Donald Tramp növbəti dəfə birmənalı qarşılanmayan bəyanatlarla çıxış edib. 

“AzPolitika” xəbər verir ki, Si Cinpinlə danışıqlar üçün Çinə yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada Donald Tramp Donbasın Rusiyaya verilib- verilməyəcəyi barədə sualı da cavablandırıb. O, Vladimir Putinlə Donbasın Rusiyaya verilməsi ilə bağlı hər hansı bir razılaşmanın olduğunu təkzib edib. Jurnalıistlərdən birinin iki lider arasında belə bir "anlaşma" olub-olmadığı barədə sualına Tramp "xeyr" cavabını verib, lakin təfərrüatlar barədə danışmayıb.

Məlum olduğu kimi, Kreml daha əvvəl Kiyevlə sülh danışıqlarının davam etdirilməsinin əsas şərtinin Ukrayna qoşunlarının bütün Donetsk və Luqansk vilayətlərindən çıxarılması olduğunu bildirmişdi.

Tramp həmçinin bəyan edib ki, hazırda dünyada yalnız iki ölkəni supergüc hesab edir: bunlar ABŞ və Vaşinqtonun "çox güclü münasibətləri olan” Çindir. Rusiya Trampın “siyahısı”nda yer almayıb. O deyib ki, ABŞ "hərbi cəhətdən Yer kürəsində ən güclü ölkədir və Çin ikinci ən güclü ölkə hesab olunur": "Heç kim bizə yaxın belə düşmür. Bunu Venesuela və ya İranda görürsünüz".

Bundan əlavə, Tramp bu il Rusiyaya səfər edə biləcəyini istisna etməyib. O, müxbirin sualına cavab olaraq "bu mümkündür" deyib.

Tramp həmçinin Ukraynada sülh razılaşmasına nail olmaq üçün "nə lazımdırsa edəcəyini" qeyd edib. Ağ Ev rəhbəri Kremlin başlatdığı müharibənin sona yaxınlaşdığına da əminliyini ifadə edib: "Düşünürəm ki, Rusiya və Ukrayna arasında razılaşma əldə edəcəyik".

“AzPolitika.info”