İsrailin Baş naziri Binyamin Netanyahu son illərin ən mürəkkəb siyasi dilemması ilə üz-üzə qalıb. Livanda hərbi əməliyyatları genişləndirmək niyyətində olan Netanyahu ABŞ Prezidenti Donald Trampın ciddi təzyiqi ilə qarşılaşıb.
"AzPolitika" xəbər verir ki, "Axios" nəşrinin yaydığı məlumata əsasən, Tramp İranla aparılan danışıqların pozulmaması üçün İsrail liderindən Beyruta qarşı genişmiqyaslı hücum planından imtina etməyi tələb edib. Bildirilir ki, iki lider arasında keçirilən telefon danışığında Tramp Livandakı vəziyyətin daha da gərginləşdirilməsinin regionda diplomatik səylərə zərbə vuracağını vurğulayıb.
ABŞ mediasının qiymətləndirməsinə görə, Netanyahu həm Vaşinqtonla münasibətləri qorumaq, həm də ölkə daxilində artan təzyiqlərlə mübarizə aparmaq məcburiyyətindədir. Oktyabr ayında keçirilməsi gözlənilən seçkilər öncəsi İsrail baş naziri həm HƏMAS-ın tam məğlub edilməsi, həm də İranla bağlı planlarını reallaşdıra bilmədiyi üçün tənqid hədəfinə çevrilib.
İsrail müxalifəti və hökumətdəki bəzi sərt xətt tərəfdarları Netanyahunu ölkənin maraqlarını ABŞ-a tabe etdirməkdə ittiham edirlər. Onların fikrincə, Trampın təzyiqi qarşısında geri addım atılması İsrailin müstəqil qərarvermə imkanlarını zəiflədir.
Bu arada Vaşinqtonda aparılan diplomatik təmaslardan sonra Livanla bağlı mümkün atəşkəs planının müzakirə edildiyi bildirilir. Lakin İsrail hökumətinin sağ qanadı bu təşəbbüsə açıq şəkildə qarşı çıxır.
Digər tərəfdən, Livanda yerləşən BMT sülhməramlı missiyasının bazalarından biri də hücuma məruz qalıb. Serbiya Müdafiə Nazirliyinin məlumatına görə, UNIFIL qüvvələrinin yerləşdiyi bazaya mərmi düşməsi nəticəsində bir serbiyalı hərbçi həlak olub, daha iki beynəlxalq sülhməramlı isə yaralanıb.
"AzPolitika.info"

Şərhlər