2026-cı ilin ilk dörd ayında Azərbaycana avtomobil idxalında ciddi azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-aprel aylarında ölkəyə ümumilikdə 21 min 120 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi gətirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağıdır.

Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 30 min 814 ədəd minik avtomobili idxal edildiyi halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 18 min 287-yə enib. Nəticədə minik avtomobillərinin idxalında 12 min 527 ədəd və ya 40,7 faiz azalma qeydə alınıb. Yük daşımaları üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin idxalında da geriləmə müşahidə olunur. Cari ilin ilk dörd ayında ölkəyə 2 min 318 ədəd yük avtomobili gətirilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 2 min 613 ədəd təşkil etmişdi.

Avtomobil bazarında formalaşan mövcud vəziyyət satış tempinə də təsir göstərib. Avtomobil bazarlarlarında aparılan müşahidələrə görə, son aylarda bazardakı aktivlik əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Son dövrlər həm alıcı marağında, həm də yeni sifarişlərin həcmində azalma müşahidə olunur. Satıcılar hesab edirlər ki, ötən il avtomobil satışları normadan yüksək olub və bazar müəyyən mənada doyma mərhələsinə çatıb. Bu səbəbdən cari ildə satışların və idxalın azalması gözlənilən proses hesab edilir.

Bu barədə nəqliyyat eksperti Raqif Raufoğlu "AzPolitika"-ya şərhində bildirib ki, avtomobil idxalındakı azalmanın gözlənilən proses olduğunu demək olar. Onun sözlərinə görə, ilin əvvəlindən bazardakı vəziyyət belə bir nəticənin ortaya çıxacağını göstərirdi.

Ekspert qeyd edib ki, əsas səbəb bazarda təklifin tələbi üstələməsidir: "Belə ki, ötən ilin son aylarında, xüsusilə də son rübdə ölkəyə rekord sayda avtomobil gətirilib. Bu prosesə həmin dövrdə qüvvədə olan güzəştlər və güzəştlərin başa çatacağı ilə bağlı gözləntilər də təsir edib. Nəticədə sahibkarlar bazara böyük həcmdə avtomobil çıxarsalar da, alıcılıq qabiliyyəti həmin səviyyədə formalaşmayıb. Mövcud iqtisadi vəziyyət də bazara təsirsiz ötüşmür. Hətta maliyyə imkanı olan vətəndaşlar belə hazırda daha ehtiyatlı davranmağa üstünlük verirlər. Onlar həm iqtisadi, həm də regional və geosiyasi prosesləri izləyərək böyük alış qərarlarını təxirə salırlar".

Ekspert vurğulayıb ki, xüsusilə Çin istehsalı olan avtomobillər bazarda böyük paya malikdir və bu avtomobillərdən ölkəyə kifayət qədər çox sayda gətirilib:"Bəzi sahibkarlar avtomobilləri qısa müddətdə və yüksək tələblə satacaqlarını düşünsələr də, hazırda həmin nəqliyyat vasitələrini ötən ilki güzəştli dövrdəki qiymətlərə təklif etmək məcburiyyətində qalırlar".

Nəqliyyat eksperti Aslan Əsədov isə "Azpolitika"ya açıqlamasında bildirib ki, avtomobil idxalının azalmasının əsas səbəblərindən biri ölkədə nəqliyyat infrastrukturunun əvvəlki illərlə müqayisədə daha geniş imkanlar təqdim etməsidir. Onun sözlərinə görə, vətəndaşlar artıq şəxsi avtomobil almağa əvvəlki qədər maraq göstərmirlər.

Ekspert hesab edir ki, bu tendensiyanın formalaşmasına bir neçə amil təsir göstərir: "Əsas səbəblərdən biri avtomobillərin qiymətlərinin yüksək olmasıdır. Bahalaşma fonunda bir çox vətəndaş yeni avtomobil almaq və ya xaricdən avtomobil idxal etmək qərarını təxirə salır. Avtomobil sahibi olmaq təkcə alış xərci ilə məhdudlaşmır. Nəqliyyat vasitələrinin istismarı, texniki xidməti və digər əlavə xərclər də alıcıların qərarına təsir edən mühüm amillər sırasındadır. Bu səbəbdən vətəndaşlar daha ehtiyatlı davranır, mövcud imkanları çərçivəsində ehtiyaclarını qarşılamağa üstünlük verirlər".

Ekspert qeyd edib ki, avtomobillərin rentabelliyi və saxlanma xərcləri də bazardakı tələbin azalmasına təsir göstərən əsas faktorlardan biridir. Onun sözlərinə görə, əlavə maliyyə yükü yaratmaq istəməyən vətəndaşlar bahalı nəqliyyat vasitələrinin alınmasına maraq göstərmirlər ki, bu da idxal göstəricilərində öz əksini tapır.

E. Bəyməmmədli

"AzPolitika.info"