Rusiya-Ukrayna müharibəsinin başladığı gündən bəri Ukrayna cəbhəsində həlak olan Rusiya hərbçilərinin sayı ilə bağlı növbəti rəsmi təsdiqlənmiş statistika açıqlanıb. İyunun 5-nə olan məlumata görə, müharibədə 225 019 rusiyalı hərbi qulluqçunun ölümü faktlarla sübuta yetirilib.
"AzPolitika" xəbər verir ki, bu rəqəmlər BBC-nin Rusiya xidməti və "Mediazona" nəşrinin könüllülər komandası ilə birgə apardığı müntəzəm araşdırmada yer alıb.
Jurnalistlər və ekspertlər qrupu bu siyahını nekroloqların, qəbiristanlıqlardan və hərbi memoriallardan çəkilmiş fotoşəkillərin, həmçinin açıq dövlət reyestrlərinin məlumatlarının analizi əsasında formalaşdırıblar. Qeyd olunur ki, faktiki itkilərin real sayı bu rəqəmdən qat-qat çox ola bilər.
Araşdırma Rusiya ordusunun müharibə dövründə keçdiyi mərhələləri və hansı qrupların daha çox tələfat verdiyini də ortaya qoyub:
Tədqiqatçılar xatırladır ki, müharibənin ilk mərhələsində ən böyük itkilər Hava-Desant Qoşunlarının (VDV) xüsusi bölmələrinin və motorlu atıcı qoşunların payına düşüb. 2022-ci ilin yayından payızın ortalarına qədər isə əsas hərbi yükü könüllülər daşıyıb.
2022-ci ilin sonu və 2023-cü ilin əvvəllərində mənzərə kökündən dəyişib. Bu dövrdə "Vaqner" Xüsusi Hərbi Şirkətinə cəlb edilmiş məhbuslar (məhkumlar) arasında ölüm halları kəskin şəkildə artıb. Baxmut uğrunda gedən qanlı döyüşlərdə ön cəbhəyə məhz bu qruplar sürülüb. 2023-cü ilin martında məhbuslar Rusiya tərəfinin itkilərində ən böyük kateqoriyaya çevrilib. Baxmut kampaniyası bitdikdən sonra məhbuslardan bu miqyasda istifadə halları qeydə alınmayıb.
Məhkumların orduya çağırılmasının kəskin azalması, yeni səfərbərliyin elan olunmaması fonunda kontrakt və könüllü axını davam edib. Nəticədə, 2024-cü ilin sentyabr ayından etibarən həlak olanlar arasında yenidən ən çox sayda qruplaşma könüllülər olub.
İyunun 5-nə olan son statistikaya görə, Rusiya ordusu və digər güc strukturlarının 7200-dən çox zabiti cəbhədə məhv edilib. Bununla belə, "Mediazona" qeyd edir ki, ümumi itkilər fonunda zabitlərin faiz nisbəti zamanla aşağı düşür. Belə ki, müharibənin əvvəlində: Döyüşlərdə əsasən peşəkar kontrakt ordusu iştirak etdiyindən, öldürülənlərin 10%-ni məhz zabit heyəti təşkil edirdi. 2024-cü ilin sonuna doğru bu göstərici 2-3%-ə qədər geriləyib.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər