Rusiya Ermənistana münasibətdə siyasətini Ermənistan rəhbərliyinin atdığı real addımlar əsasında formalaşdırmaq niyyətindədir.

"AzPolitika" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyətində Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi və Avrasiya İqtisadi İttifaqının bir hissəsi olaraq qalması ilə bağlı açıq bir tələb var.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü parlament seçkilərinin müxalifətə təzyiq və Qərbin müdaxiləsi şəraitində keçdiyini, Ermənistan cəmiyyətinin həddindən artıq qütbləşməsini açıq şəkildə nümayiş etdirdiyini də vurğulayıb.

“Bütün bunlar İrəvan tərəfindən demokratik prinsiplərin və azad seçkilərin keçirilməsi prosedurlarının kobud şəkildə pozulmasıdır”, - deyə Zaxarova qeyd edib.

Rusiya XİN nümayəndəsi vurğulayıb ki, təqiblər yalnız Ermənistanın Rusiya ilə müttəfiqliyinin möhkəmləndirilməsini, ölkənin Avrasiya inteqrasiyasında iştirakının davam etdirilməsini və “Avropa İttifaqına üz tutan çıxılmaz kursdan” imtina edilməsini müdafiə edən siyasi qüvvələrə qarşı yönəlib.