Rusiyanın ən böyük neft istehsalçısı olan və müharibə səbəbindən mənfəəti təxminən dörd dəfə azalan "Rosneft"in rəhbəri İqor Seçin Rusiya Mərkəzi Bankının pul siyasətini və yüksək kredit faizlərini tənqid edib.

“AzPolitika” xəbər verir ki, Rusiyanın ən varlı adamlarından biri sayılan Seçinin Rusiya mediasında dərc edilən fikirlərinə görə, Elvira Nabiullinanın başçılıq etdiyi Mərkəzi Bankın siyasəti və rublun məzənnəsi neft sənayesinə mane olur: "Mövcud faiz dərəcələri səviyyəsi borc xidməti xərclərinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır ki, bu da maliyyə sabitliyinə zərərlidir. Rublun məzənnəsinin müəyyən edilməsinin izaholunmaz mexanizmi ixracatçıların gəlirlərini və Rusiya büdcəsini azaldır... Bu məsələlərlə bağlı ağlabatan qərarlar iqtisadiyyatı dəstəkləyəcək və ölkəmizin çox ehtiyac duyduğu nəticələri tez bir zamanda verəcək".

Seçin Rusiyanın neft sənayesinin Yaxın Şərqdəki müharibə fonunda kəskin qiymət artımlarından, eləcə də "əhəmiyyətli əməliyyat risklərindən" əziyyət çəkməsindən şikayətlənib. Sonuncu, əsasən, Ukrayna Silahlı Qüvvələrinin “Rosneft”in neft terminallarına, neft emalı zavodlarına, tankerlərinə və nasos stansiyalarına hücumlarına aiddir. Seçin həmçinin vurğulayıb ki, bu “risklər”, yəni müharibə səbəbindən şirkət aktivlərin dəyərinin bir hissəsini ehtiyatda saxlamağa məcburdur ki, bu da maliyyə göstəricilərinin daha da pisləşməsinə səbəb ola bilər.

Bundan əlavə, 13 neft emalı zavodu olan "Rosneft"in rəhbərinin sözlərinə görə, neft istehsalçıları rəsmi inflyasiyanı üstələyən təbii inhisarlar üçün tarif artımlarından əziyyət çəkirlər ki, bu da inflyasiya risklərini artırır və real iqtisadiyyatın inkişafına mane olur. Seçin bu amilləri "əlverişsiz makroiqtisadi şərait"lə əlaqələndirib və onun fikrincə, bu amillər "xarici məhdudiyyətlər" üzərində qurulub.

O, həmçinin Rusiya Elmlər Akademiyasının hesablamalarına istinad edib və həmin hesablamalara görə, 2025-ci ildə rublun həddindən artıq möhkəm olması federal büdcəyə 2 trilyon rubl itkiyə başa gəlib.

2026-cı ildə də rubl dollara qarşı möhkəmlənir və hazırda 1 dollar təxminən 74 rubladır. “Sberbank”-ın baş direktoru Herman Qref isə ilin sonuna qədər dolların 84-85 rubla qədər bahalaşacağını proqnozlaşdırır.

Daha əvvəl Maliyyə Nazirliyi və Mərkəzi Bank rublun möhkəmlənməsini yavaşlatmaq və Milli Rifah Fondunu doldurmaq üçün xarici valyuta alışlarını kəskin şəkildə artıracaqlarını açıqlamışdılar.

“AzPolitika.info”