Rusiyanın Kirov şəhərində Rusiya ordusu üçün zenit raketləri istehsal edən zavod Ukraynanın raket hücumundan sonra yanır.
“AzPolitika” xəbər verir ki, hücum barədə Ukrayna mediasında məlumat və görüntülər yayımlanıb.
Eləcə də, “Astra”-nın məlumatına görə, 24 iyul səhəri Kirov sakinləri partlayışlar və yanğın barədə məlumat veriblər. Daha sonra məlum olub ki, hücumun hədəfi “AVİTEK” (Vyatka Maşınqayırma Müəssisəsi) maşınqayırma zavodu olub.
Sanksiya siyahılarında olan bu müəssisə cəbhə xəttindən təxminən 1200 km-dən çox məsafədə yerləşir.
Zavod hava hücumundan müdafiə sistemləri və təyyarə komponentləri də daxil olmaqla, hərbi, ikili təyinatlı və mülki məhsullar istehsal edir. Zavodda tökmə və dəmirçilikdən tutmuş son yığım və sınaqlara qədər tam istehsal tsikli mövcuddur.
Rusiyanın Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov da iyulun 24-ü səhər saatlarında Kirov şəhərindəki müəssisələrdən birinə raket zərbəsinin endirildiyini açıqlayıb. Qubernator dəqiq hansı obyektin hədəf alındığını rəsmən açıqlamasa da, hadisə nəticəsində yaralananların olduğunu bildirib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, zavod yer-hava raketləri, hədəf raketləri, pilot atış sistemləri, təyyarələrin yük daşıma sistemləri və digər bu kimi məhsulların istehsalında ixtisaslaşıb. Şirkət “Tor” zenit-raket sistemlərinin istehsalı ilə də məşğuldur.
Burada həmçinin pilotların xilası üçün katapult oturacaqları (Su-34 və Su-57 qırıcıları üçün), aviasiya yükqaldırma sistemləri, bucurqadlar və X-101, X-59M2 qanadlı raketlərinin mühərrikləri üçün hissələr hazırlanır.
Zavod ABŞ, Ukrayna və digər ölkələrin sanksiyaları altındadır. Ukraynanın “Fire Point” şirkətinin həmtəsisçisi Denis Ştilerman “Flamingo” raketinin buraxılışının videosunu paylaşıb. Videoya yalnız gülümsəyən üz ifadəsi əlavə olunub. Analitiklər Kirovdakı “AVİTEK” zavoduna dəyən raketin məhz həmin “Flamingo” raketi olduğunu ehtimal edirlər.
Rəsmi Kiyev və Ukrayna Silahlı Qüvvələri hələlik Kirova edilən raket zərbəsi ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd edək ki, Ukrayna tərəfi Rusiya ərazisindəki strateji və hərbi-sənaye obyektlərinə mütəmadi olaraq analoji cavab zərbələri endirir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər