Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yaşanan problem sakinlərin gündəlik həyatını ciddi şəkildə təsir edir.

Bu barədə “AzPolitika”ya müraciət edən yerli sakinlərin bildirdiyinə görə, küçədə yerləşən su borusu artıq uzun müddətdir deşilib və içməli su fasiləsiz şəkildə yola axır. Onların fikrincə, ölkədə su ehtiyatlarından səmərəli istifadə, su strategiyası və qənaətlə bağlı çağırışların edildiyi bir dövrdə, içməli suyun bu şəkildə küçəyə axıdılıb, israf olunması qəbuledilməzdir.

Qeyd olunur ki, əvvəllər də ərazidə mövcud problem bir neçə dəfə yaşanıb, lakin problem köklü şəkildə həll edilməyib. Onların sözlərinə görə, aidiyyəti qurum əməkdaşları deşilmiş boruya çiv vuraraq, problemi tam həll etmədən ərazini tərk ediblər. Bir müddət sonra isə eyni problem yenidən təkrarlanmağa başlayıb.

Sakinlər tərəfindən saytımıza göndərilən videogörüntüdə də açıq-aydın görünür ki, içməli su gün boyu küçəyə doğru axır. Bu isə həm piyadaların, həm də avtomobillərin hərəkətinə maneçilik yaradır, həmçinin küçədə xoşagəlməz mənzərəyə səbəb olur.

Ərazi sakinləri onu da qeyd edirlər ki, problemlə bağlı dəfələrlə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin “Qaynar xətt”inə müraciət ediblər. Lakin bütün bu müraciətlər sonda cavabsız qalıb.

Yerli sakinlər aidiyyəti qurumlardan haqlı olaraq problemin müvəqqəti deyil, əsaslı şəkildə həll olunmasını tələb edirlər.

Qeyd edək ki, sakinlərin şikayəti ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə ünvanladığımız sorğu cavabsız qalıb.

“AzPolitika.info”