Xəbər verdiyimiz kimi, bazar günü Rusiya paytaxtı Moskva Ukraynanın kütləvi pilotsuz aparat hücumlarından birinə məruz qalıb. Ukrayna dronlarının bir sıra strateji obyektləri vurduğu bildirilir. Hədəflər arasında Moskva Neft Emalı Zavodu və Solneçnoqorsk yaxınlığındakı neft terminalı da var.
“Radio Svoboda”nın yaydığı araşdırmaya görə, Moskvanın şimal-qərbində, xüsusilə Ximki ətrafında Ukraynanın uzaqmənzilli pilotsuz aparatları ilə Rusiya hava hücumundan müdafiə sistemləri arasında faktiki “hava döyüşü” yaşanıb.
Məqalədə qeyd olunur ki, 2023-cü ildə Moskva ilk dəfə dron hücumuna məruz qalanda istifadə olunan aparatlarla indiki hücum vasitələri arasında ciddi fərq var. Hazırda Ukrayna tərəfi “FirePoint” şirkətinin istehsalı olan FP-1 kamikadze dronlarından, eləcə də “Bars” adlı reaktiv “dron-raket”lərdən istifadə edir. Bu aparatların döyüş başlığının 60 kiloqrama qədər olduğu bildirilir.
Bunun fonunda Rusiyanın paytaxtı əsasən “Pantsir-S1” sistemləri ilə qorunur. Moskva ətrafında bir neçə müdafiə halqası yaradılıb və 100-dən çox HHM mövqeyi yerləşdirilib. Bununla belə, “Pantsir-S1” sistemlərinin effektivliyi ilə bağlı əvvəllər də suallar yaranıb. Məsələn, Türkiyə 2020-ci ildə Suriyada bu sistemləri dronlarla məhv etmişdi.
Araşdırmada konkret hadisələrə də toxunulur. Belə ki, mayın 17-də Moskvanın şimalındakı Lobnenskaya küçəsində yaşayan sakinlərdən biri Ximki üzərində Ukrayna dronunu vurmağa çalışan “Pantsir” sisteminin raket buraxılışını videoya çəkib. Sonradan raketin dronu vura bilmədən yaxınlıqdakı meşəyə düşdüyü müəyyənləşdirilib.
Bu arada Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Ximki şəhər dairəsinin Starbeyevo qəsəbəsində dronun fərdi yaşayış evinə düşməsi nəticəsində bir qadın ölüb.
Bundan başqa, Mıtışşi şəhər dairəsinin Poqorelki kəndində yarımçıq tikilinin dron zərbəsi nəticəsində daha iki nəfərin həyatını itirdiyi açıqlanıb. Maraqlıdır ki, Poqorelki yaxınlığında da “Pantsir” sistemi yerləşdirilmiş xüsusi HHM qülləsi mövcuddur.
Araşdırma müəllifləri hesab edirlər ki, Moskva üzərində baş verən son hadisələr Ukraynanın uzaqmənzilli zərbə imkanlarının əhəmiyyətli dərəcədə artdığını və Rusiyanın hava müdafiə sistemlərinin isə əvvəlki kimi ciddi problemlərlə üzləşdiyini göstərir.
Rasim
“AzPolitika.info”

Şərhlər