Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, mayın 29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitində Ermənistanın təşkilatdakı statusu məsələsi müzakirə olunacaq.
“AzPolitika” bildirir ki, TASS-a müsahibəsində Overçuk qeyd edib ki, Moskva Ermənistanın Aİİ-ni tərk etməsini istəmir, lakin İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasının yaratdığı problemləri də görür.
“Bu çox mürəkkəb məsələdir. Biz Ermənistanın Aİİ-dən çıxmasını istəmirik, amma Avropa İttifaqına qoşulmaq və ya həmin blokla münasibətləri dərinləşdirmək halında yaranacaq problemləri də görürük. Bu problemlər artıq faktiki olaraq ortaya çıxmağa başlayıb”, – deyə Rusiya rəsmisi vurğulayıb.
Overçuk bildirib ki, əgər Ermənistan seçimini Avropa İttifaqının xeyrinə edərsə, Moskvanın ciddi sualları yaranacaq.
“Əgər Ermənistan Rusiyaya qarşı qeyri-dost mövqedə olan dövlətlərə qoşulursa, biz niyə bunu öz büdcəmiz hesabına dəstəkləməliyik?”, – deyə o bildirib.
Rusiya rəsmisinin sözlərinə görə, Ermənistan tərəfi Avropa standartlarına keçdiyini bəyan edir, amma eyni zamanda Aİİ çərçivəsində əldə etdiyi güzəştlərdən istifadə etməyə davam edir.
“Yaxşı olardı ki, Ermənistan tezliklə seçim etsin. Bu, həm Aİİ-dəki müttəfiqlərə, həm də Ermənistanın özünə qarşı dürüst yanaşma olar”, – deyə Overçuk əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də Ermənistan hakimiyyətini seçim etməyə çağıraraq bildirmişdi ki, İrəvan qərarını tez versə, Moskva ilə “ayrılıq sivil şəkildə baş tuta bilər”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər