Ermənistan İstintaq Komitəsi "Güclü Ermənistan"Partiyasından deputatlığa namizəd olan 6 şəxs barəsində həbs qərarının çıxarıldığını bəyan edib. Onlar külli miqdarda çirkli pulların yuyulması və seçicilərin qanunsuz şəkildə maddi şirnikləndirilməsi ittihamları ilə üz-üzədir.
"AzPolitika" xəbər verir ki, Ermənistan hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumata görə, cinayət işinin ilkin istintaqı çərçivəsində sözügedən müxalif siyasi qüvvənin 6 təmsilçisinə qarşı cinayət təqibi başlanılıb.
Şübhəli şəxslər Ermənistan Cinayət Məcəlləsinin 46-236-cı maddəsinin 2-ci hissəsi (ictimai toplaşların, mitinqlərin keçirilməsinə mane olma və ya iştirakçılara təzyiq göstərməkdə iştirakçılıq) və 296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusilə külli miqdarda çirkli pulların yuyulması) ilə ittiham olunurlar. İstintaq Komitəsi iş üzrə araşdırmaların intensiv şəkildə davam etdirildiyini bildirib.
Məlumata görə, həbs qərarlarından bir gün əvvəl Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi müraciət ünvanlayıb. Prokurorluq deputatlığa namizəd statusu daşıyan və toxunulmazlıq hüququ olan həmin 6 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi və azadlıqdan məhrum olunması üçün MSK-dan razılıq tələb edib. Seçki qurumu prokurorluğun vəsatətlərini təmin edib.
"AzPolitika.info"
***
Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi gərginlik pik həddə çatıb. Ölkənin Baş Prokurorluğu əsas müxalifət qüvvəsi olan "Güclü Ermənistan" blokunun 6 deputat namizədinin həbs olunması üçün hərəkətə keçib.
"AzPolitika" xəbər verir ki, Baş Prokurorluq sözügedən 6 nəfər barəsində cinayət təqibinin başlanması və onların azadlıqdan məhrum edilməsinə razılıq verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi müraciətlər ünvanlayıb.
Həbsi tələb edilən deputat namizədlərinin adları artıq bəllidir: Artur Abrahamyan, Aşot Sahakyan, Susan Badoyan, Vahe Yeqiazaryan, Hayk Avaqyan və Vahe Tavakalyan.
Hüquq-mühafizə orqanları hələlik məsələnin digər təfərrüatları və namizədlərin konkret hansı cinayət işi üzrə ittiham olunduqları barədə geniş məlumat vermirlər.
Xatırladaq ki, bir qədər əvvəl hakimiyyətyönümlü qüvvələr seçki rüşvəti iddialarını əsas gətirərək "Güclü Ermənistan" blokunun seçki qeydiyyatının tamamilə ləğv edilməsinə çalışsalar da, MSK bu müraciəti rədd etmişdi. Baş Prokurorluğun bu son addımı isə hakimiyyətin müxalifətə qarşı fərdi həbslər taktikasına keçdiyini göstərir.
"AzPolitika.info"

Şərhlər