ABŞ Senatı gələn həftədən etibarən Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxara bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Sənədin müəlliflərindən biri bu yaxınlarda vəfat etmiş senator Lindsi Qrem idi.

Məlumata görə, Demokratlar Senatda çoxluğa sahib olan Respublikaçılara gündəliyin məhz onların qərarlarından asılı olduğunu bildiriblər.

Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı Demokrat üzvü Cin Şahin bəyan edib: “Ukrayna artıq döyüş meydanında təşəbbüsü ələ keçirib və Kremlin mövqeyi getdikcə daha qeyri-müəyyən və kövrək hala gəlir. Mümkün qədər tez irəliləmək son dərəcə vacibdir”.

Sənəd artıq Senatda qəbul olunması üçün kifayət edən 60-dan çox senatorun dəstəyini qazanıb. Lakin onun nə vaxt səsverməyə çıxarılacağı palata rəhbərliyinin qərarından asılıdır.

Qanun layihəsi son vaxtlar iki dəfə redaktə olunub. L.Qremin iyulun 11-dəki vəfatından əvvəl senatorlar Ağ Evlə razılaşaraq bəzi bəndləri — xüsusilə Rusiyadan neft və qaz alan ölkələrə tətbiq olunacaq ikincili gömrük rüsumları ilə bağlı maddələri bir qədər yumşaltmışdılar.

Senatorun ölümündən sonra Prezident Donald Tramp mərhum siyasətçinin arzularını əsas gətirərək, sənədə İrana qarşı sanksiyaların da əlavə olunmasını tələb edib. Həmçinin mətnə ABŞ administrasiyası tərəfindən əvvəllər tətbiq edilmiş və vaxtı bu il başa çatan bir sıra sanksiyalar da daxil edilib.

D.Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqton Moskvaya karşı genişmiqyaslı sanksiyalar tətbiq etməkdən çəkinir, daha çox müharibəyə son qoymaq üçün vasitəçi rolunu oynamağa çalışırdı. Bu səbəbdən sanksiya layihəsi uzun müddət Konqresdə dondurulmuş vəziyyətdə qalmışdı.

Lakin dünən Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşdən sonra ABŞ Dövlət katibi Marko Rubio diqqətçəkən bəyanatla çıxış edib. M.Rubio keçən il Ankoric sammitində müzakirə olunan sülh təkliflərinin Ukrayna üçün qəbuledilməz olduğunu və artıq yeni ideya və yanaşmalara ehtiyac duyulduğunu bildirib.

Rusiya XİN rəhbəri S.Lavrov bir daha Birləşmiş Ştatların "təklif etdiyi razılaşmaları yerinə yetirməməsindən" gileylənərək, Rusiyanın müəyyən güzəştlərə getdiyini iddia edib.

ABŞ tərəfi isə bildirir ki, Ankoricdə təkliflər müzakirə olunsa da, Ukraynanın pozisiyasından asılı olaraq hər hansı yekun razılaşma əldə olunmayıb. Xatırladaq ki, Kiyev həmin sammitdə iştirak etmirdi.

Sızan məlumatlara görə, Ankoricdə Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılması şərtilə, tərəflərin nəzarətində olan bəzi ərazilərin dəyişdirilməsi ehtimalı müzakirə edilib. Lakin Kiyev hakimiyyəti bu şərtin onlar üçün qətiyyən qəbulolunmaz olduğunu dəfələrlə bəyan edib.

Rasim Əliyev

“AzPolitika.info”