Nazirlər Kabineti 17 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Enerji menecment sisteminə dair Tələblər"də və 18 aprel 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları"nda dəyişiklik edib.

"AzPolitika" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Dəyişikliklərin mahiyyəti ölkənin enerji sektorunda şəffaflığın artırılmasına, kağız daşıyıcılarından imtina edilməsinə və iri təsərrüfat subyektlərinin fəaliyyətinə rəqəmsal nəzarətin gücləndirilməsinə söykənir.

Yeniliklər nəyi dəyişir?

Bundan sonra bəzi təsərrüfat subyektləri sertifikatlaşdırılma ilə bağlı məlumatları yalnız fərdi qaydada nazirliyə deyil, birbaşa Enerji Effektivliyi İnformasiya Sisteminə (EEİS) daxil edəcəklər. Həmçinin şirkətlər tətbiq etdikləri enerji menecment sistemi və əldə olunan nəticələrə dair illik hesabatları sorğu edildiyi təqdirdə hər hesabat ilindən sonra gələn növbəti ilin yanvar ayının sonuna qədər EEİS-ə təqdim etməli olacaqlar.

Beləliklə, elektrik və istilik enerjisi istehsalı, eləcə də təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi də rəqəmsal mühitə keçirilir. Qiymətləndirmənin nəticələri 5 iş günü müddətində subyektin EEİS-dəki elektron kabinetində yerləşdiriləcək.

Bu dəyişiklik sadəcə formal texniki düzəliş təsiri bağışlasa da, arxasında ciddi strateji hədəflər dayanır. İlk növbədə Azərbaycanın bərpaolunan enerji və enerjiyə qənaət kursu çərçivəsində iri sənaye və emal müəssisələrinin real enerji istehlakı xəritəsi çıxarılır. EEİS vahid "Big Data" (böyük verilənlər) bazasına çevrilməklə real vaxt rejimində monitorinq aparmağa imkan verəcək.

Paralel olaraq qiymətləndirmənin elektron kabinetlər üzərindən aparılması və 5 günlük konkret müddətin qoyulması dövlət-biznes münasibətlərində məmur-sahibkar təmaslarını minimuma endirir, bürokratik ləngimələrin qarşısını alır.

Onu da qeyd edək ki, qərar xüsusilə iri enerji istehsalçıları və emal müəssisələrini daxili enerji menecmentini beynəlxalq standartlara uyğunlaşdırmağa məcbur edir.

Ölkənin enerji balansında qənaət rejiminin sərtləşdirilməsi və "Rəqəmsal Hökumət" konseptinin dərinləşməsi fonunda Nazirlər Kabinetinin bu adımı sektor üzrə şəffaflıq indikatorlarını əhəmiyyətli şəkildə artıra bilər.

E.Rüstəmli

"AzPolitika.info"