Ermənistanda 1 aya yaxındır davam edən seçki marafonu başa çatdı. Rəsmi nəticələr artıq masadadır. Mərkəzi Seçki Komissiyası səslərin 100 faiz sayıldığını elan etdikdən sonra Baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası 49.81% səs toplayaraq marafonu birinci bitirdiyini elan etdi. Onun əsas rəqibləri - rusiyameyilli milyarder Samvel Karapetyanın bloku 23.29%, revanşist xəttin simvolu Robert Koçaryan isə 9.94% səs qazandı.

Bəli, Paşinyan mütləq çoxluğu (50%+1) təkbaşına keçə bilmədi, amma Ermənistanın seçki qanunvericiliyindəki bonus sistemi və kənarda qalan kiçik partiyaların səslərinin bölüşdürülməsi sayəsində onun təkbaşına hökumət qurmaq imkanı yüksəkdir.

Amma Azərbaycan üçün əsas məsələ İrəvandakı kreslo davası deyil. Bizim üçün əsas məsələ bu nəticələrin regiona, xüsusilə də Azərbaycana nə vəd etməsidir. Çünki səsvermə bitdi və artıq bəhanələr tükəndi!

Əsas mövzuya keçməzdən əvvəl, yaxın keçmişə - cəmi bir neçə gün əvvələ qayıdaq. Bakı Enerji Həftəsinin açılışında ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktub yəqin ki, hamının yadındadır. Tramp həmin məktubda regionun gələcək taleyi ilə bağlı çox açıq və strateji bir mesaj ünvanlamışdı. Ağ Ev rəhbəri bildirirdi ki, Ermənistandakı seçkilərdən sonra sülh danışıqlarının yenidən başlamasını səbirsizliklə gözləyir.

Bu, sadə bir təbrik və ya protokol məktubu deyildi. Bu, Vaşinqtonun da İrəvandakı seçki bəhanəsindən xəbərdar olduğunun və Paşinyanın artıq masaya qayıtmalı olduğunun açıq göstəricisi idi. İndi həmin seçki bitdi. Deməli, təkcə Bakı deyil, dünya gücləri də Paşinyandan konkret addımlar tələb edir.

Bakının Ermənistanın köhnə-yeni rəhbərliyindən ən birinci və təxirəsalınmaz tələbi Ermənistan ərazisində Qarabağla əlaqədar olan bütün separatçı ünsürlərin, tör-töküntülərin və qondarma "təsisatların" fəaliyyətinə rəsmən, həm də birdəfəlik son qoyulmasıdır.

İrəvan küçələrində hələ də özünü hansısa statusda təqdim etməyə çalışan, revanşistlərin əlində alətə çevrilən keçmiş qondarma rejimin "qalıqları" var. Paşinyan hakimiyyəti bu separatçı ocaqları, onların gizli maliyyə qaynaqlarını və siyasi manipulyasiya cəhdlərini tamamilə darmadağın etməlidir. Sülh istəyən bir dövlətin paytaxtında separatçı tör-töküntülərin ofisləri ola bilməz!

Problem təkcə Ermənistanın daxili ilə bitmir. Erməni diasporu və bəzi anti-Azərbaycan mərkəzlər dünyanın müxtəlif aparıcı ölkələrində keçmiş qondarma rejimin "təsisatlarını" və "nümayəndəliklərini" süni nəfəslə yaşatmağa çalışırlar. Bakının bu məsələdə mövqeyi kəskindir: İrəvan rəhbərliyi Rusiya, Fransa, ABŞ və digər ölkələrdə fəaliyyət göstərən həmin Qarabağ "təsisatları" və "nümayəndəlikləri"nin ləğv olunmasını təmin etməlidir. Ermənistan Xarici İşlər Nazirliyi bu uydurma strukturların beynəlxalq səviyyədə tamamilə qapadılması üçün rəsmi diplomatik addımlar atmalıdır. Bu nümayəndəliklərin qapısı açıq qaldıqca, Paşinyanın "sülh" bəyanatları səmimi görünməyəcək.

Paşinyan seçkiqabağı kampaniyada bu mövzuda sanki "bıçaq sümüyə dirənibmiş" kimi ehtiyatla davranırdı, müxalifətin təzyiqindən qorxurdu. Amma buyursun, artıq səsvermə geridə qaldı, xalqdan şərti də olsa mandatını aldı. İndi bəhanə vaxtı deyil, hərəkət vaxtıdır.

Ermənistanda qısa müddətdə referendum keçirilməli və yeni Konstitusiya qəbul edilməlidir. Müstəqillik Bəyannaməsinə istinad edən və Azərbaycana qarşı açıq ərazi iddialarını ehtiva edən o bədnam bəndlər əsas qanundan silinməlidir. Əks təqdirdə, imzalanacaq hər hansı bir sənəd sadəcə kağız parçasından ibarət olacaq. Bakı isə yarımçıq sülhdə maraqlı deyil.

Bütün bu addımların məntiqi və yekun nöqtəsi olaraq, tərəflər arasında beynəlxalq hüququn prinsiplərinə uyğun, bir-birinin ərazi bütövlüyünü tam və qeyd-şərtsiz tanıyan yekun sülh müqaviləsi bağlanmalıdır.

İrəvandakı seçki mənzərəsi göstərdi ki, erməni cəmiyyəti Karapetyanın (23.29%) təmsil etdiyi tam rusiyameyilli xəttə və ya Koçaryanın (9.94%) revanşist qruplaşmasına ölkəni təslim etmək istəmədi, yəni köhnə bataqlığa qayıtmaqdan imtina etdi. Amma Paşinyana verilən səs də ağ vərəq deyil, şərti bir şansdır.

İndi top tamamilə Paşinyanın meydanındadır. Donald Trampın məktubunda incə şəkildə işarə etdiyi o "seçkidən sonrakı dövr" artıq başladı. Paşinyan ya Bakının bu 4 qəti və legitim şərtini yerinə yetirib ölkəsini logistik və iqtisadi xidmətlərlə xilas edəcək, ya da qorxaq və destruktiv mövqeyinə davam edib Ermənistanı növbəti fəlakətin ağuşuna atacaq. Bakının səbri isə sonsuz deyil...

E.Rüstəmli

“AzPolitika.info”