Rusiya Ukrayna şəhərlərini bombaladığı bir vaxtda, rəsmi Kiyev Kremlin iqtisadi və logistik mərkəzlərinə ağır zərbələr endirməkdə davam edir. Xəbər verdiyimiz kimi iyunun 3-nə keçən gecə Sankt-Peterburq və Leninqrad vilayəti Ukrayna Silahlı Qüvvələrinin kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Məlumata görə, Kirovsк, Krasnoselsk və Kronştadt rayonlarında infrastruktur obyektləri vurulub. Rusiya tərəfi rəsmi olaraq yalnız binaların "yüngül zədələndiyini" iddia etsə də, müstəqil media və peyk görüntüləri reallığın fərqli olduğunu ortaya qoyub.
Ukrayna KİV-i və "Astra" nəşri hücumun əsas hədəfinin "Sankt-Peterburq Neft Terminalı" olduğunu yazıb. Beynəlxalq medianın əldə etdiyi peyk görüntüləri Baltik regionunun ən böyük neft məhsulları aşırımı mərkəzi olan bu terminalda güclü yanğının başladığını təsdiqləyib. Son məlumatlara görə, axşama doğru yanğını çətinliklə də olsa söndürmək mümkün olub. Qeyd edək ki, illik istehsal gücü 12.5 milyon ton olan bu müəssisə Rusiya ordusunun və iqtisadiyyatının əsas arteriyalarından biridir.
Rusiya hakimiyyətinin müharibənin miqyasını gizlətmək cəhdləri yerli sakinlərin narazılığına səbəb olub. Sankt-Peterburq sakinləri heç bir "Fövqəladə hallar" xəbərdarlığının edilməməsindən, sığınacaqların qapalı olmasından və internetin tamamilə çökməsindən şikayətləniblər:
Kirovsk rayon sakini İrina teleqram kanallarına saat beşə qalmış güclü gurultu səsinə oyandığını deyib: “Nə bir SMS gəldi, nə də siren səsi eşidildi. Evimizin zirzəmisi belə qıfıllı idi, qaçmağa yer yox idi".
Kurortnı rayonundan Elena: "Ev silkələndi, divarlar yelləndi. İnternet tamamilə çökmüşdü, heç bir blokdan yayınma vasitəsi işləmirdi".
Leninqrad qubernatoru vilayət üzərində 59 PUA-nın vurulduğunu və xəsarət alanın olmadığını desə də, Peterburq meriyası şəhər daxilində 4 nəfərin yaralandığını təsdiqləyib.
London İqtisadiyyat Məktəbinin (LSE) eksperti Mariya Zolkina "Ukraine Brief" kanalının efirində Ukrayna dronlarının keçdiyi təkamülü şərh edib. O bildirib ki, Ukrayna Rusiyanın canlı qüvvə və ağır silah üstünlüyünü asimmetrik hücumlarla kompensasiya edir:
"Ukrayna artıq Rusiya ərazisinə daxil olmadan, öz torpaqlarından qalxan dronlarla Rusiyanın dərinliklərini - hətta 1750 kilometr uzaqlıqdakı Komi Respublikasını belə vurmaq gücündədir. Bu coğrafi genişlənmə Rusiya Müdafiə Nazirliyini çətin seçim qarşısında qoyur: onlar hava hücumundan müdafiə (HHM) sistemlərini ya cəbhə xəttindən çəkməli, ya da Sankt-Peterburq və Moskva kimi böyük sənaye mərkəzlərini müdafiəsiz qoymalıdırlar".
Tanınmış neft-qaz analitiki Sergey Vakulenko isə vurğulayır ki, Ukrayna Silahlı Qüvvələri artıq sıravi neft anbarlarını deyil, birbaşa yüksək texnoloji emal qurğularını - hidrokrekkinq və izomerləşmə xətlərini hədəf alır: "Bu avadanlıqlar idxal detallarından asılıdır və təmiri son dərəcə çətindir. Ukrayna bu il Moskva və Peterburqu təmin edən NPZ-ləri (Neft Emalı Zavodlarını) sistemli şəkildə sıradan çıxarır".
"Reuters" agentliyinin hesablamalarına görə, yalnız 2026-cı ilin ilk 5 ayı ərzində Ukraynanın hücumları Rusiyanın 16 böyük zavodunda gündəlik təxminən 700 min barrel neft emalı gücünü iflic edib. Bu isə Kremlin "uzaq və nəzarət altında olan əməliyyat" nağılını daxili auditoriya üçün tam darmadağın edir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər