Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin vacibliyi barədə verdiyi açıqlamadan bir neçə saat sonra Ukrayna dronları Sankt-Peterburqda və digər bölgələrdə bir neçə hədəfə zərbə endirib.
“AzPolitika” xəbər verir ki, mediada və sosial şəbəkələrdə yeni zərbələrin görüntüləri yayımlanıb.
“Asta”-nın məlumatına görə, ötən gecə PUA-lar Lomonosovdakı Dəniz İstilik Mühəndisliyi Tədqiqat İnstitutuna hücum edib. Bu İnstitutun əsas məhsulları torpedolar da daxil olmaqla, dəniz sualtı silahlarıdır.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov sakinlərdən evdə qalmağı xahiş edib və kütləvi hücumlar səbəbindən mobil internetin bloklandığını elan edib. Şəhərin rabitəsi səhər saat 3:40 radələrində kəsilib.
Peterqofda isə yüksələn tüstü görüntülərinə əsasən məlum olur ki, yerli neft anbarına (ümumi tutumu 8000 kubmetr olan 11 çən) dron hücumu olub.
Rusiyanın Baltik dənizindəki əsas dəniz bazalarından birinin yerləşdiyi Kronştadt da yenidən zərbələrə məruz qalıb. “Astra”-nın məlumatına görə, hədəf Kronştadt Dəniz Kadet Korpusu ola bilər. Bundan sonra hakimiyyət həmin hərbi məktəbə bitişik küçəni bağlayıb.
Vilayət qubernatoru Aleksandr Drozdenkonun verdiyi məlumata görə, gecə ərzində Leninqrad vilayəti üzərində 141 Ukrayna dronu vurulub. O, həmçinin Lujski, Volosovski və Lomonosovski rayonlarına "PUA qalıqları” düşdüyünü təsdiqləyib.
Ukrayna mediası Hərbi Dəniz Qüvvələrinin 7082-ci Texniki Mina və Torpedo Silahları Bazası olan 81263 saylı hərbi hissədə yanğın və partlayışlar barədə məlumat verib.
Bundan əlavə, Ukrayna monitorinq kanalları və yerli hakimiyyət orqanlarının məlumatına görə, Krasnodar diyarının Ust-Labinsk şəhərindəki Poltavskaya neft bazasına da ziyan dəyib və obyektdə böyük yanğın baş verib. Yanğın 5000 kvadrat metr ərazini əhatə etsə də, ilkin məlumatlara görə, itki yoxdur. Neft bazasında ümumi tutumu təxminən 15.000 kubmetr olan 28 çən var və onlarda Aİ-92 və Aİ-95 benzini, eləcə də dizel yanacağı saxlanılır.
Regional fövqəladə hallar qərargahı yaxınlıqdakı binaların 60 sakininin "təhlükəsiz məsafəyə" təxliyə edildiyini bildirib. Hakimiyyət orqanları bildirib ki, "binalarda pəncərələrin zədələnməsi qeydə alınıb, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da daxil olmaqla 167 nəfərlik heyət və 54 texnika cəlb olunub".
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində hava hücumundan müdafiə qüvvələri Belqorod, Bryansk, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Oryol, Pskov, Rostov, Ryazan, Smolensk, Tver və Tula vilayətlərində, eləcə də Moskva vilayətində, Krımda, Abxaziyada və Azov və Qara dəniz üzərində 376 Ukrayna qanadlı PUA-sını vurub.
Dünən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Putin demişdi ki, Ukrayna Silahlı Qüvvələrinin zərbələri səbəbindən Rusiya öz hava hücumundan müdafiə sistemini gücləndirməli və Rusiya Federasiyasının ərazisini qorumaq üçün mümkün olan hər şeyi etməlidir. O, həmçinin Volodimir Zelenskinin təkbətək görüş təklifinin yer aldığı məktubu rədd edərək, görüşə ehtiyac olmadığını demiş rusiyalı hərbçiləri döyüşkənliyə çağırmışdı.
C.Məmmədli
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) June 6, 2026

Şərhlər