Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlar üçün dinamik qiymətlər sisteminin tətbiq olunduğunu elan edib. 

"AzPolitika" xəbər verir ki, ADY-dən verilən məlumata görə, sərnişinlər biletləri 25-30 gün əvvəlcədən daha əlverişli qiymətə ala biləcəklər. Şirkət qeyd etdi ki, bu yanaşma səyahət planlaşdırmasını sadələşdirəcək və nəqliyyatın səmərəliliyini artıracaq.

İlk qatarlar vaqon-restoran da daxil olmaqla altı vaqonlu qatarlarla idarə olunacaq. Qalan vaqonlar "Komfort", "Kkomfort+" və "Lüks" siniflərində olacaq. Qatarın ümumi tutumu 118 sərnişin olacaq.

İlk qatar 25 mayda Bakıdan yola düşəcək və ertəsi gün saat 8:41-də Tbilisiyə çatacaq. Hər gün saat 21:00-da Tbilisidən yola düşən qatar saat 6:24-də Bakıya çatacaq.

ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev isə  jurnalistlərə açıqlamasında xidmətlərlə bağlı daha detallı danışıb. 

Onun sözlərinə görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək. 

"Marşrut üzrə qatarlarda sərnişinlərə "Komfort", "Komfort+" və "Lüks" olmaqla üç sinif üzrə xidmət göstəriləcək. Qatar 1 ədəd “Lüks” sinif, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif, 3 ədəd “Komfort” sinif və 1 ədəd vaqon-restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. “Komfort” sinif üzrə vaqonda 1 ədəd kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub. Bundan başqa, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif üzrə vaqonda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı istəyə uyğun olaraq həmin arakəsmə açılaraq vahid kupe halına salına bilər”, - o qeyd edib.

B.Hacıyev bildirib ki, İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan vaqonlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz edilib: “Lüks sinif üzrə kupelər iki nəfərlikdir və hər biri masa, televizor, duş kabinəsi və sanitar qovşaqla təmin olunub. Eyni zamanda, komfort+ sinif üzrə kupelər iki nəfərlikdir və hər bir kupe televizor, masa və əlüzyuyanla təmin edilib. Komfort sinif üzrə kupelər dörd nəfərlikdir və hər birində televizor var. Komfort və Komfort+ vaqonlarda sərnişinlərin istifadəsi üçün ümumi, lüks vaqonlarda isə hər kupe üçün ayrıca duş kabinəsi və sanitar qovşaq mövcuddur. Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, bələdçi ilə əlaqə düyməsi, səs izolyasiyası ilə təmin olunub. Həmçinin şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur”. (qafqazinfo)

ADY rəsmisinin sözlərinə görə, sərnişinlərə təmiz yataq dəsti, səfər paketi (komfort sinif üzrə nəm və quru salfet, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik; komfort+ sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik, dabankeş; lüks sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti, gigiyenik dəst, dabankeş, su, tərlik, şampun, duş geli, əl və bədən dəsmalı, yataq dəsti) təqdim olunacaq.