ABŞ-nin nüfuzlu nəşrlərindən olan The New York Times (NYT) Türkiyənin son illərdə beynəlxalq siyasətdə artan rolunu təhlil edən geniş məqalə dərc edib.

"AzPolitika" sözügedən məqalənin maraqlı hissələrinin tərüməsini oxuculara təqdim edir:

Nəşr hesab edir ki, Ankara artıq təkcə regional güc deyil, qlobal siyasətdə təsir imkanlarını artıran mühüm aktora çevrilib.

Məqalədə bildirilir ki, Türkiyə son illərdə həyata keçirdiyi xarici siyasət nəticəsində beynəlxalq arenada çoxşaxəli oyunçu statusu qazanıb. Nəşrin qiymətləndirməsinə görə, Ankara artıq Vladimir Putin qarşısında əvvəlki kimi balans siyasəti yürütmür, əksinə, öz milli maraqlarını daha sərbəst şəkildə irəli sürür.

Məqalədə qeyd olunur ki, on il əvvəl Suriyada yaranmış geosiyasi şərait Türkiyə ilə Rusiya arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olmuşdu. Lakin Ukrayna müharibəsindən sonra vəziyyət dəyişib. Qərb tərəfindən təcrid olunan Putin, sanksiyalara qoşulmayan və müstəqil siyasət yürüdən Ərdoğana getdikcə daha çox ehtiyac duymağa başlayıb.

"NYT" yazır ki, Türkiyə qlobal ticarət marşrutlarının, böyük investisiya layihələrinin və enerji axınlarının əsas mərkəzlərindən birinə çevrilib. Bu isə Ankaranın diplomatik mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Nəşrin ifadəsinə görə, Ankara artıq masada daha böyük kartlara sahibdir və bunu dünyaya göstərir.

Məqalədə Suriyadakı son proseslərə xüsusi diqqət ayrılır. Bildirilir ki, 2024-cü ilin sonlarında Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra Moskva bölgədə ciddi geriləmə ilə üzləşib. Ukrayna müharibəsinə fokuslanan Rusiya Suriyadakı yeni vəziyyətə təsir göstərməkdə çətinlik çəkib. Müəllif yazır ki, Moskva illərlə qarşısında dayandığı qüvvələrlə anlaşma yolları axtarmağa məcbur olub. Türkiyə isə əvvəldən dəstəklədiyi qüvvələr sayəsində Suriyada yeni dövrün əsas oyunçularından birinə çevrilib. Məqalədə hətta "Suriyada yeni hakimiyyət Türkiyənin əlindədir" ifadəsinə yer verilir.


"NYT" həmçinin Türkiyənin NATO daxilindəki rolunun gücləndiyini vurğulayır. Təhlildə qeyd olunur ki, Ankara əldə etdiyi regional təsiri Qərb ittifaqı daxilində mövqeyini möhkəmləndirmək üçün istifadə edir. Bununla yanaşı, Türkiyə Ukraynanın Yaxın Şərqdə yeni əlaqələr qurmasına da imkan yaradan ölkələrdən biri kimi təqdim olunur.

Məqalədə Türkiyə müdafiə sənayesinin yüksəlişinə də geniş yer ayrılır. Bildirilir ki, pilotsuz uçuş aparatları, müdafiə texnologiyaları və kibertəhlükəsizlik sahəsində əldə olunan uğurlar Ankaranın hərbi və siyasi təsirini artırıb. Hətta Suriya ordusunun gələcəkdə Türk müdafiə sənayesinin standartlarına uyğun şəkildə yenidən qurulmasının müzakirə olunduğu qeyd edilir.

Məqalənin ən diqqətçəkən hissələrindən biri isə Ankara-Moskva münasibətlərinə dair qiymətləndirmədir. Məqalədə deyilir ki, Türkiyə artıq Rusiya ilə NATO arasında sıxışıb qalan balans siyasəti yürütmür. Əksinə, "Ankara artıq öz maraqlarını Putinə diktə edir" və Rusiyanın bölgədə zəifləyən mövqeyi Türkiyəyə daha geniş hərəkət azadlığı qazandırır.

"NYT"-nin qənaətinə görə, son on ildə addım-addım həyata keçirilən strategiya nəticəsində Türkiyə regional gücdən daha böyük geosiyasi oyunçuya çevrilib. Məqalədə vurğulanır ki, Ankara artıq yalnız hadisələrə reaksiya verən deyil, regional və qlobal proseslərin istiqamətini müəyyənləşdirməyə çalışan ölkələrdən biridir.

"AzPolitika.info"