Azov dənizində Palau bayrağı altında üzən gəmiyə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı dördə çatıb.
APA-nın məlumatına görə, hadisə zamanı xəsarət alan daha bir nəfər – gəminin bosmanı Rəşad Mədətxanov Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda o, digər yaralılar Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli ilə birlikdə eyni palatada müalicə alır.
Məlumata görə, yaralılar yenidən həkim müayinəsindən keçirilib. Emin Valehovun sağ qulağında problemlərin yarandığı bildirilir. Namiq Cəfərlinin hər iki qulağında eşitmə ilə bağlı narahatlıq olduğu qeyd olunub. Rəşad Mədətxanovun isə baş nahiyəsindən xəsarət aldığı açıqlanıb.
Hüquq-mühafizə orqanlarının nümayəndələri də yaralılarla görüşərək onların ifadələrini alıblar. Dindirilmə zamanı zərbənin bəzi təfərrüatları məlum olub.
Yaralıların sözlərinə görə, gəminin böyük mexaniki Qismət Əliyev pilotsuz uçuş aparatının zərbəsi nəticəsində ağır yanıq xəsarətləri alıb və həyatını itirib.
Gəminin kapitanı Fuad Orucovun isə hücum zamanı ayağının sındığı və ağır yaralandığı bildirilir. Məlumata görə, ona xilasedici jilet geyindirildikdən sonra suya endirilib. Yaralıların ifadəsinə əsasən, Fuad Orucov da hadisə nəticəsində həlak olub.
***
Azov dənizində mayın 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində beş Azərbaycan vətəndaşı ölüb, üçü yaralanıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, heyətdə ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşı olub:
"Sözügedən xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Gəmilər Azərbaycan dövlətinə məxsus deyil. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər".
Məlumatda qeyd olunub ki, hazırda, məsələ ilə bağlı XİN tərəfindən aidiyyəti dövlət qurumları, Azərbaycanın diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir:
"Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq".

Şərhlər