ABŞ Dövlət Departamenti Yaxın Şərqdə müşahidə olunan gərgin vəziyyətlə əlaqədar region ölkələrinə dair səyahət xəbərdarlığını qüvvədə saxlayıb.

"AzPolitika" xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin yenilənmiş Travel Advisory (Səyahət Tövsiyələri) sistemində dərc olunub. 

Məlumata əsasən, qurumun açıqlamasında qeyd olunur ki, bölgədə təhlükəsizlik şəraiti mürəkkəb olaraq qalır və hadisələrin sürətlə dəyişməsi ehtimalı yüksəkdir. Bu səbəbdən Yaxın Şərqdə yaşayan və ya həmin ölkələrə səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına maksimum ehtiyatlı davranmaq tövsiyə olunub.

Dövlət Departamentinin səyahət tövsiyələri sisteminə görə, “Səyahəti yenidən nəzərdən keçirin” mənasını daşıyan 3-cü səviyyə xəbərdarlığı Bəhreyn, İsrail, İordaniya, İordan çayının Qərb sahili, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün qüvvədə saxlanılıb.

Eyni zamanda, ən yüksək risk kateqoriyası hesab olunan və “Səyahət etməyin” çağırışını ehtiva edən 4-cü səviyyə xəbərdarlığının İran, İraq, Livan, Suriya, Qəzza zolağı və Yəmənə şamil edildiyi vurğulanıb.

ABŞ rəsmiləri regiondakı vəziyyətin qısa müddətdə dəyişə biləcəyini bildirərək, vətəndaşları rəsmi məlumat mənbələrini mütəmadi izləməyə, həmçinin səyahət planlarını təhlükəsizlik amillərini nəzərə alaraq yenidən qiymətləndirməyə çağırıblar.

"AzPolitika.info"