Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin yaxın perspektivdə Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməyəcəyini bəyan edib. O bildirib ki, Ermənistan rəsmi şəkildə Avropa İttifaqına üzvlük üçün müraciət etməyənə və ya namizəd ölkə statusuna çox yaxınlaşmayana qədər belə bir səsvermənin keçirilməsi məntiqsizdir.
Paşinyan bu açıqlamanı, bir neçə gün əvvəl Vladimir Putin və Avrasiya İqtisadi İttifaqına üzv digər ölkələrin rəhbərlərinin İrəvana ünvanladıqları birgə çağırışa cavab olaraq verib. Həmin bəyanatda Ermənistan hakimiyyətinə qısa müddətdə ölkənin ya Avropa İttifaqına inteqrasiyası, ya da Avrasiya İqtisadi İttifaqı tərkibində qalması məsələsini ümumxalq səsverməsinə çıxarmaq tövsiyə olunmuşdu.
Baş nazir vurğulayıb ki, hazırda Ermənistan üçün belə bir seçim daha çox nəzəri xarakter daşıyır: “Ermənistan rəsmi şəkildə Avropa İttifaqına üzvlük üçün müraciət etməyib və namizəd statusuna da yaxın deyil. Belə şəraitdə xalqın qarşısına seçim qoymaq üçün əsas yoxdur. Bu gün bu seçim nəzəri xarakter daşıyır və nəzəri məsələni referenduma çıxarmaq nə əsaslı, nə də məntiqlidir”.
Paşinyanın sözlərinə görə, Ermənistan hələlik Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirəcək və bu platformada istifadə olunmamış iqtisadi potensialın mövcud olduğunu düşünür.
“Biz sakit, təmkinli şəkildə Avrasiya İqtisadi İttifaqında işləməyə davam edəcəyik. Hesab edirəm ki, bu istiqamətdə hələ istifadə edə biləcəyimiz imkanlar var”, – deyə o bildirib.
Bununla belə, Ermənistan hökumətinin mövqeyi əvvəlki bəyanatlarla müqayisədə dəyişməyib. Paşinyan bir daha təsdiqləyib ki, nə vaxtsa Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim qaçılmaz olarsa, yekun qərarı Ermənistan xalqı referendum yolu ilə verəcək.
Maraqlıdır ki, Avrasiya İqtisadi İttifaqına üzv olan digər dörd ölkənin - Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan rəhbərlərinin birgə bəyanatında Ermənistanın təşkilatdakı gələcəyi ilə bağlı məsələnin bu ilin dekabrında keçiriləcək növbəti sammitdə müzakirə olunacağı da qeyd edilib.
Sənədə əsasən, Avrasiya Hökumətlərarası Komissiyası Ermənistanın təşkilatdan mümkün uzaqlaşmasının və ya üzvlüyünün dayandırılmasının iqtisadi nəticələri barədə hesabat təqdim etməlidir.
Bu isə onu göstərir ki, Moskva və digər Aİİ üzvləri artıq Ermənistanın geosiyasi kursunun dəyişməsi ehtimalını nəzərə alır və prosesə hazırlıq görürlər.
Paşinyanın son açıqlaması faktiki olaraq iki mühüm mesaj verir. Birincisi, Ermənistan yaxın aylarda Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətində deyil. İkincisi isə, İrəvan Avropa İttifaqı istiqamətində siyasi kursunu davam etdirsə də, hələlik bu prosesi konkret qərar mərhələsinə çatdırmayıb.
Beləliklə, Ermənistan rəhbərliyi həm Brüssellə yaxınlaşma siyasətini davam etdirməyə, həm də Rusiyanın rəhbərlik etdiyi iqtisadi blokla münasibətləri kəskin şəkildə pozmamağa çalışır. Lakin dekabr sammiti yaxınlaşdıqca bu balans siyasətini qorumaq İrəvan üçün getdikcə daha çətin ola bilər.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər