Ukrayna Prezidenti Volodimir Zelenskinin Vladimir Putinə dünən axşam ünvanladığı açıq məktub böyük marağa səbəb olub. Mətbuatda müəyyən hissələri dərc edilən məktub, əslində daha genişdir və orada xeyli mövzulara toxunulur.

Açıq məktubun əsas missiyası Putinə təkbətək görüş təkifi olsa da, eyni zamanda Rusiyanın bu müharibəni davam etdirməsinin anlamsız olduğu da məntiqli şəkildə izah edilir.

“Əvvəl ukraynalılar sizə müsbət yanaşırdı”

Məktub onunla başlayır ki, Putin Rusiyanın başına yeni keçəndə ukraynalıların ona münasibəti müsbət olub: “Siz 26 il əvvəl Rusiyanın başına keçəndə, Ukraynada çoxları sizə müsbət yanaşırdı. Belə idi. Amma bu, keçmişdə qaldı. Bu gün isə ukraynalıların böyük əksəriyyəti onu müsbət qarşılayır ki, uzunmənzilli dronlarımız min kilometrdən çox məsafə qət edərək Sankt-Peterburqdakı forumunuzun açılışını ziyarət edir. Yaxşı bilirsiniz ki, bu məsafə qətiyyən bizim imkanlarımızın son həddi deyil.

Hakimiyyətdə olduğunuz 26 il Ukrayna ilə Rusiya arasındakı münasibətlərin gündəliyini tamamilə dəyişdirdi. Xalqlarımız ticarət və digər mülki məsələlərin müzakirəsindən yalnız hücumlar və itkilər mövzusuna keçdi.

Hakimiyyətdə olduğunuz bu 26 ilin demək olar yarısını Ukraynaya qarşı müharibədə keçirdiniz.

NATO, geosiyasət və rus dili haqqında nə desəniz də, bu müharibə yalnız sizin şəxsi seçiminizdir. Bu, heç bir real səbəbi olmayan bir müharibədir. Tarix onu belə xatırlayacaq.

Biz müharibənin sizi təmin etdiyini tez-tez eşidirik. Əlbəttə ki, söhbət Valdaydakı iqamətgahınızın təhlükəsizliyindən və ya Moskvadakı paraddan gedəndə, belə deyil. Öz həyatınız sizin üçün dəyərlidir.


Amma indi hamımız görürük ki, müharibə nəhayət rusları qane etməməyə başlayır – o, Rusiyaya getdikcə daha çox mənfi nəticələr gətirir.

Onların bizim dronlarımızdan və raketlərimizdən xoşu gəlmir.

Onların benzin çatışmazlığından və qiymətlərin daim artmasından xoşu gəlmir.

Onların sonsuz məhdudiyyətlərdən xoşu gəlmir.

Onların müharibəni Ukraynada yeni bir istiqamətdə genişləndirmək və ya onu Rusiyanın qonşuları olan digər dövlətlərə qarşı yönəltmək üçün ikinci səfərbərlik dalğası keçirmək niyyətinizdən xoşu gəlmir.

Onların müharibənizin sonunun görünməməsindən xoşu gəlmir.

Bəli, hələlik rusları bu şəraitdə yaşamağa məcbur edə bilərsiniz. Amma resurslarınız nəzərəçarpacaq dərəcədə azalır. 26 ildir etdiyiniz kimi rusların loyallığını almağa davam etmək üçün nə pulunuz, nə də siyasi gücünüz var…”

“Donetski bu il də tuta bilməyəcəksiniz”

Zelenski Rusiya və Ukraynanın itkilərini xatırladıb. Ukrayna Prezidenti Rusiyanın böyük itkilərinə baxmayaraq, Donetski tam işğal edə bilməyəcəyini Putinin nəzərinə çatdırıb: “Dünən, may ayı üçün sizin ordunun cəbhədəki itkiləri barədə hesabat aldım. Yenə də 30.000-dən çox ölən və ağır yaralı rus hərbçisi var. Biz bu göstərici səviyyəsini hər ay saxlayırıq və hər itki üçün video sübutlarımız var - bunlar sadəcə boş ifadələr deyil.

Bilirik ki, cəbhədəki itkilərinizin 63 faizi ölü və yalnız 37 faizi yaralıdır. 21-ci əsrdə ordular belə bir balansı özünə rəva görə bilməzlər. Getdikcə, ölənlərin nisbəti artmağa davam edəcək.

Məsələ onda deyil ki, biz Ukraynada ruslar üçün narahatıq, müharibənizin Ukraynaya gətirdiyi hər şeydən sonra…

Amma mən ukraynalılar üçün narahatam. Biz öz adamlarımızı itiririk və hər bir itki bizi ağrıdır. Hətta Ukrayna itkilərinin nisbəti Rusiya itkiləri ilə müqayisədə birin beşə və ya birin altıya olsa belə, bu, yenə də çox vacibdir. Necə ki, müntəzəm olaraq, bir neçə aydan bir, Donetsk bölgəsini ələ keçirmək üçün son tarixləri təxirə salmağınız vacibdir. Siz onu bu il də ələ keçirməyəcəksiniz.

Amma biz Ukraynada sonsuz müharibə istəmirik…”


“Biz dəstək, siz isə sanksiyalar alırsınız”

Zelenski yazıb ki, rusların da çoxu bu cür düşünür. O, Putini müharibədən çıxmağa qorxmamağa çağırıb:

“Əminəm ki, rusların əksəriyyəti buna müsbət reaksiya verməyə hazırdır və siz də bunu bilirsiniz. Çoxları Ukraynanın bu qədər uzun müddət öz müdafiəsini qoruyub saxlaya biləcəyinə inanmırdı. Siz də buna inanmadınız. Sizə məsləhət verənlər də buna inanmadılar. Bu, səhv idi.

Ukraynadan tammiqyaslı müqavimət gözləmirdiniz və işlərin bu yerə qədər gedəcəyini təsəvvür etmirdiniz. Amma biz buradayıq - artıq tammiqyaslı münaqişənin beşinci ilindəyik.

Müharibədən çıxmaqdan qorxmayın - indi sizdən tələb olunan əsas şey budur.

Ukrayna müstəqilliyini qoruyur və qoruyacaq. Başqa proqnozlardan asılı olmayaraq.

Biz dünyada bir çoxlarını Ukraynanı müdafiə etmək və sizə qarşı çıxmaq üçün birləşdirdik. Biz silah və maliyyə tapdıq.

Biz dəstək alırıq, siz isə sanksiyalar alırsınız və bu, Ukrayna üçün ədalət bərpa olunana qədər davam edəcək - axtardığımız və əldə edilə bilinən ədalət”.

Zelenski qeyd edib ki, Ukraynadan fərqli olaraq, Rusiyaya kömək edənləri məğlubiyyət gözləyir. Rusiya özü isə Şimali Koreyaya möhtac olacaq duruma düşüb: “Orbanın nümunəsi Rusiyaya bizə qarşı müharibədə kömək etməyi seçənlərin rüsvayçı sonluğunu göstərir.

Enerji sektorumuzu məhv etməyə çalışdığınız zaman Ukrayna sərt qışlardan sağ çıxdı. Biz möhkəm dayandıq və hətta qaranlıqda belə, ukraynalıların dözümlülüyü qaldı.

Biz müharibəni sizin ərazinizə gətirdik (Kursk vilayətindəki əməliyyatı nəzərdə tutur-red.) və siz bunu Şimali Koreyanın köməyi olmadan edə bilməzdiniz. Siz kömək üçün Pxenyana müraciət etmək məcburiyyətində qalan ilk Rusiya hökmdarısınız.

Və bu gün siz tamamilə Çindən asılısınız - həm də Rusiya tarixində ilk dəfə.


Ukraynalıların özlərini müdafiə etmək gücünə malik olmayacağını gözləyirdiniz, amma indi bizim oğlanlarımız Yaxın Şərq və Fars körfəzi ölkələrindəki tərəfdaşlarımızın müdafiəsini qurmağa kömək edirlər.

Siz Ukraynada daxili iğtişaşların olacağına ümid edirdiniz, amma öz silahlı qüvvələriniz sizə qarşı üsyan qaldırdı(Priqojinin qiyamı nəzərdə tutulur-red.). 23 iyunda bu hadisələrin daha bir ildönümü olacaq və bu barədə susmaq bu faktı tarixdən silməyəcək.

İndi isə öz məmurlarınız, iş adamlarınız və təbliğatçılarınız sizə açıq-aşkar yorğunluqla baxır. Dünya bunu görür.

“Qocalıq sizə öz təsirini göstərir”

Dünya çoxdan ümid etdiyiniz kimi Ukraynadan bezməyib. Amma hətta qloballaşan dünyada sanksiyaları aşmağa və iqtisadiyyatınızı ayaqda saxlamağa kömək edən ölkələr belə Rusiyadan beziblər.

Bunu görməmək mümkün deyil. 26 ildən sonra qocalıq öz təsirini göstərməyə başlayır. Və bu nə qədər uzun sürərsə, sizdən yorğunluq da də bir o qədər çox olacaq.

İndi həm 2027, həm də 2028-ci illərdə müharibə aparmaq planlarını nəzərdən keçirdiyiniz kəşfiyyat sənədlərini gördük. Həmçinin bilirik ki, ballistik raketlərin sizin üçün heç nəyin edə bilmədiyini edəcəyinə ümid edirsiniz. Belarusu müharibənin daha dərininə çəkmək istəyirsiniz və indi biz də buna hazırlaşmağa məcburuq. Dnestryanı ətrafında oyun oynadığınızı görürük. Təbliğatçılarınız Rusiyanın bütün qonşularını bu və ya digər şəkildə təhdid edirlər. Həqiqətən də bütün bunlara davam etmək istəyirsinizmi?

Seçim indi sizindir. Müharibə bəsdir. Ukrayna bu müharibəyə son qoymağı təklif edir. Bu, ədalətli və şərəfli şəkildə edilməli və daha sonra müharibənin baş verməyəcəyinə zəmanət verilməlidir…

“Sizinlə görüş təklif edirəm!”

Ukrayna bizimlə sizin aranızda birbaşa dialoq yolu ilə müharibəyə son qoymağı təklif edir. Mən sizinlə görüş təklif edirəm.

Hər kəs nümayəndələrinizin gülərək mənim Moskvaya gələ biləcəyimi təklif etdiyini eşidib. Lakin 26 ildən sonra paytaxtınızda Ukrayna liderinin, Kiyevdə isə Rusiya liderinin yeri yoxdur.

Ənənəvi olaraq müharibə və sülh məsələlərini həll etmək üçün liderləri qəbul edən ölkələr var. İsveçrə, Türkiyə və ərəb dövlətləri - bir çoxları belə bir görüşə ev sahibliyi edə bilər və etmək istəyirlər.

Əsas məsələlərə qərar verənlər liderlərdir - bu, həmişə olub və həmişə də belə olacaq.

Görüş üçün konkret bir tarix təyin etməyi təklif edirəm.

Alyaskada sizə Ukrayna və Avropa ilə bağlı müəyyən məsələlərin həll olunacağına söz verildiyini eşitdik. Amma görürsünüz ki, Ukrayna və Avropa məsələləri Ankoricdə həll olunmur…

Müharibə Avropada getdiyi üçün Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var və siz də özünüz üçün təhlükəsizlik zəmanətləri istəyirsiniz, həqiqətən də zəmanətçi kimi çıxış edə bilənlərin (görüşlərdə)iştirakı məntiqli görünür. Biz inanırıq ki, Avropanın vəziyyətə təsir göstərə bilən ölkələrin iştirakı vacibdir.

Biz inanırıq ki, ABŞ da prosesə cəlb olunmalıdır və məhz bu, dünyanın bizim hissəmizdə yeni təhlükəsizlik arxitekturasının konfiqurasiyasını formalaşdıra bilər”.

“Ukrayna ilə Rusiyanı əbədi ayırmısınız”

Zelenski yazıb ki, Minsk razılaşmaları format işə yaramır, vasitəçilərin gəliş-gedişi isə mənasız vaxt itkisidir. Onun fikrincə, hər şey öncə iki tərəf arasında müzakirə və həll edilməlidir, qərarları da iki tərəf verməlidir: “Müharibənizlə Ukraynanı və Rusiyanı əbədi olaraq ayırmısınız. Bu gün cəbhə xətti diplomatiyanın başlamalı olduğu xəttdir. Ukrayna danışıqlar dövründə tam atəşkəsə hazırdır. Bu, İran ətrafındakı mövcud vəziyyətlə təsdiqlənən standart təcrübədir. Əsl atəşkəs yaratmaq cəhdi bir-birimizlə danışmaq üçün ən yaxşı başlanğıcdır. İnanırıq ki, bu, sadəcə bir cəhd deyil, istəsəniz, əsl atəşkəs olacaq.

Bilirsiniz ki, ABŞ təmas xətti boyunca atəşkəsə nəzarəti təmin edə bilər.

Ukrayna "hamının hamıya" prinsipi ilə hərbi əsirləri dəyişdirməyə hazırdır və bu, müharibənin bitməsi üçün yaxşı bir müqəddimə ola bilər.

Müharibə zamanı oğurlanmış mülki şəxsləri və uşaqların geri qaytarılması üçün ciddi addımlar atılmalıdır.

Ukraynalıların və rusların nəsillərinin gələcəyinin necə olacağını müəyyən etmək lazımdır. Şəxsən bu müharibəyə son qoymağın vaxtı çatdığı qənaətinə gəlməsəniz, Ukrayna öz varlığı uğrunda mübarizə aparmağa davam edəcək. Bizi dəstəkləyəcək insanlarımız olacaq.

“Tarixən Rusiya yorulanda dəyişiklik baş verir”

Amma siz də öz varlığınız üçün - Rusiyanın yox, öz varlığınız üçün daha çox mübarizə aparmalı olacaqsınız. Və bu, nə məndən, nə də Ukraynadan gələn təhdid deyil. Bunlar Rusiya tarixinin yaxşı bildiyiniz faktlarıdır: Rusiya yorulduqda dəyişiklik baş verir. Biz(Ukrayna-red.) bu yorğunluğa nail olmaq üçün çalışa bilərik.

Siz müharibənizi dayandıra bilərsiniz.

Bu müharibədə həyatını itirən hər kəsin əbədi xatirəsi üçün.

Ukraynaya eşq olsun!”.

Zelenskinin bu məktubuna artıq Kremldən cavab gəlib. Putinin mətbuat katibi Dmitri Peskov tərəfindən verilən cavab Kremlin hələ də özündən razı, məsuliyyətsiz və qeyri-ciddi yanaşmasını göstərir. İnsan həyatının heç bir dəyər daşımadığı Ruisya rəhbərliyi itkilərə məhəl qoymadan Ukraynaya qarşı absurd tələblərini təkrarlayıb və növbəti dəfə danışıqalr üçün Zelenskini Moskvaya dəvət edib. Bilə-bilə ki, bu, mümkün deyil…

Peskov jurnalistlərin Zelenskinin məktubu ilə bağlı sualına cavab verərkən deyib ki, guya Putin hələ məktubla tanış olmayıb, amma bu barədə ona məlumat veriləcək: "Bəli, biz onu gördük. Prezident hələ onu oxumağa vaxt tapmayıb. Mən oxumuşam… Zelenski istənilən vaxt Moskvaya gələ bilər. Prezident Putin bildirib ki, əgər Zelenski danışmaq istəyirsə, Moskvaya gəlib bunu edə bilər".

Göründüyü kimi, Kremlin zehniyyətində dəyişən bir şey yoxdur. Reallıq hissini çoxdan itirmiş Rusiya rəhbərliyi vəziyyətin öz xeyrinə olduğu görüntüsü yaratmaqda və bunu saxlamaqda davam edir. Lakin Zelenskinin məktubda dediyi bir məqamı nəzərə almamaq olmur: “Tarixən Rusiya yorulduqda dəyişiklik baş verir”. Rusiyanın öz daxilindəki müharibədən yorğunluğu və narazılığı isə artıq hər kəs görür …

Cəlal Məmmədli

“AzPolitika.info”