İyunun 7-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi siyasi mənzərə kəskin şəkildə dəyişib. "Gallup"un son sorğu nəticələri Nikol Paşinyanın komandası üçün ciddi siqnal xəbərdarlığıdır.
"AzPolitika" xəbər verir ki, bu barədə "Gallup Beynəlxalq Assosiasiyası"nın Ermənistan ofisinin rəhbəri Aram Navasardyan iyunun 5-də keçirdiyi mətbuat konfransında məlumat verib.
2-3 iyun tarixlərində aparılan operativ sorğunun nəticələrinə əsasən, seçicilərin siyasi üstünlükləri aşağıdakı kimidir:
"Vətəndaş Müqaviləsi" (Nikol Paşinyan) - 32,4%
"Güclü Ermənistan" bloku - 16,4%
"Ermənistan" bloku (Robert Koçaryan) - 15,2%
"Çiçəklənən Ermənistan" partiyası (Qaqik Tsarukyan) - 8,8%
"Birlik Qanadları" - 6,2%
Sorğu rəqəmlərinin ən diqqətçəkən tərəfi parlamentə daxil olmaq üçün tələb olunan baryeri aşan müxalif qüvvələrin ümumi çəkisidir. Belə ki, seçki xəttini keçən 4 əsas müxalifət partiyası və bloku birlikdə səslərin 46,6%-ni toplayır. Bu isə hakim partiyanın göstəricisindən (32,4%) xeyli yüksəkdir və Paşinyanın təkbaşına hökumət qurmaq şansını ciddi şəkildə sual altına qoyur.
Baryeri aşa bilməyən digər siyasi qüvvələrin reytinqi isə belə qruplaşıb:
"Demokratiya, Hüquq və İntizam" Partiyası - 3,2%
"Parlaq Ermənistan" Partiyası - 3,1%
"Yeni Qüvvə" - 2,1%
"Respublika" - 1,5%
"Erməni Milli Konqresi" (Levon Ter-Petrosyan) - 0,3%
Digər kiçik partiyalar (RDMA, "Milli Dirçəliş", XDP, MDQ) - 0,1% - 0,2% arası
Sorğuda iştirak edənlərin 2%-i "Hamıya qarşı" səs verəcəyini bildirib. Respondentlərin 4,2%-i suala cavab verməkdən imtina edib, 3,4%-i isə hələ də qərarsız olduğunu vurğulayıb.
Ekspertlərin fikrincə, seçkiyə cəmi iki gün qalmış qeydə alınan bu mənzərə Ermənistanda koalisiya hökumətinin qurulması ehtimalını və ya seçkidən sonra yeni siyasi böhranın dalğasını qaçılmaz edir.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər