ABŞ Konqresinin Nümayəndələr Palatası və Ağ Ev Ukraynaya hərbi yardımların yenidən bərpası və Vaşinqtonun müharibədəki rolu ilə bağlı gözlənilməz və kəskin addımlar atıb. Beynəlxalq monitorinq institutlarının Ukrayna Silahlı Qüvvələrinin (USQ) son iki ayda cəbhədə üstünlüyü ələ keçirməsi və Rusiyanın loqistika xətlərini sıradan çıxarması barədə hesabatlarından sonra, ABŞ-ın siyasi elitasında ciddi hərəkətlilik başlayıb.
"AzPolitika" xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bu günə qədər Prezident Donald Trampın bəyan etdiyi "ABŞ neytral tərəf olaraq vasitəçidir" prinsipinə tamamilə zidd olan sensasiyalı bəyanatla çıxış edib.
Dövlət katibi rəsmi Vaşinqtonun mövqeyini kəskin şəkildə dəyişərək, "ABŞ müharibə tərəfidir və Ukraynanın yanındadır"deyib.

Eyni zamanda, ABŞ Nümayəndələr Palatasında son il yarım ərzində dondurulan Ukraynaya yardım məsələsində kəskin dönüş qeydə alınıb. Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra Ukraynaya yönəlmiş maliyyə və hərbi yardımların "0 dollar" səviyyəsinə düşməsi və sənədlərin bloklanması fonunda, Demokratlar qanunvericilikdə nadir hallarda istifadə olunan "discharge petition" (vəzifədən kənarlaşdırma petisiyası) prosedurunu işə salıblar.
Bu prosedur Nümayəndələr Palatasının spikeri Mayk Consonun razılığı olmadan, Kiyevə 8 milyard dollar dəyərində hərbi yardımı və Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan "Ukraynaya Dəstək Aktı" qanun layihəsini birbaşa səsverməyə çıxarmağa imkan verib.
Keçirilən hazırlıq səsverməsində tələb olunan 218 səs (211 demokrat, 6 respublikaçı və 1 müstəqil konqresmen) toplanıb və sənəd bu gün yekun səsverməyə çıxarılır. Növbəti mərhələdə sənədin Senata göndəriləcəyi gözlənilir.
Ekspertlər Vaşinqtonun son il yarımda Ukraynaya hərbi yardımları tamamilə dayandırmasından sonra yenidən hərəkətə keçməsini cəbhə xəttindəki yeni hərbi tendensiyalarla əlaqələndirirlər:
Rusiya Silahlı Qüvvələrinin Kramatorsk və Slavyanskı işğal etmək məqsədi daşıyan "yaz hücumu" tamamilə uğursuzluğa düçar olub və rus ordusunun irəliləməsi tam durub.
Ukrayna ordusu Rusiya qoşunlarının Rostovdan Mariupola uzanan əsas təchizat marşrutunu, həmçinin Krıma gedən M-14 magistralını və Donetsk istiqamətindəki H-20 şossesini tam atəş nəzarətinə götürərək Rusiyanın loqistikasını iflic edib.
USQ-nin Rusiya ərazisindəki kritik obyektlərə endirdiyi zərbələr kütləvi və sistemli xarakter alıb.
Mütəxəssislərin fikrincə, cəbhədə yaranmış bu yeni hərbi reallıq və Rusiyanın təchizat böhranı ABŞ siyasi elitasını, o cümlədən Respublikaçıları Ukrayna strategiyasını yenidən nəzərdən geçirməyə və qələbə perspektivində pay sahibi olmağa məcbur edir.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər