Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) mümkün çıxışı və Rusiyanın iqtisadi orbitindən uzaqlaşması təkcə bu ölkənin daxili iqtisadi modelini dəyişməyəcək, həm də Cənubi Qafqazda regional geosiyasi və iqtisadi balanslara ciddi təsir göstərəcək.

Tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı xüsusi şərhində İrəvanın qarşısında duran kəskin riskləri, Moskvanın masadakı təzyiq mexanizmlərini və region üçün yarana biləcək yeni imkanları təhlil edib.

Moskvanın təzyiq alətləri və enerji asılılığı

Ekspert qeyd edir ki, hazırda Rusiya İrəvana mesajlarını iqtisadi rıçaqlar vasitəsilə ötürür. Ermənistan məhsullarına məhdudiyyətlərin qoyulması, ucuz qaz, neft məhsulları və xam almaz üçün mövcud güzəştlərin ləğvi, həmçinin miqrasiya problemlərinin stimullaşdırılması Moskvanın əlindəki əsas təzyiq alətləridir.

Eldəniz Əmirovun sözlərinə görə, İrəvan üçün ən həssas nöqtə məhz enerji təhlükəsizliyidir:

"Ermənistan üçün risklərin miqyası kifayət qədər böyükdür. Ölkənin qaz idxalının 82 faizi Rusiyanın payına düşür. Rusiya qazı Ermənistana hər 1000 kubmetr üçün olduqca əlverişli qiymətə - 177,5 dollara satılır. Lakin mən Rusiyanın Ermənistana qarşı ən sərt addıma - yəni qazı tamamilə kəsmək strategiyasına əl atacağını düşünmürəm. Belə bir addım Ermənistan cəmiyyətində Rusiyaya qarşı olan-qalan münasibəti də tamamilə bitirər və Moskvanın regionda onsuz da zəifləyən təsir imkanlarını sürətlə sıfırlayar. Üstəlik, qaz satışı baxımından daha bir bazarın itirilməsi Rusiya üçün əlavə iqtisadi yük deməkdir. Odur ki, Moskva üçün daha real görünən ssenari mərhələli təzyiq modelidir".

İrəvanın Moskvadan iqtisadi asılılığı rəqəmlərdə


İqtisadçı ekspert Ermənistan iqtisadiyyatının Rusiyadan nə dərəcədə asılı olduğunu göstərən kəskin makroiqtisadi göstəricilərə diqqət çəkir. Belə ki, ticarət sahəsində asılılıq kritik həddə qalmaqdadır. Son yekun statistikaya əsasən, Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi 7,7 milyard dollar təşkil edib ki, bu da İrəvanın ümumi xarici ticarətinin 35,5 faizi deməkdir. Başqa sözlə, Rusiya hələ də Ermənistanın ən böyük iqtisadi tərəfdaşı rolundadır və ittifaqdan çıxış İrəvan üçün bu nəhəng ixrac-idxal bazarının qismən və ya tamamilə itirilməsi riskini yaradır.

Digər tərəfdən, miqrasiya məsələsi də Ermənistan üçün xırda mövzu deyil. Hazırda Aİİ çərçivəsində Ermənistan vətəndaşları Rusiyada heç bir əlavə iş icazəsi almadan rahat şəkildə çalışa bilirlər. Bu rejimin dəyişməsi isə Rusiyada yaşayan və işləyən yüz minlərlə erməni üçün həm gəlir, həm sosial təminat, həm də hüquqi status baxımından ciddi risklər doğuracaq ki, bu da son nəticədə Ermənistan büdcəsinə gələn maliyyə axınlarının kəskin azalması ilə nəticələnə bilər.

Rusiya üçün Cənubi Qafqazda böyük təsir itkisi

Məsələyə Rusiya prizmasından baxdıqda da mənzərənin Kremlin xeyrinə olmadığını deyən E.Əmirov vurğulayır ki, Ermənistanın bu gedişi Moskva üçün regional miqyasda böyük itki mənasına gəlir:

"Gürcüstan uzun illərdir Rusiyanın inteqrasiya layihələrindən tamamilə kənardadır. Azərbaycan ise hər zaman balanslı və müstəqil regional siyasət yürüdür. Bu kontekstdə Ermənistanın da uzaqlaşması Rusiyanın regiondakı həm iqtisadi, həm də siyasi təsir imkanlarının böyük ölçüdə zəifləməsi kimi qiymətləndirilməlidir".

Ağrılı keçid dövrü və Qərb inteqrasiyası

Ekspert hesab edir ki, Aİİ-dən ayrılma prosesi sadə və ağrısız keçməyəcək. İlk 1-2 il Ermənistan üçün mürəkkəb adaptasiya mərhələsi olacaq və əsas iqtisadi nəticələr daha çox 3-5 illik dövrdə özünü büruzə verəcək. Qısamüddətli dövrdə ÜDM artım tempinin zəifləməsi, müəyyən sahələrdə istehsalın azalması, əhalinin gəlirlərinin aşağı düşməsi və işsizlik riskinin artması qaçılmazdır.

Lakin orta və uzunmüddətli perspektivdə Ermənistan üçün unikal imkanlar pəncərəsi açıla bilər:

Regional tranzit modelinə keçid: Əgər Azərbaycan ilə münasibətlər tam normallaşsa, Türkiyə ilə sərhədlər açılsa və regional kommunikasiya xətləri tam işlək vəziyyətə gəlsə, Ermənistan ilk dəfə qapalı iqtisadi modeldən regional tranzit modelinə keçə bilər. Bu, Türkiyə bazarına çıxışı təmin edər, logistika xərclərini azaldar və xarici investorlar üçün cəlbediciliyi artırar. 

Viza liberallaşdırılması və Avropa bazarı: Avropa İttifaqı (Aİ) istiqamətində vizasız gediş-gəliş üzrə danışıqlar aktivdir. Fəaliyyət planından sonra ilk irəliləyiş hesabatı artıq açıqlanıb. İslahatlar fonunda Şengen məkanına vizasız səfərlər reallaşarsa, bu təhsil, biznes, turizm və əmək mobilliyi baxımından ölkəyə yeni nəfəs verəcek.

Maliyyə və infrastruktur paketləri:Aİ Ermənistan üçün 2,5 milyard avroya qədər investisiya proqramı və 270 micron avroluq inkişaf paketi üzərində işləyir. Bu vəsaitlər enerji, nəqliyyat və rəqəmsal infrastrukturun transformasiyasına ciddi dəstək ola bilər.

Eldəniz Əmirovun qənaətinə görə, qısamüddətli itkilərə və mürəkkəb keçid dövrünə baxmayaraq, orta və uzunmüddətli perspektivdə bu proses Ermənistan üçün müsbət istiqamətli addımdır. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması və regional kommunikasiyaların açılması şərtilə, bu gedişat İrəvanın bir iqtisadi mərkəzdən (Moskvadan) asılılığını əhəmiyyətli dərəcədə azaldacaq və uzun müddətdə daha dayanıqlı, şaxələndirilmiş və rəqabətqabiliyyətli iqtisadi modelin formalaşmasına zəmin yaradacaq.

Rasim Əliyev

"AzPolitika.info"