Rusiyanın Ukraynaya qarşı başladığı irimiqyaslı müharibə fonunda, Kremyl daxili auditoriyanı, xüsusilə gəncləri tamamilə hərbiləşdirilmiş ideologiyaya tabe etmək üçün büdcə vəsaitlərini kəskin şəkildə artırıb. Son məlumatlara görə, Rusiyada "vətənpərvərlik tərbiyəsi" adı altında həyata keçirilən layihələrin maliyyələşdirilməsi son 5 ildə düz 20 dəfə artıb.
“AzPolitika” xəbər verir ki, bu barədə "Novaya Qazeta" nəşrinin iyunun 4-də dərc olunmuş yeni araşdırmasında maraqlı rəqəmlər açıqlanıb. Nəşrin ekspertləri 2025 və 2026-cı illərdə bağlanmış 1500-ə yaxın dövlət müqaviləsini araşdıraraq bu qənaətə gəliblər.
Araşdırmada qeyd olunur ki, əgər müharibədən əvvəl - 2021-ci ildə Rusiya hakimiyyəti bu məqsədlər üçün cəmi 3.4 milyard rubl xərcləyirdisə, cari 2026-cı ildə bu rəqəm rekord həddə - 70 milyard rubla (təxminən 760 milyon dollar) çatıb.
"Gənclər və Uşaqlar" milli layihəsi çərçivəsində maliyyələşdirilən "Biz bir yerdəyik" (Mı vmeste) federal proqramına ayrılan 70 milyard rublun böyük hissəsi konkret qurumlar arasında bölüşdürülüb:
Ayrılan vəsaitin üçdə birindən çoxunu (təxminən 25 milyard rubla yaxın) İnternetin İnkişafı İnstitutu alacaq. Bu vəsait şəbəkələrdə müharibəni təbliğ edən serialların, videoların və çarxların hazırlanmasına xərclənir.
Təxminən 10 milyard rubl Kremlin birbaşa himayəsində olan və sovet pionerinin müasir analoqu sayılan "Birincilərin hərəkatı" (Dvijenie pervıx) təşkilatına yönəldilib.
Daha 7.4 milyard rubl isə gənclərin birbaşa hərbi-vətənpərvərlik tərbiyəsi sisteminə cəlb edilməsi proqramlarına xərclənəcək.
Bu nəhəng büdcədən hərbiləşdirilmiş festivallar təşkil olunur, atıcılıq poliqonları üçün avadanlıqlar alınır, uşaq hərbi düşərgələri yaradılır, eləcə də "səviyyəsi olduqca fərqli olan" müharibə tərəfdarı müğənnilərin konsertləri maliyyələşdirilir.
"Nastoyaşee Vremya" layihəsinin də diqqət yetirdiyi satınalma müqavilələrində rus regional məmurlarının dövlət vəsaitlərini necə "səmərəli" xərclədiyini göstərən maraqlı faktlar var. Məsələn, Penza şəhərində yerli müğənni Sergey Mitrofanovun çıxışı üçün 180 min rubl, Krasnoyarsk diyarında isə Aleksandrov Ansamblının konsertinə 1 milyon rubl, Danilov monastırının xoruna isə yarım milyon rubl ödənilib. Moskva Konservatoriyası isə 1 milyon rubla hərbi-vətənpərvərlik çarxları sifariş edib.
Novosibirskdəki "Vityaz" mərkəzi 1.5 milyon rubla "Kalaşnikov" avtomatlarının maketlərini alıb. Leninqrad vilayətində isə iki milyon rubldan çox vəsaitə avtomat maketləri, 3 lazer tir aparatı, 3 minaatan, 15 dron və taktiki tibb təhsili üçün maneken-trenajor alınıb.
İşim şəhərində tarixi "zirehli qatar" maketinin quraşdırılmasına 12 milyon rubl, Lipetsk vilayətində isə havayla üfürülən (fleşmoblar üçün nəzərdə tutulan) oyuncaq "Katyuşa" raket qurğusuna düz 1 milyon rubl dövlət vəsaiti xərclənib.
Ekspertlər hesab edirlər ki, Rusiya büdcəsindən "vətənpərvərlik" adı altında ayrılan vəsaitlərin belə astronomik sürətlə artması Kremlin cəmiyyəti uzunmüddətli və genişmiqyaslı "böyük müharibə ssenarisinə" hazırlamaq strategiyasının tərkib hissəsidir. Digər tərəfdən, bu sahədəki şəffaflığın olmaması regional səviyyədə böyük korrupsiya və vəsaitlərin mənimsənilməsi şübhələrini artırır.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər