Ukrayna məhkəməsi Rusiyanın general-polkovniki Aleksandr Lapini qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.
Bu barədə Ukraynanın Baş prokuroru Ruslan Kravçenko məlumat verib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin general-polkovniki, Mərkəzi Hərbi Dairənin keçmiş komandanı Aleksandr Lapin 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalın ilk həftələrində Kiyev, Sumı və Çerniqov vilayətlərinin ələ keçirilməsi cəhdinə rəhbərlik edib.
Kravçenko bildirib ki, Lapin Rusiyanın “Mərkəz” hərbi qruplaşmasına komandanlıq edib və Belarus, eləcə də Rusiya ərazisindən Sumı, Çerniqov, Kiyev vilayətləri və Ukraynanın paytaxtı Kiyev istiqamətində hücum əməliyyatlarını idarə edib.
Məhkəmə onun Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd etməkdə, həmçinin təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması, başlanması və aparılmasında təqsirli olduğu qənaətinə gəlib.
İstintaq zamanı müəyyən edilib ki, 2022-ci ilin fevral-mart aylarında Lapin yalnız formal komandan olmayıb. O, birbaşa olaraq işğal əməliyyatlarının təşkili, planlaşdırılması və koordinasiyası ilə məşğul olub, tabeliyindəki bölmələrə əmrlər verib və Ukraynaya qarşı hərbi əməliyyatların davam etdirilməsini təmin edib.
İstintaq materiallarına əsasən, məhz onun komandanlığı altında Rusiya qoşunları Çerniqov və Sumı vilayətlərində bir sıra yaşayış məntəqələrini işğal edib, Dnepr çayının sol sahili boyunca Kiyev istiqamətində irəliləyib. Həmin əməliyyatların məqsədinin Ukrayna paytaxtını, dövlət hakimiyyəti və hərbi idarəetmə orqanlarını ələ keçirmək, ölkə üzərində işğal nəzarəti yaratmaq olduğu vurğulanıb.
Baş prokuror əlavə edib ki, cinayətin ifşası Ukrayna Baş Prokurorluğu və Ukrayna Təhlükəsizlik Xidmətinin birgə fəaliyyəti nəticəsində mümkün olub.
"AzPolitika.info"

Şərhlər