Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin daha bir neçə il uzana biləcəyi ehtimalını nəzərə almaq və buna hazırlaşmağa göstəriş verib.
"AzPolitika" xəbər verir ki, bu barədə “The Economist” Ukrayna hökumətindəki anonim mənbələrə istinadən məlumat yayıb.
Nəşrin Ukrayna hakimiyyətinə yaxın mənbələrə əsaslanaraq yaydığı məlumata görə, Kiyev rəhbərliyi müharibənin yaxın zamanda başa çatmayacağını hesab edir və qarşıdakı ən azı 2-3 il üçün genişmiqyaslı hazırlıq planı həyata keçirir.
Məlumata əsasən, Ukrayna Prezidenti Volodymyr Zelenskyy ölkənin hərbi və siyasi strukturlarına uzunmüddətli müharibə ssenarisi üzrə fəaliyyət göstərmək barədə göstəriş verib. Hakimiyyət dairələrində formalaşan qənaətə görə, hazırkı şəraitdə nə döyüşlərin dayanması, nə də tərəflərdən birinin geri addım atması real görünür.
Bildirilir ki, bu strategiya çərçivəsində ordunun təminat sistemi yenidən təşkil olunur, yerli müdafiə sənayesinin istehsal imkanları artırılır və ölkənin daxili resursları uzunmüddətli hərbi davamlılığa uyğunlaşdırılır.
Nəşr qeyd edir ki, cəbhədəki çətin vəziyyətə, insan resursları ilə bağlı problemlərə və siyasi təzyiqlərə baxmayaraq, Kiyev geri çəkilmək niyyətində deyil. Ukrayna rəhbərliyi Qərbdən gələn dəstəyin səviyyəsindən asılı olmayaraq müharibənin uzanacağı ehtimalına uyğun hazırlıq görür.
Beynəlxalq müşahidəçilər hesab edirlər ki, bu yanaşma qarşıdurmanın daha sərt və dağıdıcı mərhələyə keçə biləcəyini göstərir və yaxın illərdə hər iki tərəf üçün ağır nəticələr doğura bilər.
"AzPolitika.info"

Şərhlər