Məktəblərdə psixoloq çatışmazlığı təhsil sahəsində ən çox müzakirə olunan problemlərdən biri kimi diqqət çəkir. Müasir dövrdə şagirdlərin psixoloji sağlamlığı və emosional inkişafı onların akademik uğurları qədər vacib hesab olunur. Psixoloqlar məktəblərdə stress, davranış pozuntuları və sosial problemlərin vaxtında müəyyən edilməsində mühüm rol oynayırlar. Lakin bir çox təhsil müəssisəsində mütəxəssis çatışmazlığı və mövcud psixoloqların həddindən artıq yüklənməsi effektiv fəaliyyətə maneə yaradır.
Təhsil müəssisələrində psixoloqların sayının az olmasının səbəbi nədir? Psixoloq çatışmazlığı məktəblərdə aqressiya və zorakılıq hallarını artırırmı?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında psixoloq Dilruba Həsənova deyib ki, məktəblərdə psixoloq çatışmazlığından danışarkən, məncə, əsas sual bu olmalıdır: niyə çox hallarda peşəkar psixoloqlar məktəbdə işləmək istəmirlər?
“Şəxsi fikrimdir ki, problem təkcə kadr çatışmazlığında deyil. Problem daha çox təhsil sisteminin özü ilə bağlıdır. Müəllimin də, psixoloqun da üzərinə böyük məsuliyyət qoyulur, amma onların hüquqları, statusu və əməyinin qarşılığı eyni səviyyədə qorunmur. Cəmiyyət ailənin, sosial mühitin, internetin və ümumiyyətlə, dövrün yaratdığı problemləri çox zaman məktəbin üzərinə yükləyir. Bir məktəbdə minlərlə şagird olduğu halda bir psixoloqdan bütün problemləri həll etməsini gözləmək reallıqdan uzaqdır. Psixoloq möcüzə yaradan deyil. Məktəb psixoloqu da cəmiyyətin bir üzvü və təhsil sisteminin tərkib hissəsidir. Sistem düzgün işləmədikdə, nəticəyə görə yalnız psixoloqu məsul tutmaq doğru deyil. Mənim birinci təhsilim müəllimlikdir və düşünürəm ki, təhsildə ən böyük itkilərdən biri müəllimin cəmiyyətdəki nüfuzunun zəifləməsidir. Müəllimin hörmətinin, sözünün çəkisinin qalmadığı bir mühitdə nə sağlam təhsil sistemi qurmaq, nə də sağlam nəsil yetişdirmək mümkündür”, - deyə, o, bildirib.
Xanım psixoloq bildirib ki, bu gün məktəblərdə aqressiya, zorakılıq və davranış problemləri geniş müzakirə olunur. Lakin həmin problemlərin səbəbləri daha dərin sosial və psixoloji amillərlə bağlıdır: “Uşaq məktəbə cəmiyyətin aynası kimi gəlir. Məktəb isə cəmiyyətin həll edə bilmədiyi problemləri təkbaşına həll etmək gücündə deyil. Düşünürəm ki, təhsildə dəyişiklik psixoloqların sayını artırmaqla deyil, müəllim və psixoloqların peşəkar nüfuzunu, hüquqlarını və iş şəraitini gücləndirməklə başlamalıdır. Gücləndirmək isə imtahanların sayını artırmaq və müəllimləri axşama qədər məktəbdə saxlamaq deyil, onlar üçün sağlam psixoloji mühit yaratmaq deməkdir. Əks halda, biz problemlərin səbəbləri ilə deyil, yalnız nəticələri ilə mübarizə aparmış olacağıq. Bu isə zamanla cəmiyyətin daha da mənfi istiqamətdə inkişafına səbəb ola bilər.
Müəllim cəmiyyətdə yüksək nüfuza sahib olmalıdır. Təəssüf ki, bu gün “müəllim” adının dəyərini və məsuliyyətini anlamayan bəzi insanlar həmin adı sadəcə status kimi istifadə edirlər. Belə yanaşmalar isə cəmiyyətin ən ağır yükünü daşıyan müəllimlərə əlavə psixoloji təzyiq yaradır”.
Oğuz Ayvaz
AzPolitika.info

Şərhlər